Paşinyan Qarabağda sülh istəyir? Layihə

Paşinyan Qarabağda sülh istəyir?

ABŞ-ın Cənubi Qafqaza və onun problemlərinə daha çox diqqət ayırması Donald Tramp administrasiyası siyasətinin əsas istiqamətlərindəndir. Dağlıq Qarabağ münaqişəsilə bağlı fəallıq və İrana tətbiq olunan sanksiyalar da bu qəbildən olan işlərdir.

WorldMedia TasnimNews-a istinadən yazır ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Manatsakanyan iyunun 19-20-də Vaşinqtonda Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüblər. Hər iki nazirin sözlərinə görə, Boltonla danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə edilib. Görüş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu tərəfindən təşkil edilmiş sammiti çərçivəsində baş tutub.

Bu, 2009-cu ildən bu yana ABŞ-da baş tutmuş ilk anoloji danışıqlardır. Danışıqlarda Con Boltonun şəxsən iştirak etməsi isə ABŞ-ın Cənubi Qafqaza marağının artığını təsdiqləyir.
Ağ Evin Cənubi Qafqaza diqqəti artırması əlbəttə ki, Rusiya ilə ABŞ arasında yaşanan son proseslərdən qaynaqlanır. Məsələn, bu yaxınlarda məhz Vaşinqtonla Moskva arasında əməkdaşlıq sayəsində Moldovada siyasi böhran aradan qaldırılıb. Bu mənada, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsilə bağlı da oxşar koordinasiyanın reallaşa biləcəyinə ümid yaranıb.
Artıq qeyd edildiyi kimi, Cənubi Qafqaza və onun problemlərinə diqqətin artırılması Donald Tramp hökuməti üçün prioritetlər sırasındadır. Bu siyasət xüsusilə Con Boltonun Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstana 2018-ci ilin oktyabrında etdiyi səfər, daha sonra Moskvaya baş çəkməsi, Rusiya prezidenti Vladimir Putinlə görüşməsilə ortaya qoyulub.

Yeri gəlmişkən, bu, 1997-ci ildən bu yana ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin Ermənistana ilk səfəri idi. Bolton Yerevanda ölkənin baş naziri postuna yeni seçilmiş Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli addımlar atmağa çağırmışdı. Bolton demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də ABŞ-ın maraqları baxımından vacibdir.
Onun bu bəyanatı Ermənistan daxilində hökumətə təzyiqləri artırmış, nəticədə Paşinyan Boltonla görüşdən bir müddət sonra keçirdiyi mətbuat konfransında bu sözləri demişdi: “Mənim yerimə nə o, nə də başqası qərar verə bilər. Onlar azərbaycanlıların Qarabağla bağlı mülkiyyət hüququna inanır və bunu mənə fikrimi öyrənmədən sırımağa çalışırlar”.

Bolton bu səfəri zamanı Ermənistanı ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qoşulmağa da çağırmışdı. Paşinyan buna belə münasibət bildirmişdi: “Boltona dedim ki, Ermənistan özü mühasirədə qalmış ölkədir və biz iki qonşumuz – Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrə malik deyilik. Odur ki, digər iki qonşumuz olan İran və Gürcüstanla yaxşı əlaqələr qurmaqdan başqa yolumuz yoxdur. Çünki bu, Ermənistanın dünyaya çıxışını təmin edən yeganə yoludur”.
Bu arada onu da qeyd edək ki, Con Bolton, Elmar Məmmədyarov və Zöhrab Manatsakanyan arasında baş tutmuş görüş, eləcə də Məmmədyarovla Manatsakanın Minsk qrupunun həmsədrlərilə birgə apardıqları danışıqlar Ermənistanla Azərbaycan arasındakı ziddiyyətlərin həlli baxımından heç bir nəticə verməyib. Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin 3 saatlıq görüşdən sonra verdikləri birgə bəyanat yeni və ümidverici heç nə ilə fərqlənməyib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da təsdiqləyib. O, jurnalistlərə erməni həmkarı ilə görüşdən sonra verdiyi açıqlamasında Bakı ilə Yerevan arasında ciddi fikir ayrılıqlarının olduğunu söyləyib.

ABŞ-ın Cənubi Qafqaza təsirini genişləndirmək istəyinin daha bir səbəbi İranla yaşanmaqda olan ziddiyətdir. Vaşinqton İranla qonşu ölkələrin, xüsusilə Azərbaycanla Ermənistanın ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmasına dəfələrlə cəhd edib. Bu məsələ guman ki, Con Boltonun Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə Vaşinqtonda keçirdiyi görüşdə də müzakirə olunub. Hər halda, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans belə düşünür. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi Bolton üçün o qədər də əhəmiyyət daşımır və onun əsas hədəfi İrandır.

Beləliklə, Tramp hökumətinin İrana təzyiqləri Azərbaycan və Ermənistan tərəfindən dəstəklənmir. Bununla yanaşı, regional sabitlik, terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq və ya enerji təhlükəsizliyi kimi məsələlər ABŞ-ın Cənubi Qafqaz ölkələrilə əməkdaşlığını gücləndirə biləcək məsələlərdir. Əlbəttə ki, Vaşinqtonun bu ölkələrlə münasibətləri genişlənməkdə maraqlı olması Bakı, Yerevan və Tbilisi tərəfindən alqışlanacaq. Amma söhbət konkret olaraq, bitmək bilməyən Dağlıq Qarabağ böhranından gedirsə, problemin həllinə hələ ki, Vaşinqtonun birbaşa müdaxiləsi də kömək etmir.
TasnimNews yazır ki, Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1992-ci ildə o, hərbi toqquşmalara çevrilib. Müharibə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən işğal olunub. 1994-cü ilin mayında münaqişə tərəfləri arasında atəşkəs sazişi imzalanıb. O vaxtdan ATƏT-in Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupunun vasitəçiliyilə aparılan sülh danışıqları bu günədək heç bir nəticə verməyib.

Politoloq Mübariz Əhmədoğlunun fikrincə, ermənistanın İrana qarşı ABŞ-ın apardığı kampaniyaya qoşulmaq cəhdləri davam edir, genişlənir.
O qeyd edib ki, indi artıq bu məsələyə ABŞ-dakı erməni təşkilatları və bəzi ermənipərəst konqresmenlərdə qoşulub: “Bu və ya digər formada Dağlıq Qarabağa yardımın artırılması barədə indiki cəhdlərin eləcə də Xankəndi aeroportu məsələsinin müxtəlif variantlarda aktuallaşmasının əsas mahiyyəti Dağlıq Qarabağın İrana qarşı imkanlarını təqdim etməkdir. ABŞ mütəxəssislərinin mülki təyyarədə İranın qonşuluğuna- Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi erməni separatçıları üçün ən böyük hədiyyədir. Həm də Ermənistanın özünün digər imkanlarını təqdim edir. İki məsələni xüsusi qabardırıq:
I. Belə vəziyyət Ermənistan üçün birinci deyil. Suriya kampaniyasının qızğın dövründə rusiyadalı siyasi texnoloqlar Xankəndi aeroportundan Suriyadakı hərbi əməliyyatlarda istifadə etmək məsələsini gündəliyə gətirdilər. “Reqnum” İA -nın sahibi M. Kolerov B.Saakyanın Moskvaya səfərini təşkil etdi. Moskvadakı mətbuat konfransının leytmotivi Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına Dağlıq Qarabağın yardım edəcəyi üzərində idi.
II. Ermənilər hazırda da İrana qarşı ABŞ-ın planlarına qoşulmaq cəhdlərini ğzlərinə xas metodla uğurla reallaşdırırlar; Ermənistanın Xİ naziri Z.Mnasakanyan Ermənistan və İranın bir-birini uzun müddət olaraq tanıdıqlarını və iki xalq arasındakı münasibətlərin qədimliyinin hər şeyi müəyyənləşdirdiyini bildirdi.
İranpərəst ekspertlər yenidən İran-Ermənistan münasibətləri ilə bağlı optimist şərhlərini davam etdirdilər. Ermənistan hakimiyyətini İranla münasibətləri normallaşdırmaq istiqamətində proqramının olmamasında qınadılar. İranşünas Qoar İskəndəryan ABŞ-İran müharibəsini Ermənistan üçün faciə adlandırdı. Görünür, ABŞ-dan real cavab aldıqdan sonra bu məsələni açıq şəkildə ortalığa qoyacaqlar”.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib isə deyib ki, Paşinyan Qarabağda sülh istəyir, lakin daxili siyasətdə vəziyyət ona bu istiqamətdə konkret addımlar atmağa imkan vermir.

Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla razılaşmağa qorxur.
“Çünki hesab edir ki, ərazilərin qaytarılması ölkədə ona qarşı sui-qəsd və çevrilişlə nəticələnəcək. Ermənistanda artıq belə presedent var. 1999-cu ildə Qarabağ məsələsinə görə parlament güllələnmişdi. Bu vəziyyət münaqişənin nizama salınması ilə bağlı danışıqlar prosesini tormozlayır. Bu fonda əsirlərin mübadiləsini ən yaxşı halda sülh simvolu hesab etmək olar. Lakin bu o demək deyil ki, tərəflər bundan sonra daha tez-tez görüşəcək və nizamasalma ilə bağlı hansısa sənədi imzalamağa başlayacaqlar. Sadəcə olaraq, bu addım yaxın vaxtlarda danışıqlar prosesində yeni təmaslara maksimal imkan yarada bilər. Mübadilə pozitiv atmosfer yaradır. Lakin yenə də vurğulayıram ki, bu, danışıqlar prosesində konkret sənədlər üzrə razılaşmaya səbəb olmayacaq”, - Markov hesab edir.

Almaniyalı politoloq Uve Halbax isə qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə görüşlərinin gündəmini başa düşmək problemi mövcuddur.

Halbaxın sözlərinə görə, əsirlərin dəyişdirilməsini təşkil etmək məsələsində münaqişə tərəflərinin razılaşması müsbət haldır.

"Əsirlərin dəyişdirilməsi danışıqlar masası ətrafında müsbət atmosferin formalaşdırılmasına töhfə verəcək. Göründüyü kimi, son görüşlərdə bu təşəbbüslər müzakirə edilib və dəyişdirilmə bunun sayəsində mümkün olub. Lakin bununla yanaşı cəbhə xəttində yeni qurbanlar qeydə alınıb. Bu həyəcanverici haldır və ilk növbədə tərəflərin hazırkı prosesdə qarşılıqlı anlaşmaya malik olmadıqlarını göstərir. Əgər bu olmasaydı, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət pisləşməyəcək, qurbanlar olmayacaqdı. Cəbhə xəttində elə bir vəziyyət yaradılmalıdır ki, tərəflər təmas xəttində bir-birinə əlavə mexanizmlər tətbiq edə bilməsin", - deyə almaniyalı politoloq bildirib.

Cavid