Cəlil Məmmədquluzadənin məslək dostu Layihə

Cəlil Məmmədquluzadənin məslək dostu

Əliqulu Qəmküsar satirik şeirləri, felyetonları ilə avamlığı, fanatizmi, ictimai zülm və ədalətsizliyi ifşa edirdi

"Molla Nəsrəddin" jurnalının nəşri və mübarizəsi tarixində Əliqulu Qəmküsarın rolu xüsusilə böyükdür. 1906-cı ilin aprel ayında "Molla Nəsrəddin" satirik jurnalının nəşrə başlaması onun həyatında yeni səhifə açır və jurnal onun dünyagörüşündə ciddi dönüş yaradır. Bu dövrdə Qəmküsar "İrşad" (1905-1907), "Tərəqqi"(1908-1909), "Zənbur"(1909-1910), "Şəhabi-saqib"(1911) və s. dövri mətbuatda çıxış etməyə başlayır.
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı il mayın 24-də Naxçıvanda anadan olub. O, 1909-cu ildə "Molla Nəsrəddin" jurnalının 33-cü nömrəsində nəşr etdirdiyi "Çirk" adlı felyetonunda 1908-ci ildə Naxçıvanda kütləvi yayılan qızdırma xəstəliyindən və ona qarşı aparılan müalicədən yazır. Burada Qəmküsarı düşündürən birinci məsələ zamanı üçün səhiyyənin müəyyən qədər inkişaf etdiyi bir dönəmdə "Naxçıvandakı bəndələrin" qəribə "türkəçarələridir". Bunu, sözün əsl mənasında, bir çarəsizlik kimi də qiymətləndirmək olar. Sözügedən "xəstə"likdən yüzlərlə insan dünyasını dəyişib. Ancaq sakinlərin "yeganə ümid" hesab etdikləri "doktor" - "şəhərimizin vaizi molla Zülənam cənabları vəz əsnasında tərləyib və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa verdi. Belə ki, şəhərimizin hamı müsəlman övrətləri balaca şüşə götürüb Axundgildən pul ilə o mücərrəb davadan alıb hansı bir qızdırmalının canına və hansı boğazı gəlmişin boğazına sürtdülərsə, filfövr şəfa tapıb, canları bidin və laməzhəb rus həkimlərinin əlindən qurtardı. Əlhəmdülillah, bu il şəhərimizdə bir nəfər də qızdırmalı və naxoş tapılmır".
1911-ci ilin sonlarında "Molla Nəsrəddin" jurnalı maddi cəhətdən böhran keçirərkən Ə.Qəmküsar qardaşını Tiflisə göndərərək Mirzə Cəlilə öz köməyini təklif edir. Lakin bu iş baş tutmadığından jurnal bağlanır. 1912-ci ilin sonlarında Mirzə Cəlil Kəhrizdən Tiflisə qayıdandan sonra Qəmküsarı da Tiflisə dəvət edərək ona redaktorluğu təklif edir.
Beləliklə, Əliqulu bəy Naxçıvandan Tiflisə köçür. Şairin qızı Qəmər xanım yazır: "Mirzə Cəlil bizi çox mehribanlıqla qarşıladı. Elə həmin gün Mirzə Cəlil atamla razılığa gəldilər ki, "Molla Nəsrəddin" jurnalının yenidən nəşrinə başlasınlar. Ancaq bir şərtlə: jurnal iki redaktorun imzası ilə çap olunsun; Mirzə Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfov". Jurnalda Qəmküsarın adı 1913-cü ilin 6-cı nömrəsində yazılır.
Əliqulu Qəmküsar həyatla vidalaşanda yeganə yadigarı olan qızı Qəmər xanımın 11-12 yaşı olub. O, "Kiçik pəncərədən görünən dünya" xatirələr kitabında Əliqulu bəyin cəsarətlə mübarizəsini təsvir edir, 1913-cü ildən jurnalın ikinci redaktoru və naşiri kimi necə böyük qüvvə ilə işlədiyini xatırlayır. Əliqulu Qəmküsarın az vaxtda iki dəfə həbs olunması, Metex qalasına salınması onu yolundan döndərə bilmir. Qəmər xanım öz yaddaşını vərəqləyərək, Qəmküsarın Culfada, Naxçıvan və Tiflisdə yaşadığı illərin ab-havası, bu ailənin dostları və tanışları - Azərbaycan ziyalılarının böyük bir nəsli ilə bizi tanış edir. Vurğunu olduğu və zəhmətini yarı böldüyü Mirzə Cəlil, gur və qıvrım saçlarına görə ailədə "Britaniya şiri" adlandırdıqları Əbdürrəhim bəy, Ağa Zeynal Məmmədov Gəncəvi, Ömər Faiq, Eynalı bəy, Nəriman, Üzeyir, Cavid, Əli Səbri, Bəhruz və başqaları - dövrün tanınmış şair, jurnalist, bəstəkar və rəssamları bu ailənin yaxın dostlarıdır. Bunların hər biri haqqında Qəmər xanım belə yazır: "O illər atam Ömər Faiq ilə çox yaxın idi: demək olar ki, hər axşam stolun üstünə buğlana-buğlana qoyulan samovarın ətrafında Faiq əfəndinin xüsusi yeri vardı"-
Əliqulu bəy mətbuatda "Xadimi-millət", "Otaylı", "Simurğ", "Cüvəllağı" , "Qəmbərqulu", "Sarsaqqulu bəy", "Ləndahur", və s. gizli imzalarla da çıxış edib.
1916-cı ilin mayında "Molla Nəsrəddin" jurnalının nəşri müvəqqəti olaraq dayandırıldıqda, Qəmküsar Mirzə Cəlillə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tiflisdə çıxan "Al bayraq", sonra "Gələcək" qəzetlərində şeir və felyetonlar çap etdirir.
Əbdürrəhim bəy Haqverdiyev yazırdı: "Qəmküsar gözəl natiq, şirinzəban, dərin fikirli, geniş məlumat sahibi və insanı təəccübə gətirən hafizəli bir vücud idi". Qəmər xanımın yazdıqlarından aydın olur ki, Qəmküsar bir çox şairlərin, o cümlədən Sədinin, Hafizin yaradıcılığını əzbər bilirmiş. Böyük aktyorlar nəslinin yetişmədiyi, tək-tək parlaq ulduzların vərəmlədiyi bir dövrdə Qəmküsar kimi ziyalılar şairlik, jurnalistlik fəaliyyəti ilə yanaşı, ictimai eybəcərliklərin ifşası üçün bir aktyor kimi də qrimlənməli olurdular. Qəmküsar Şeyx Nəsrullah rolunu böyük məharət və ustalıqla yaradırmış. Hələ "Ölülər"də baş rolda çıxış etməzdən çox-çox əvvəl ailədə, yaxın dostlar, yoldaşlar arasında Şeyxin "Necə təam", "Necə cücə-plov" - sözlərini ləzzətlə ifa edərmiş. Ərəb, fars dillərini mükəmməl bildiyindən Şeyx Nəsrullahın bir obraz kimi dolğunlaşmasında onun böyük rolu olub. Əliqulu Qəmküsar satirik şeirləri, felyetonları ilə avamlığı, fanatizmi, ictimai zülm və ədalətsizliyi ifşa etmiş, dəfələrlə polis təqiblərinə, təhdidlərə məruz qalmışdı.
1917-ci ilin əvvəllərində Rusiyada, Zaqafqaziyada baş verən böyük siyasi hadisələri izləyən Qəmküsar bu mövzuda da bir sıra yazılar qələmə alıb. Şair "Nə yoğurduq, nə yapdıq, hazırca kökə tapdıq" felyetonu, "İngiltərə" şeiri milli azadlıq mübarizəsinin, siyasi satirik yaradıcılığının ən gözəl nümunələrindəndir. Əliqulu Qəmküsarın toxunduğu ictimai-sosial mövzular sırasında süstlük, mövcud problemlərə biganəlik, narkomaniya, istismarçılıq, dini fanatizm və s. diqqəti cəlb edir.
Onun "Tiryək" məqaləsində tənqid hədəfində dünya həyatını sırf əyləncələrə, kef çəkməyə həsr etmiş insanlar durur. Ölkənin və xalqın maarifdən, təhsildən uzaq durması, geri qalması nəticəsində insanların tiryəkə qurşanmasını, bununla da cəmiyyətdə gedən siyasi-sosial proseslərə biganə qalmalarını maarifçimiz satirik üslubda tənqid edir: "Doğurdan da, insan nədi, nəşəsiz oldu nədi? Kamil insan mən o adama deyərəm ki, Şamaxı qlavası kimi gecə-gündüz nəşədə olsun. Şəhərdi, palçıx da olar, quru da olar, abad da olar, xarab da olar. Şkoladı, açılar da, bağlanar da. O cür boş-boş işlərdən ötrü insafdır, insan keflənib eşşəyi tərsinə minməkdən əl çəksin? Yainki cəvahir kimi klubu qoyub gəlib əyləşsin dumanın kəsavətli damında ki, nə var, nə var şəhər işinə baxıram, gərək qoymayam realni məktəb bağlana. İnsan niyə məktəb bağlanmaqdan ötrü ürəyini sıxır, kefini pozur..."
Savadsız kütlənin bank sektorundan savadsızcasına istifadə edib onun qurbanına çevrilməsi yazarın "Şeytan fəhləsi" fleytonunda geniş təsvir edilir. Yeri gəlmişkən, problem günümüzdə də müasirdir. Bu gün də bankların qurbanı olan minlərlə insan var. Hətta xalq arasında yaranan "artıq banka borcu olmayan ailə yoxdur" deyimi problemin necə acınacaqlı olduğundan xəbər verir: "Bunlar məhz şeytan fəhləsidirlər ki, qabaqca bank rəisinə, uçotnı komitetə yalvar-yapış eləyib, əl-ayaqlarına düşüb özlərinə bankda kredit açdırıblar, indi isə ona-buna yalvarıb veksil alıb bankdan tənzil ilə pul götürürlər. Bəzisi noxud, kişmiş kimi tökür cibinə başlayır xərcləməyə və bəzisi dəxi mala verib qoyur dükana başlayır al-veri, bir vədə görürsən ki, qazanc qudurdu mayanı basdı, bunları saldı ayaqyoluna, hey nataryosa, miravoy sudyaya, sudebni pristova yol döyürlər".
Müəllif "Əshabi-Kəhf" məqaləsində mütəfəkkir insanların ziyarətgahlara olan güclü inamlarını, tibbi biliksizlikdən yaranan acizlikləri nəticəsində həmin pirlərə şəfaverici məkan kimi baxmalarını, onların həmin çürük inamları yolunda xərclədikləri pulları və bundan faydalanan din xadimlərini satirik üslubda - bütün ölkəni bürümüş bu cəhalət xəstəliyini kəskin tənqid edir: "Gəncəlilərin, canına qurban olduğum göy İmama, bakılıların Bibiheybetə, şamaxılıların Malakan pirinə və Hacı Seyid Əli ağanın qəbrinə, şuşalıların Həzrət Abbas pirinə imanları kamil olduğu kimi, naxçıvanlıların da Əshabi-kəhfə o dərəcədə ixlas və iradətləri kamildir. Hətta bu ilin içində iki nəfər bəy vəfat edəndə məxsusən vəsiyyət ediblər ki, bizim cənazəmizi aparıb Əshabi-kəhfə dəfn eləyin, tainki yeddi kimsənə olsun doqquz. Və qövm-qəbilələri də aparıb oradaca basdırıblar. Və söz yox ki, indi onların ruhu cənnətdə rəhmət dəryasında üzür".
Ə.Qəmküsarın "Babı" məqaləsində insanların talerantlıqdan uzaq olması, vicdan azadlığının aşağı səviyyədə olması tənqid obyektlərindən biridir. Mütəfəkkir insanları bir-birinin dini inanclarına hörmətlə yanaşmağa səsləyir və o dövrdə öz nüfuz dairəsini genişləndirən babilərin cismani cəzalarla təqib olunmasına qarşı çıxırdı: "Zəmani ki, haqq batil aydınlaşdı, hər kəs öz ixtiyarındadır, hansını qəbul edər, özü bilər, hansından üz döndərər, gənə özü bilər. Hər kəsin dini, təriqəti özü üçündür. Qoyunu qoyun ayağından, keçini keçi ayağından asacaqlar".
"Bircə məni qupquru qurudan budur ki, aya, görəsən amerikalılar ki, beş yüz ildi dünyaya gəliblər və belə ərköyün böyüyüblər ki, heç bir boyunduruq altına girməyiblər, necə gəlib birdən-birə gündə on doqquz rükət namaz qılacaqlar və hər rükətdə on qodduz dəfə ya Bəha, ya Camal, ya Cəlal deyəcəklər. Və necə iş-peşələrini ötürüb dərviş kimi püst-pələngin yığışdırıb düşəcəklər bərri-biyabanə ki, qalan amerikalılara da təbliğ eləsinlər".
Əliqulu bəy 1919-cu il mart ayının 4-də axşam evinə qayıdarkən xaincəsinə qətlə yetirilir. Onun menşeviklər tərəfindən öldürülməsi bəlli olsa da qətl səbəbi haqqında heç bir məlumat yoxdur. C. Məmmədquluzadə məslək dostunun ölümünün 5 illiyinə həsr etdiyi "Əliqulu Nəcəfov" adlı məqaləsində ürək ağrısı ilə yazırdı: "Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəmizi öz köməyindən məhrum qoydu". Ə.Haqverdiyev isə Qəmküsarın ölümünə təəssüf hissini belə ifadə edib: "Əliqulu Nəcəfzadəyə dəyən güllə "Molla Nəsrəddin" məcmuəsinin ürəyinə dəydi".

Ülviyyə Tahirqızı