
Samir İsayev: "Uşaqlar telekanallarda zorakılıq səhnələrinə, cinayət hadisələrinə baxırlar"
Azad İsazadə: "Elə informasiya texnologiyaları var ki, insanlarda intihar depressiyası yarada bilər"
Xalid Ağaliyev: "Ağır cinayət işlərində yetkinlik yaşına çatmayan uşaqların adları açıqlanmamalıdır"
Mütəmadi olaraq xəbər proqramlarında "Ürəyi zəif olanları, azyaşlıları ekran önündən kənarlaşdırın" xəbərdarlığını eşidirik. Əslində isə yayımlanan dəhşətli kadrlar nəinki azyaşlılar, eləcə də ürəyi zəif olanlar və sağlam insanların səhhəti üçün təhlükəlidi. Tükürpədici cinayət hadisələrinin təqdimatının düzgün seçilməməsi bu gün belə olayların sayının daha da artmasına zəmin yaradır: qan, meyid, ətrafdakıların qışqırığı və. s bu kimi elementlər insanı baş verən hadisənin mahiyyətindən uzaqlaşdırır. Yəni, cinayətin fəsadları haqda maarifləndirici məlumatların verilməsi əvəzinə tragik olayın görüntüləri yayımlanır. Yaxud kriminal verilişlərdə təqsirləndirilən şəxsin "yaxşı eləmişəm, dilini dinc qoyardı" kimi ifadələrinin ekranda səsləndirilməsi cəmiyyətə bir ismarıc da sayıla bilər. Sabah onun kimi içkili olan bir başqası da bu olaydan təsirlənərək eyni hadisəni təkrarlayacaq. Bu cür kadrların, görüntülərin böyük maraqla izlənildiyini bilən, reytinq qazanmaq məqsədi ilə cəmiyyəti uçuruma aparan telekanalların missiyalarını lazımınca yerinə yetirə bilməməsi statistik rəqəmlərin də artmasına təsir edir.
Hüquqşünas Samir İsayev bildirir ki, bir çox kriminal səhnələrin açıq verilməsi insanlarda psixoloji problemlər yarada bilər: "Şəxsin özünü öldürməsi spesifik bir cinayətdir. Bu şəxsin ağır psixoloji durumu nəticəsində baş vermiş bir hadisədir. Hər bir belə hadisənin köklərini araşdırmaq lazımdır. Ona görə ki, intihar hadisələri ilə bir sıra sosial problemlərin sıx bağlılığı var. Bu gün KİV-lərdə yayımlanan informasiyaların, xüsusilə də televiziya kanallarında qorxulu və ciddi sosial problemləri araşdıran filmlərin, verilişlərin göstərilməsi müəyyən bir yaş həddi ilə bağlıdır. Ölkəmizdə bunun üzərində məhdudiyyət yoxdur. Misal üçün, Neft Akademiyasındakı qətliamla bağlı səhnələrin açıq şəkildə efirə verilməsi insanların psixikasına çox pis təsir edir. Eyni ilə Xocalıdakı faciənin görüntülərini yaş məhdudiyyəti qoyulmadan bütün ölkə əhalisinə mütəmadi olaraq göstərilməsi insanların psixologiyasında ağır iz buraxır. İnsan beyni açılmayan bir sirli dünyadır. Heç kəs deyə bilməz ki, həmin verilişlərə baxan insanlar onu necə qavrayacaqlar. Sözsüz ki, bunların müsbət təsiri həmin insanların vətənpərvər ruhda inkişafına gətirib çıxarır. Amma bu psixoloji cəhətdən zəif olan insanların düşüncəsinə çox ağır təsir edir. Digər ölkələrin təcrübələrinə baxaq, çox uzağa getməyək. Məslən, qonşu Türkiyədə yayımlanan "Kurtlar Vadisi Pusu" teleserialı başlamazdan əvvəl həm yaş həddi göstərilir, həm də qorxulu film olduğu haqqında xəbərdarlıq edilir. Çox təəssüf ki, Azərbaycan televiziyalarında belə bir xəbərdarlıq görünmür. İnsanlar hamılıqla zorakılıq səhnələrinə, cinayət hadisələrinə baxırlar, qətlləri görürlər. Bu gün televiziyada qan səhnələri göstərilir. Yadınızdadırsa, Azərbaycanda bir uşaq İraqın keçmiş prezidenti Səddam Hüseynin asılma səhnəsini görəndən sonra özünü asmışdı. Bu dəhşətli hadisə idi. Bu hadisədə mən ən çox televiziyanı və valideynləri günahlandırardım. Azyaşlı uşaqların bu cür verilişlərə baxmasına icazə verilməməlidir."
Psixoloq Azad İsazadə bildirir ki, kino, teatr, eləcə də KİV-lərdə yayılan informasiyalar insanlara mənfi təsir edə bilir. Lakin belə informasiyalar sabit psixoloji durumda olan insana mənfi təsir göstərmir: "İnsanda psixoloji problem olduğu təqdirdə həmin informasiya sadəcə axırıncı qamçı rolunu oynaya bilər. Lakin elə texnologiyalar da var ki, misal üçün, kommunikasiya texnologiyası - psixotrop silah adlandırılan texnologiya insanlarda intihar depressiyası yarada bilər".
Xarici ölkə mətbuatında, məsələn, Norveç, İsveç kimi ölkələrin mətbuatında intihar xəbərlərinin verilməsi qadağandır. Bu qadağa jurnalistlərin özü tərəfindən tətbiq edilir. Media Hüququ İnstitutunun eksperti Xalid Ağaliyev bildirir ki, medianın vəzifəsi xəbər verməkdir: "Dəhşət səhnələri, cinayətlər, ölüm, qan, insanların zərbədən tanınmaz hala gəlməsi kimi psixoloji travma yetirə biləcək qorxunc təsvirlər bütün dövrlərdə olub və olacaq. Media da bunun qarşısını almaq gücündə deyil. O, belə görüntülərə tamam yer verməsə belə, hər şey olduğu kimi qalacaq. Ancaq belə mövzularda çox diqqətli olmalıdır. Əgər media bir insanın meyitini nümayiş etdirirsə, onun topluma verdiyi mesaj öldürülənə endirilən zərbələrin ağırlığını anlatmaq olmamalıdır".
Ekspertin sözlərinə görə, media belə görüntülərin, fotoların ardıcıl nümayişinin verə biləcəyi zərərin fərqində olmalı, verdiyi xəbər nə qədər önəmli, dəyərli olsa da, həmin xəbərlərin topluma, gələcək nəsillərə verə biləcəyi zərəri nəzərə almalıdır: "Filmlərdə, xəbər bülletenlərində və ya şou proqramlarda dəhşət mövzulu görüntülərdən mümkün qədər qaçmaq lazımdır. Belə görüntülər efirə verildikdə öncə xəbərdarlıq edilməlidir. Dəhşət mövzulu görüntülər mümkün qədər ötəri verilməli, təkrarlanmamalıdır. Media belə görüntülərin başda uşaqlar olmaqla insanlara travma yetirmək, qorxu yaratmaq, eyni zamanda insanları dəhşətə, ölümə, qana, itkilərə qarşı hissiyatsız ruhda kökləmək gücündə olmasını diqqətə almalıdır".
Xalid Ağaliyevin bildirdiyinə görə, "jurnalist terror xəbərini, görüntülərini verməklə kifayətlənməməli, xəbərin hansı məqsədə xidmət edəcəyini bilməyə borcludur. Xəbərçi jurnalist terrorçuların cəmiyyətə vermək istədiyi mesajın ötürülmə vasitəsinə çevrilməməli, o mesajın önünə keçməyi bacarmalıdır. Digər tərəfdən, media terror olayları ilə bağlı xəbərləri topluma təqdim etməklə kifayətlənməməlidir. Media bu xəbərlərlə yanaşı terror mövzusunu masaya yatırmalı, terror olaylarının səbəblərini, terrorçuların bağlantılarını araşdırmalı, terror olaylarını önləmək yönündə müzakirələr açmalıdır".
Ekspertin bildirdiyinə görə, beynəlxalq təcrübdə media quruluşlarının daxili etik qaydaları mövcuddur: "Məsələn, Çikaqonun "Sun-Times" qəzetinin etik qaydalarına görə, qəzetlər təcavüz qurbanlarının adlarını açıqlaya bilməz. Ailəsinin adı ciddi qalmaqala qarışan azyaşlıların kimliyinin topluma bildirilməsi də yolverilməzdir. Az ağır cinayət işlərində yetkinlik yaşına çatmayan uşaqların adları açıqlanmamalıdır. Ağır cinayət törətmiş azyaşlıların adı xəbərin az diqqət çəkən parçası formasında düşünülməlidir".
Xalid Ağaliyev deyir ki, bizim təcrübədə belə qaydalar ya yoxdur, ya da olanlar işlək deyil: "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında dəhşət mövzulu xəbərlər barədə birbaşa tövsiyələr yoxdur. Ümumi şəkildə "Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxsin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir" deyilir".
Psixoloq Elnur Rüstəmovun bildirdiyinə görə, görüntü efirə verilməzdən öncə auditoriyaya bu haqda məlumat çatdırılmalıdır: "Müəyyən qəza, intihar hadisəsi zamanı dünyasını dəyişən şəxsin meyidinin göstərilməsi etik cəhətdən düzgün deyil. Süjetə baxanlar arasında uşaqlar, yeniyetmələrlə yanaşı səhhəti zəif olan şəxslər də var". Psixoloq son dövrlər arzuolunmaz olayların sayının artmasında bu haqda məlumatların tam açıqlığı ilə təqdim olunmasının mühüm rola malik olduğunu deyir. Müəyyən problemi olan şəxs intiharla bağlı xəbəri izlədikdə çarəsiz qalaraq TV-də ona göstərilən yola əl ata bilər: "Müəyyən problemləri olan şəxs intihar hadisəsi ilə bağlı kriminal xəbəri izlədikdə bu yolun son çıxış olduğunu düşünərək özünə qəsd edir. İnsandı, psixoloji durumu yerində olmadığı üçün belə düşünür. Psixoloji durumu gərgin olan insanlar var ki, bu cür kadrları izlədikdə daha da gərginləşirlər. Kriminal verilişlərin təqdimatı zamanı psixoloji həssaslığı qorumaq üçün diqqətli olmaq tövsiyə edilir. Onlar cinayət hadisəsini başqa formada da təqdim edə bilərlər. Birbaşa olaraq belə kadrların göstərilməsi gələcəkdə çox böyük problemlərə yol aça bilər".
Zaman keçdikcə belə xəbərlərə baxan şəxslərin özlərinin də bənzər olay törətməyə təhrik olunduğunu deyən psixoloq medianın bu istiqamətdəki rolundan söz açır: "Uşaqlara da belə kadrlar mənfi təsir göstərir. Bu elə bir prosesdi ki, həmin anda deyil, bir az müddət keçdikdən sonra psixoloji təsirini göstərir. Buna görə psixi təhlükəsizliyin qayğısına mütləq şəkildə qalmaq lazımdı. Kiminsə tərəfindən müxtəlif mənada zorakılığa məruz qalmaqla yanaşı, qeyd etdiyimiz məqamlar da insanlarda psixoloji sarsıntı yaradır. Cinayət hadisələri zaman keçdikcə mənfi təsirini göstərməklə yanaşı, şüuraltı olaraq insanları bu cür olaylar törətməyə təhrik də edə bilər. Kriminal xəbərin mətninə də xüsusi diqqətlə yanaşmaq lazımdı ki, səslənən ifadələr insanlarda psixoloji sarsıntı yaratmasın. Mətbuatda hər hansı intihar hadisəsi, ya da ki buna bənzər qəsdən törədilən bir olay haqda məlumat verildikdə hadisədən bir neçə gün keçməmiş ona bənzər xeyli olayların baş verdiyinin şahidi oluruq. Hər hansı bir cinayət olayını işıqlandırdıqda o azalmır, əksinə artmağa başlayır. Bunun kökündə yatan faktorlardan biri də həmin informasiyaların düzgün formada çatdırılmamasıdır. Verilən məlumatlar informasiyanı tam şəkildə əhatə edə bilmir. Nəticədə bu cür olaylar artmağa başlayır".
Kriminal xəbərin təqdimatı zamanı əsasən hansı tələblərə riayət edilməsindən danışan Elnur Rüstəmov əsas tövsiyələrini də verir: "Kriminal hadisələr haqda məlumat elə bir formada çatdırılmalıdır ki, efirdə baxan, əsəbləri gərgin olan, müəyyən problemlər yaşayan şəxs bu olayı törətməkdən qaçmalı, belə yola əl atmağı özünə çıxış yolu kimi görməməlidir. Faciə də o zaman baş verir ki, şəxs bunu çıxış yolu kimi görərək olay törədir. Beləcə problemin miqyası genişlənir".
Ülviyyə Tahirqızı