Kənd təsərrüfatında yenilik: dron və robot texnologiyaların tətbiqi nəyi dəyişəcək? Gündəm

Kənd təsərrüfatında yenilik: dron və robot texnologiyaların tətbiqi nəyi dəyişəcək?

Milli Məclisin Aqrar siyasət komitəsinin “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Vüqar İskəndərov kənd təsərrüfatında aqrar dron və robot texnologiyasının tətbiqi haqqında məlumat verərək “Ağıllı Fermer” milli süni intellekt platformasının yaradılmasından danışıb.

Deputat bunun nəticəsində kənd təsərrüfatının daha müasir, effektiv və rəqabətqabiliyyətli sahəyə çevrilə biləcəyini vurğulayıb.

Bəs sözügedən texnologiyaların Azərbaycanda kənd təsərrüfatında tətbiqi nə dərəcədə mümkün ola bilər?

“Xalq Cəbhəsi” məsələni mütəxəssislərlə müzakirə edib.

İT mütəxəssisi Fərhad Mirəliyev Azərbaycanda kənd təsərrüfatında aqrar dron və robot texnologiyalarının tətbiqinin mümkün olduğunu qeyd edib: “Düşünürəm ki, bunun üzərinə gedilsə, resurslar ayrılsa bu, mümkün ola bilən bir sahədir. Burada həm əmək, maliyyə resurslardan, həm inzibati və digər resurslardan söhbət gedir. Bu məsələ dövlət səviyyəsində kurasiya olunsa məncə çox yaxşı nəticələr əldə etmək olar. Burada mən fermerlərə məlumatın verilməsini bu işlərin ən primitiv yanaşması kimi qəbul edirəm. Çünki süni intellektin tətbiq olunması ilə yaradıla biləcək istiqamətlər, yəni burada müvafiq avadanlıqlar, hansı ki, süni intellekt əsaslı həllərlə işləyir, məsələn, dronlar, robotlar bunlar müxtəlif təsərrüfat sahələrində fermerlərin, bağbanların köməkçisinə çevrilə bilər. Məsələn, hansısa bir zərərvericilər, həşəratlar və yaxud xəstəliklərin aşkarlanması üçün əvvəllər bağbanlar hektarlarla sahəyə baxış keçirirdisə, buna müəyyən günlər sərf olunurdusa, indi dronlar vasitəsilə səmadan baxış keçirilərək oradan müəyyən bir istiqamətlərdə mövcud problemləri aşkarlamaq olar”.

“Müxtəlif tədbirlər planı hazırlamaq olar”

F.Mirəliyevin sözlərinə görə, yaxud da daha yaxşı inkişaf üçün müxtəlif tədbirlər planı hazırlamaq olar: “Sahədə zərərvericilər və ya xəstəliklər varsa onu yüksəkdən görmək olar. Sahə qurudursa, onun suvarmaya ehtiyacı varsa bunu da müəyyən etmək olar. Yəni artıq burada insan əməyi avtomatlaşdırılmış olur. Təsərrüfatlardakı ağaclarda müxtəlif xəstəlikləri aşkar etmək üçün dronlar və ya robot texnologiyası vasitəsilə yarpaqları, gövdəni, budağı analiz edərək konkret deyə bilərik ki, bu xəstəlik var və bu dərmanlar ayrılmalıdır. Hansısa bir robotlar özləri o dərmanları təmin edə bilər və ya həmin bağ sahəsində və xəstəliklərlə, zərərvericilərlə mübarizə apara bilər. Eləcə də suvarma sistemini təşkil edə bilər. Yəni bu, bu gün üçün dünyada tətbiq olunan aktual sahələrdəndir”.

Yeni texnologiyaların tətbiqinə ehtiyac var

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün yeni texnologiyaların tətbiqinə ciddi surətdə ehtiyac var: “Beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiq olunmasına, həm innovativ texnologiya, həm yeni suvarma sistemlərinin quraşdırılması, eləcə də bu istiqamətdə digər ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var. Çünki bəzi hallarda biz görürük ki, iqlim şəraiti bizdən qat-qat aşağı olan ölkələrdə çox böyük məhsuldarlıq əldə edirlər. Sözsüz ki, bu istiqamətdə biz mütəxəssisləri cəlb etməliyik. Eyni zamanda, yeni sort toxumlar və ya digər məhsulları istifadə etməliyik ki, bizim kənd təsərrüfatında məhsuldarlıq yüksəlsin”.

Müsbət və mənfi tərəflər

Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov diqqətə çatdırıb ki, Azərbaycanda kənd təsərrüfatında dron və robot texnologiyaların tətbiqi mümkündür, ancaq bunun müsbət və mənfi tərəfləri var: “Azərbaycan neft ölkəsi ilə yanaşı, eyni zamanda, aqrar ölkədir. Azərbaycan SSRİ zamanından plan iqtisadiyyatında bütün aqrar planların yerinə yetirilməsində qabaqcıl ölkələrdən biri olub. Belə olduğu halda Azərbaycanda kənd təsərrüfatı ənənələrinin, həmçinin iqliminin, toprağının da ona uyğun olması məsələsi ortaya çıxır. Amma burada bir məsələ var. Dünya təcrübəsində bu texnologiyaların tətbiqi ən çox onu özləri istehsal edə biləndə faydalı olur”.

“Xərclərə təsir edəcək”

A.İbrahimov qeyd edib ki, Azərbaycanda reallıq odur ki, biz nə ediriksə, əlavə dəyər yarada bilmirik və ucuz məhsul istehsal edə bilmirik: “Nə istehsal ediriksə bizdə baha başa gəlir. Bunun da səbəbləri var. Yekun məhsulun qiymətini formalaşdıran məsələlər var ki, onlardan biri xərclərdir. Yəni sənin xammalın, maya dəyərin nə qədər yüksək olursa, yekun qiymətin də yüksək olacaq. Bizdə istər aqrar sahədə, istər digər sahələrdə istehsal etdiyimiz məhsulların maya dəyəri çox yüksək başa gəlir. Ona görə də bu texnologiyaları ölkədə tətbiq etsək qiymətindən asılı olaraq xərclərə təsir edəcək. Daha baha başa gələcək. Düzdür, sənayeləşdirilmiş əkinə keçirsən, bir sıra sahədə nizam gətirirsən, maddi-texniki bazan güclənir, məlumatların idarə olunması güclənir, daha keyfiyyətli məhsul əldə edirsən. Ancaq burada dediyim kimi, bir məsələ var ki, bu, xərclərə öz təsirini göstərir”.

“Gərək maya dəyərini qaldırmasın”

Onun bildirdiyinə görə, dünyada bu texnologiyaları özü istehsal etməyən ölkələr həmin texnologiyaların tətbiqi ilə bağlı təcrübəni həyata keçiriblər: “Məsələn, ilkin olaraq ABŞ tətbiq etməyə başladı. Hətta özü istehsal etsə belə maya dəyəri yüksək başa gəldi. Yəni bu məsələləri tənzimləmək lazımdır. Əslində, dron və robot texnologiyaların tətbiqi çox gözəl bir şeydir. Bunu alqışlamaq lazımdır. Ancaq bunu elə formada etmək lazımdır ki, bu, maya dəyərini qaldırmasın, aşağı salsın”.

Kadr məsələsi

Mütəxəssis həmçinin deyib ki, bu, eyni zamanda, kadr məsələsidir: “Bu kadrların yetişdirilməsi də zaman alan məsələdir. Texnologiyaların alınması, tətbiqi, hazırlıq mərhələsi, ixtisaslı kadrların yetişdirilməsi, həmin o texnikalara planlı, plandan kənar texniki qulluq məsələsi - bunların hamısı xərcdir. Yəni biz bunları tətbiq edək, lakin elə bir formasını tapaq ki, bu, məhsuldarlığa, yekun qiymətin formalaşmasında ən önəmli amil olan maya dəyərini aşağı salsın, yuxarı qaldırmasın”.

Röya İsrafilova