“Yazıçı hər şeydən əvvəl vətəndaş olmalıdır” Layihə

“Yazıçı hər şeydən əvvəl vətəndaş olmalıdır”

Ismayıl Şıxlı oxucuların məhəbbətini qazanmaq üçün məhz yaxşı yazmağı əsas məsələlərdən biri hesab edirdi

II yazı

Xalq yazıçısı İsmayıl Şıxlının publisistikasında yaradıcılıq psixologiyası, yaradıcı məsuliyyəti məsələsinə də xüsusi toxunulur. Professor Buludxan Xəlilov bildirir ki, İ.Şıxlı gənc nasirlərin mövzu rəngarəngliyi və eləcə də bir sıra vacib məsələləri təhlil edir, fikir, mülahizələrini bölüşürdü. O, bədii nəsr üçün ən zəruri şərhlərdən biri kimi "Dərin həyati müşahidə, hadisələri, insanları bütün təfərrüatı ilə öyrənmək və bunları dövrün ictimai məsələləri ilə, qabaqcıl ideyaları ilə üzvi bir vəhdətdə götürüb təsvir etmək" bacarığını məsuliyyətə çevirməyə çalışırdı: "O, gənc nasirlərə mövzu seçmək, seçilmiş mövzunu işləmək və onu həyat hadisələri ilə bağlamaq, bu həyat hadisələrini bədii yüksəkliyə qaldırmaq baxımından yanaşır və iki əsas xüsusiyyətin nəzərə çarpdığını qeyd edir".
İsmayıl Şıxlı "Gənc nasirlər haqqında" yazısında ("Xatirəyə dönmüş illər" kitabı (Xatirələr və məqalələr). Bakı, Yazıçı, 1980) yazır: "Gənc nasirlərin əsərlərinə bu cəhətdən yanaşdıqda iki xüsusiyyət nəzərə çarpır: birincisi budur ki, onların bəzilərində həyat müşahidəsi zəngindir, təsvir vasitələri təbii və sadədir, ikincisi isə onların bəzilərində müşahidənin azlığı, tiplərin solğunluğu, dilin və hadisələrin süniliyidir".
B.Xəlilov: "İsmayıl Şıxlı ədəbiyyata bir qrup sağlam nasirlərin gəldiyini görür, onların yaradıcılığını qiymətləndirirdi. Onların içərisindən gələcəkdə ən gözəl roman müəlliflərinin yetişəcəyinə inanırdı. Eyni zamanda gənc yazıçıların diqqət yetirəcəkləri keyfiyyəti də unutmurdu".
İndi də İ.Şıxlının fikirlərinə diqqət edək: "Gənc yazıçılar yadda saxlamalıdırlar ki, realist sənətdə təbiilik və səmimiyyət olmalıdır. Bu isə həyati və insanları düzgün müşahidə etməklə yaradıla bilər".
Araşdırmaçı yazıçının publisistikasındakı bir məqama da diqqət çəkir: "İsmayıl Şıxlı gənc nasirlərin dili ilə bağlı maraqlı fikirlər irəli sürür, onların dil və üslub xüsusiyyətlərinə orijinal münasibət bildirir: "Bəzi gənc nasirlər əsərin dilini, yaxşılığını ürəyə toxunan sözlərin çoxluğunda görürlər. Bu, tamamilə yanlışdır. Dilin gözəlliyi, hər şeydən əvvəl onun sadəliyi təbiiliyindədir. Hər tipin xarakterinə, yaşına, sənətinə, uyğun fikir tərzini, ifadə formasını tapmaqdır". İsmayıl Şıxlı ədəbiyyatda müasirlik məsələsinə çox ciddi yanaşır, bədii nəsrimizin materialları əsasında inandırıcı və əsaslı müqayisələr aparır, qənaətləri hesabına əsərlərin təhlilini verir. O, müasirlik problemi və onun bədii ədəbiyyatda inikasından bəhs edərkən üç başlıca cəhəti qeyd edir. Hadisələr üç cür münasibətin üzərində xüsusi olaraq dayanır. "Bu münasibətlərin biri hər şeyi təsdiq edərək qeyd-şərtsiz qəbul etmək, ətrafımızda baş verən hadisələrin ictimai və fəlsəfi mahiyyətini dərk etmədən, bu və ya digər məsələnin törəməsinə səbəb olan sosioloji amilləri araşdırmadan, onun nə kimi əxlaqi keyfiyyətlərlə bağlı olması ilə maraqlanmadan bütün məsələlərlə razılaşmaqdan ibarətdir".
İsmayıl Şıxlı bu cür həyat anlayışı üzərində yazılan əsərləri əhəmiyyətsiz əsərlər hesab edir. Ona görə ki, belə "... əsərlərin mərkəzində dərin ictimai konfliktlər, xarakterlər toqquşması, psixoloji gərginliklərlə dolu olan səhnələr dayanmır. Yazıçının özü və qəhrəmanları müstəqil düşüncə qabiliyyətindən məhrum olduqlarına görə oxucuya heç nə vermir, hər şey səthi, hər şey ötəri təsvir edilir". İsmayıl Şıxlı hadisələrə ikinci münasibəti hər şeyi şübhə altına almaq, hər şeyi inkar etməklə bağlayır. O yazır: "İkinci münasibət hər şeyi inkar etməkdən ibarətdir. Bu cür anlayışa malik olan yazıçılar (xoşbəxtlikdən belələri azdır və heç zaman ədəbi və ictimai fikrə təsir göstərə bilmir) aqnostizm silahını özlərinə qalxan edərək müasir həyatımızda baş verən bütün hadisələrə şübhə ilə yanaşırlar". Bütün dövrlərdə belələri olub və indi də var. Odur ki, İsmayıl Şıxlının bu münasibəti bütün zamanlar üçün özünü doğruldur".
İsmayıl Şıxlının bədii ədəbiyyatda analitik münasibətlə bağlı fikirləri də maraqlıdır: "Analitik münasibət deyərkən nəyi nəzərdə tuturam? Məlum bir həqiqətdir ki, yazıçı hər şeydən əvvəl vətəndaş olmalıdır. Həm də ehtiraslı, öz torpağına, öz ölkəsinə bağlı olan, onun taleyi ilə daim maraqlanan, daim narahatlıq keçirən, daim düşünən, daim çətinliklərdən çıxış yolu axtaran, qüsurlara qarşı amansız bir ehtirasla çarpışan, öz estetik amalı uğrunda vuruşarkən özünü belə unudan fədakar bir vətəndaş olmalıdır. Yazıçı həyatımızın inkişafına kömək etməlidir".
B.Xəlilov: "O, Azərbaycan sovet nəsrinə nəzər salır və nəsrimizdə hadisələrə analitik münasibətin qabarıq şəkildə özünü göstərdiyini qeyd edir. Azərbaycan sovet nəsrində nasirlərin bir çoxunun əsərlərində hadisələrin siyasi, psixoloji təhlilinin verildiyi, hadisələrin xarakteri və yaranma səbəblərinin düzgün müəyyənləşdirildiyi açıqlanır".
Araşdırmaçı vurğulayır ki, İsmayıl Şıxlı ədəbiyyatda müasirlik məsələsinə mövqeyini bildirərkən müasir mövzular və tarixi mövzular məsələsinə də toxunur, burada yazıçının düzgün mövqe tutmasını, məsələyə həssas yanaşmasını, prosesləri və hadisələri düzgün dərk etməsini bir axtarış kimi qiymətləndirir. "Müasir məsələlərdən yazmaq tarixi mövzularda əsər yazmaqdan xeyli fərqlidir. Bu fərq birinci növbədə ondan ibarətdir ki, tarixi mövzulardan yazan yazıçı nisbətən tamamlanmış, artıq müəyyənləşmiş hadisələrdən bəhs edir, müasir mövzudan yazan yazıçı isə hələ davam etməkdə olan prosesləri qələmə alır. Bu prosesin düzgün bədii inikasını vermək yazıçıdan uzaqgörənlik və həssaslıq tələb edir".
Ismayıl Şıxlı ürəklərə yol tapmaq üçün, oxucuların məhəbbətini qazanmaq üçün məhz yaxşı yazmağı əsas məsələlərdən biri hesab edir. Bunun üçün yazıçı, şair müdrik olmalı, üzaqgörənliklə hadisələri qələmə almalıdır. O, oxuculara təqdim edəcəyi əsərin məsuliyyətini dərindən dərk etməli, hadisələrə analitik münasibətlə yanaşmalı, beyinlərə, ürəklərə təsir edə biləcək bütün imkan və vasitələrdən istifadə etməlidir. Ona görə də şair, yazıçı özünü tapana qədər axtarışda olmalıdır. O, özünü şeirdə, yaxud da nəsrdə tapa bilmirsə, onda oxucuların hissi ilə oynayacaq, onların tələbləri ilə ayaqlaşa bilməyəcək. İsmayıl Şıxlı adətən gəncliyin ədəbiyyata gəlişində şeirə marağın üstün olduğunu qeyd edir. O yazır: "Adətən insan gənclik illərində qəlbində doğan duyğuları poetik vasitələrlə ifadə etməyə çalışır. O hər yerdə və hər hadisədə şeriyyət axtarır. Bu, təbiidir. Çünki əslində gənclik özü şeriyyət deməkdir. Lakin bu həyati şeiriyyəti poetik vüsətlə vermək üçün təbii və böyük istedad lazımdır. Həyatın şeiriyyətini nəsrlə də vermək mümkündür, nəzmlə də. Lakin bir şərtlə: istedad təbii olmalıdır. Qafiyə kasadlığı çəkməklə, fikir yoxsulluğunun əlində həlak olmaqla yaxşı əsər yazmaq olmaz. Necə deyərlər, şair olmaq üçün şeir yazmaq, nasir olmaq xatirinə kağız qaralamaq boş zəhmətdir".
İ.Şıxlının sənətlə bağlı düşüncələrini təhlil edən B.Xəlilov bildirir ki, o, sənətdə zahiri cəhəti axtarmağı acizlik sayıb, yazıçının, şairin, sənətkarın uğur qazanmasında məsuliyyət hissini meyar hesab edib. Həyat yolu, sənətkar yolu, eləcə də niyyəti düzgün olduğu üçün çəkinmədən özü-özünü təhlilə cəlb edərək yazıb: "Hadisənin daxili dramatizmini açmaqda çətinlik çəkdiyimə görə təsiredici ifadələr, "şairanə" sözlər axtarmışam. Əlbəttə, bu, zəiflik əlamətidir. Mən bu qənaətə gəlmişəm ki, sənətdə zahiri effekt axtarmaq ancaq acizlik əlamətidir. Mən hər hansı bir sənəti seçərkən, hər hansı bir peşəyə sahiblənərkən insanlarda məsuliyyət hissinin güclü olmasını əsas meyar kimi qəbul etməyi vacib bilirəm. Yaradıcılıq aləminin adamlarında isə bu məsuliyyət hissi birə-on qat güclü olmalıdır". Yazıçı əsəri, şair şeiri təkbaşına yazır, ancaq bu yazılanlar ümumxalqın malı olması üçün müxtəlif proseslərdən üzüağ çıxmalıdır. Belə ki, şair, yazıçı yazdıqlarını dəfələrlə ölçüb-biçməlidir. Böyük məsuliyyət hissi ilə yanaşaraq yazdıqlarının üzərində dəfələrlə işləməlidir. Yazılmış əsər üzərində bütün işlər çapa qədər görülüb qurtarmalıdır. Bu mənada İsmayıl Şıxlı nəyi təqdir etdiyini, nəyi inkar etdiyini çox dəqiq və dürüst bilməklə yanaşı, onu dəqiq və dürüst şəkildə təqdim etməyi də ustalıqla bacarır. Fikir verək: "Yazıçı müdrik olmağa çalışmalıdır. Oxucular onun fikir ziyasından azacıq da olsa işıqlanmaq istəyirlər. Onlar yazıçıya ideal fikirlər carçısı kimi baxırlar, məhz buna görə də yazıçı hər sözünə, hər əsərinə, hər hərəkətinə böyük məsuliyyət hissi ilə baxmalıdır. O, əsərini oxuculara təqdim edənə qədər onun üzərində dönə - dönə işləməlidir". Yaxud: "Mən əsəri oxuculara təqdim edildikdən sonra onu dönə - dönə işləməyin, yeni-yeni variantlar yazmağın əleyhinəyəm. Bütün bu proseslər mümkün qədər çapa qədər baş verməlidir".
İsmayıl Şıxlı istedadlı gənclərin yaradıcılığı ilə bağlı maraqlı fikir söyləyir, məsləhətlər verir. Bununla bir növ ədəbiyyata gələn istedadlı gəncləri məsuliyyətli olmağa çağırır, eyni zamanda onların yaxşı əsər nümunələri yaratmasını müqəddəs borc kimi nəzərlərinə çatdırır. İsmayıl Şıxlının gənc istedadlara verdiyi məsləhətlərin tezisi bunlardır: "... Mən gənclərə məsləhət görərdim ki, həmişə yaxşı nümunələri əsas götürsünlər. Gənc yazıçılar ilk növbədə onların əsas silahı olacaq dili mükəmməl öyrənməlidirlər. Bizim Azərbaycan dilinin zəngin poetik imkanlarından istifadə etməlidirlər. Sadəliklə adiliyi seçə bilməlidirlər. Elə ifadələr tapmalıdırlar ki, hər sözün özündə belə daxili dramatizm olsun. Ancaq çox vaxt dilin adi axınını duymayın, qrammatik qaydaları belə bilməyən adamların roman və povestlərinə rast gəlirik. Bəzən belə hallar da olur ki, hər şey yerindədir, ancaq əsərin emosional təsir gücü hiss edilmir. Kəlmələr ölü olur". İsmayıl Şıxlı axtarışda olan və bu yolda narahatlıq hissindən məhrum olan gənc istedadlara da yol göstərir. Təkcə istedadına arxayın olmaqla yazıb yaratmağı məqbul saymır. Belə hesab edir ki, təkcə istedadına arxayın olanlar "müasir tələblərlə ayaqlaşa bilməz".

Uğur