Yeni mediada fotoqrafiya prinsipləri Layihə

Yeni mediada fotoqrafiya prinsipləri

Yücel Tunca: "Yeni medianın ortaya fərqli, yeni bir fotoqrafiya çıxardığını düşünmürəm"
"Hər birimiz fotoqraf ola bilərik, sadəcə çox yaxşı fotoqraf olmaq uzun zaman çalışmaq, bir az da fərdi bacarıqları da əlavə etməklə mümkündür"
Yeni media (yeni mühit, yeni vasitələr, yeni məcralar) kompüterlərin əməliyyat gücü olmadan yaradıla bilməyəcək və ya istifadə edilə bilməyəcək olan mühitlərə deyilir. Ümumiyyətlə, dicital olub istifadəçisinə və ya hədəf kütləsinə təsir imkanını təmin edəi. Yeni media olaraq sayıla biləcək mühitlər mübahisəli olsa da, aşağıdakılar bu terminə daxil edilir: kompüter oyunları, virtual mühit, multimedya (çox mühitli: səs, video, interaktiv platformalar, animasiya, mətn v., proqram, veb saytları (bloglar, wikilər də daxil olmaq üzrə), elektron məktub, elektron kiosklar, interaktiv televiziya, mobil media, podcast, hypertext ədəbiyyatı, blog.
Bu dəfə yeni mediada fotoqrafiya məsələlərindən bəhs edəcəyik. Müasir, ya da Post-Fotoqrafik dönəmdə fotoqrafiyanın özündə nələr dəyişiyir? Rəqəmsal (dijital) fotoqrafiya yeni mediada necə görünür? Yeni medianın təməl prinsipləri olan dijitallıq, interaktivlik, zaman-məkan azadlığı verən mobilliyin fotoqrafiyaya qatdığı üstünlüklər nədir? Bunlar hamısı bu gün müzakirə olunmağa və üzərində bir balaca düşünməyə dəyər suallardır.
Türkiyənin İstanbul şəhərində Galata Fotoqraf Studiosunda çalışan fotoqraf Yücel Tunca Yeni Mediada Fotoqrafiya haqqında fikirlərini "25-ci Kadr" jurnalında paylaşır. Yücel Tunca Azərbaycanda olub. Bakı Jurnalistika Məktəbində gənc fotojurnalistlərə seminar keçib. Yücel Tunca deyir ki, Galata Fotoqraf Studiosu hazırda Azərbaycandan da gənc fotoqrafların qatılacağı layihə üzərində işləyir.
O bildirib ki, Photoshop-a qarşı olan fotoqraflardan deyil: "Hələ 1840-cı illərdə çəkilən ilk fotolarda dövrün texniki problemlərindən dolayı fotolara müdaxilələr olurdu; Türkçəyə belə Fransızcadan "rötuş" olaraq keçən İngiliscədə "retouch" deyilən sözün anlamı da o günlərə dayanır. İlk fotoların fotoqraflarla rəssamların iş birliyi ilə ortaya çıxan məhsullar olduğunu görürük. Bu gün photoshop kimi proqramlar fotonun bir parçası olub-olmaması çox da üzərində israrla durulması lazım olan bir şey deyil. Sadəcə belə bir durum var, ilk Dagerotayp-lardan sonra özəlliklə 1900-cü illərin başından etibarən qaranlıq otaq texnikaları inkişaf etməyə başladı. Misal üçün, Man Ray, Laszlo Moholy-Nagy kimi Dadaist fotoqraflar o qədər yoğun bir biçimdə fotolara qaranlıq otaq müdaxiləsi etdilər ki! Dərslərimdə bu fotoları örnək olaraq göstərməyi lazım bilirəm və deyirəm ki, "bu foto fotoluğundan çıxmışmı sizin üçün?" İşin tarixçəsini bilməyənlər varsa "Photoshop’la işlənib." deyir. Xeyr, əslində analoq fotoqrafiyanın məbədi dediyimiz o qırmızı işıqlı qaranlıq otaqdan çıxıb bunlar. Dövrün texnikası bu cür müdaxilələr etməyə imkan verirmiş. İndi bu günün texnologiyası ilə də başqa şeylər eləməyə çalışırıq. Bu səbəblə bu cür müdaxilələri normal görürəm".
Fotoqraf daha sonra bildirib ki, müzakirə etmək lazım olan məsələlərdən biri də orijinallıq məsələsidir. Yəni rəqəmsal fotonun kompüter proqramları ilə manipulyasiyaya uğraması problem deyil, əsas məsələ bunun foto dünyasındakı və sənət tarixindəki yerinin araşdırılmasıdır. Photoshop-un gətirdiyi rahatlıq budur: əvvəllər qaranlıq otaq deyilən şey həqiqətən fotoqrafdan əlavə bilgilər tələb edirdi. Bu gün isə proqramları çox daha asan öyrənmək olur, daha praktikdirlər: "Foto çəkərkən bəzi insanlarla tanış oluram. Məndən soruşurlar: "Foto kameranı neçəyə aldın?". Misal üçün deyirsən ki, 2500 dollara. Ala bilər deyə düşünür. "Obyektivə nə qədər verdin?" 1000 dollar. Onu da ala bilər! Ştativə nə qədər pul verdin? 400 dollar, eh o da alına bilər. Və belə bir hesablama aparırlar. Mən də onları ruhlandırıram ki, alsınlar, bundan sonra özləri çəksinlər. Amma çəkə bilmirlər. Çəkə bilməzlər. Fotokamera dediyiniz şey arxasındakı fotoqrafla bərabər var olan bir şeydir. Tək başına fotokamera hər hansı bir detalı görə bilməz. İşıq ayrımı edə bilməz. Estetizə edə bilməz. Dolayısıyla hər kəs fotokamera alar və çox asanlıqla istifadə edə bilər, amma professionallaşma dediyimiz şey ancaq əməklə ola bilər. Hər birimiz fotoqraf ola bilərik, sadəcə çox yaxşı fotoqraf olmaq uzun zaman çalışmaq, bir az da fərdi bacarıqları da əlavə etməklə mümkündür. Çox yaxşı marka bir skripkanız varsa bu sizi bir musiqi dühası etməz, amma siz musiqi dühasına sahibsinizsə keyfiyyətli skripka sizi daha irəliyə götürə bilər".
Yücel Tunca yeni mediada post-fotoqrafiyanın problemlərindən də bəhs edib: "Məncə, indikilər çox kiçik problemlərdir. Cavabını bilmədiyim problem isə budur: Fotoqrafın davranış və yanaşma biçimini dəyişdirdiyini düşündüyüm böyük bir problem var. Analoq dönəmində foto çəkərkən çox daha zehinsəl bir süzgəcdən keçirərək foto çəkməyə önəm verilirdi. Mövzu ilə daha dərin əlaqə qurulurdu. İndi isə fotokameranın sürətli istifadəsi bir biçimdə zehin prosesini də dəyişdirdi. Fotokamerayla sürətli çəkirlər, bunu kliplər çağı olaraq da adlandıra biləcəyimiz bir çağın qaçılmaz sonucu olaraq da görə bilərik. İzlədiyiniz filmlərdə, kliplərdə, reklamlarda səhnələr o qədər sürətlə dəyişir ki, bir neçə saniyə içində dəyişən bu görüntülər sizə oturduğunuz yerdən həyatın içində sürətlə axıb gedirmişsiniz kimi bir hiss yaradır. Ağıl sanki bədənin sürətli ritmindən bir az daha geridə qalır. Təhlükə budur. Bir də nə yazıq ki, fotolar fotoqrafın süzgəcindən də çox az keçir. Ona görə də bu sosial şəbəkələrdə müdhiş bir foto bombardımanı var. Bundan 10-15 il öncə də foto bombardımanından bəhs edərdik, amma daha sistematik başqa bombardımandı. Reklam, dezinformasiya bu anlamlarda ortaya çıxan bir foto bombardımanı idi. İndi bunu özümüz yaratmağa başladıq. Foto seçimi etmək də çətinləşməyə başladı. Amma yenə də bunu iddia edirəm ki, mədəniyyət hər zaman öz süzgəcini yaradacaq və çağını təyin edən fotoları digərlərindən ayıra biləcək".
Fotoqraf onu da qeyd edib ki, yeni medianın ortaya fərqli, yeni bir fotoqrafiya çıxardığını düşünmür: "Yeni medianın doğuşu rəqəmsal texnologiyadan bir az daha gec olduğu üçün, fotoqraflar çəkdikləri fotoları çəkməyə davam edirlər, sadəcə paylaşmada bir çılğınlıq var. Sosial mediada foto ilə, vizuallıqla bağlı ilk ağlına gələn şey nədir? - deyə soruşsanız, mən ona paylaşım çılğınlığı deyərəm. Bu paylaşmaların da əslində belə bir yanı var: təkyönlü bir paylaşma! Bu da paylaşma sözünün anlamına ziddir. Paylaşma interaktiv bir şeydir. Bu olmayınca paylaşma təqdimata dönür. Fotoqraflar çəkdiklərini o qədər çox sərgiləməyə həvəslidirlər ki, sosial mediada dönüb başqa fotoqrafların nə çəkdiyinə baxmaq ehtiyacı duymurlar. Bu da zatən inkişafı zəiflədir. Başqa bir şəkildə var olma ehtiyacı insanları sosial mediaya sürükləyir. Özünüifadə etmənin ən asan yollarından biri də foto çəkməkdir. Misal üçün, rəssam olmaq çətindir, fotokameradan istifadə etmək isə ən asan olandır. Bir sıra proqramlarla heç də pis olmayan işlər ortaya qoya bilirsən. Amma bu sənsənmi? Cavabı olmayan bir sual. Çünki onun üçün önəmli olan nə qədər "like"gəlməsidir... Çünki bu "like"lar onu xoşbəxt edir. Bir tərəfdən də çox pozitiv görünür. Amma yalan təsəllidir əslində".
O, həmçinin yeni media dönəmində fotoqrafiyada müəllif hüquqları, etik problemlərin necə həll olunduğu barədə danışıb. Bildirib ki,Türkiyədə fikir və sənət əsərləri qanunu daim yenilənir: "Amma misal üçün, kommersiya məqsədi ilə foto çəkərkən bir sıra firma sizinlə müqavilə imzalayır. Çəkdiyiniz foto üzərində sahiblik haqqınızı bir anlamda firmaya vermiş olursunuz. Əslində isə qanunlar çox açıq şəkildə - əsər onu istehsal edənindir- deyir, bu haqq kimsəyə verilə bilməz. Bir müqavilə ilə vermiş olsanız belə xoşunuza gəlməyən bir davranış gördüyünüzdə etiraz etmə şansınız var. Amma bu reallıqda nə qədər işləkdir? Çox az. Çünki fotoqraflar bu mövzuda bilgisizdirlər. Fotolar hər zaman oğurlanıb. Amma bilgi sahibi olub haqq arayışına girənlər çox vaxt haqlarını qazanırlar. Bir fotoqraf əgər özəlliklə də sosial mediada fotolarını paylaşırsa rəqəmsal imza atma bilgisinə sahib olmalıdır. İmza silinmiş olsa belə, çəkilən hər bir kadrın bir an öncəsi və bir sonrası vardır. Dolayısıyla bunu sübut etmək mümkündür. Özəlliklə də fotoların exif bilgiləri də deşifrə edildiyində müəllif hüquqları qoruna bilir. Amma təzminatlar da çox az olduğu üçün bir fotoqraf buna baş qoşmaq istəmir. Həm də bunu bir etik problem kimi də dəyərləndirmədiyi üçün heç bir hərəkət etmir. Halbuki bununla etik olaraq da mübarizə aparmaq lazımdır".

Cavid