İnformasiyanın açıqlanması üsulları Layihə

İnformasiyanın açıqlanması üsulları

Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır

"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanununda informasiyanın açıqlanması üsulları haqqında ayrıca danışılır. Maddə 31-də vurğulanır ki, informasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın.
İctimai informasiyanın açıqlanması üsulu xüsusi qanunla və ya beynəlxalq müqavilələrlə nəzərdə tutulubsa, onda ictimai informasiya açıqlanarkən həmin qanunla və ya beynəlxalq müqavilə ilə nəzərdə tutulan üsul tətbiq olunur. Əgər həmin vəzifə, həmçinin bu qanunun 29.1-ci maddəsinin tələblərindən irəli gəlirsə, ictimai informasiya internet informasiya ehtiyatlarına da daxil edilir. İnformasiya sahibi insanların həyatı, sağlamlığı və əmlakı, yaxud ətraf mühit üçün yaranan təhlükə, ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən digər hadisələr və faktlar barədə informasiyanı həmin təhlükənin qarşısını almaq və onun mümkün olan nəticələrini azaltmaq məqsədi ilə dövri mətbuatda, teleradio verilişlərində və internet informasiya ehtiyatlarında təcili surətdə açıqlamalıdır.
Qanunda internet informasiya ehtiyatlarına verilən tələblər haqqında danışılarkən vurğulanır ki, informasiya sahibləri internet informasiya ehtiyatları ilə tanış olmaq imkanları barədə məlumatı əks etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri kütləvi informasiya vasitələrində açıqlamaq yolu ilə ictimaiyyətə çatdırırlar; internet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər; köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları internet informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər; internet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər. İnformasiya sahibi internet informasiya ehtiyatlarında sənədin yerləşdirildiyi vaxtı və digər üsullarla açıqlanması tarixini göstərməlidir.
İnformasiyanın təsnifatına gəlicə, "İnformasiya əldə etmək haqqında" qanunda qeyd olunur ki, əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür.
Bəs hansı informasiyalar "açıq" sayılır? Qanunda göstərilir ki, qanunla əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.
"İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinin əsasları" maddəsində (35) bildirilir ki, informasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər. İnformasiya sahibi aşağıdakı informasiyaları bu qanunda göstərilən müddət ərzində xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etməlidir: cinayət işi və ya inzibati xətalar haqqında iş üzrə toplanmış informasiya iş məhkəməyə verilənədək və ya işin icraatına xitam verilməsi barədə qərar qəbul edilənədək; dövlət nəzarəti gedişində toplanan informasiya həmin məsələ üzrə qərar qəbul edilənədək; vaxtından əvvəl açıqlanması dövlət siyasətinin formalaşdırılmasına, inkişafına və müvəffəqiyyətlə başa çatdırılmasına mane olan və ya mane ola bilən informasiya prosesin başa çatması barədə razılaşma əldə edilənədək; vaxtından əvvəl açıqlanması dövlət orqanı tərəfindən testləşdirmə və ya maliyyə yoxlamasının səmərəliliyinə ciddi təhlükə yaradacaq və ya təhlükə yarada biləcək informasiya - test və ya maliyyə yoxlaması başa çatanadək; vaxtından əvvəl açıqlanması dövlət orqanında fikir mübadiləsini, məsləhətləşmə prosesini pozacaq və ya poza biləcək informasiya - son qərar qəbul edilənədək; vaxtından əvvəl açıqlanması dövlət orqanının iqtisadi, pul-kredit və ya maliyyə siyasətinin həyata keçirilməsinə mənfi təsir göstərə bilən informasiya iqtisadi, pul-kredit və ya maliyyə fəaliyyəti ilə bağlı konkret əməliyyat başa çatanadək; ədalət mühakiməsinin həyata keçirilməsinə əngəl törədəcək və ya törədə biləcək informasiya - məhkəmə qərarı qəbul edilənədək; xarici ölkələrdən və ya beynəlxalq təşkilatlardan daxil olan sənədlər sənədin açıqlanması üçün qarşılıqlı razılıq əldə edilənədək; ətraf mühit üçün təhlükə yaradacaq və ya yarada biləcək, ətraf mühitin komponentlərinə zərər vuracaq və ya zərər vura biləcək informasiya - bu təhlükəni törədən səbəblər aradan qalxanadək; açıqlanması informasiya sahibinin qanuni maraqlarına ziyan vurursa, yaxud ictimai funksiyaları yerinə yetirən özəl hüquqi şəxslərlə bağlanan müqavilədə informasiyanın xidməti istifadə üçün nəzərdə tutulması qeyd olunubsa - texniki həllər barədə informasiya.
Qanunda daha sonra vurğulanır ki, (37.1.23) məlumatın açıqlanması dövlətin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirmirsə, dövlət orqanları və bələdiyyələr tərəfindən aparılan, yaxud sifariş verilən tədqiqatların və təhlillərin nəticələri barədə; ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və ya baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və xərclər barədə; reyestrdə qeydə alınmayan daxili sənədlər - təbrik məktubları, zəmanətlər, memorandumlar, kütləvi tədbirlərin proqramları, müxtəlif statistik hesabatlar açıqlana bilər.
Bu Qanunun 9.3.1-ci maddəsində göstərilən hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə dair informasiyaları, bu qanunun 9.3.2-ci maddəsində göstərilən hüquqi və fiziki şəxslər isə dövlət və ya bələdiyyə büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair informasiyaları xidməti istifadə üçün məhdudlaşdıra bilməzlər.
Maddə 38-də "Fərdi məlumatlar" anlayışına aydınlıq gətirilir. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır: qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar; etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar; cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda; şəxsin məhkumluğu barədə məlumatlar;
sağlamlıq vəziyyəti haqqında məlumatlar; şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar; sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar; ruhi və fiziki əzablara dair məlumatlar;
şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar; vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar.
Qanunda əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatların aşağıdakılar olduğu vurğulanır: cinsi həyat haqqında məlumatlar; vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar; övladlığa götürmə ilə bağlı məlumatlar. Bu maddədə göstərilən fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur. İnformasiya sahibi aşağıdakı hallar istisna olmaqla, fiziki şəxslərin sorğuları əsasında onları özləri barəsindəki fərdi məlumatla tanış etməyə borcludur:
yetkinlik yaşına çatmayan şəxsin informasiya ilə tanış olması onun mənşəyi haqqında sirri pozursa; informasiyanın əldə olunması cinayətin qarşısını almağa, cinayətkarı tutmağa və ya cinayət işində həqiqəti müəyyənləşdirməyə mane olarsa; digər insanların hüquq və azadlıqlarının müdafiəsi informasiyanın açıqlanmamasını tələb edirsə; informasiya dövlət təhlükəsizliyi naminə toplanıbsa.
Aşağıdakı şəxslər bu maddədə göstərilən fərdi məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malikdirlər: valideynlər və ya qəyyumlar - yetkinlik yaşına çatmayanlar haqqında məlumatlarla; qəyyumlar - fiziki cəhətdən qüsurlu şəxslər barədə məlumatlarla; dövlət və bələdiyyə qulluqçuları xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı məlumatlarla; fərdi məlumatlarla işləməyə icazə alanlar - yalnız bu icazədə göstərilən məlumatlarla; normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərin işçiləri və sahibkarlar yalnız bu xidmətlərin göstərilməsi üçün zəruri olan həddə informasiyalarla.
Maddə 40-da göstərilir ki, xidməti istifadə üçün nəzərdə tutulan informasiyaların əldə olunmasına qoyulan məhdudiyyət bu məhdudiyyəti doğuran səbəblər aradan qalxdıqda, lakin 5 ildən gec olmayan müddətdə götürülür. Fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyət həmin informasiya alınan və ya sənədləşdirilən gündən 75 il müddətinədək və ya şəxsin vəfatından sonra 30 il müddətinədək və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il müddətinədək qüvvədədir. İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qüvvədən düşmüş hesab edilməsi informasiyanın daşıyıcısında və reyestrdə qeyd olunur.

Uğur