“Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir” Layihə

“Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir”

Nurlan Qələndərli: “Ermənistan məhz bu faktı nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır”



“Ümumiyyətlə, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və aparıcı güc mərkəzləri üçün mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Nurlan Qələndərli səsləndirib. O, digər suallarımıza da aydınlıq gətirib.

- Bütövlükdə, Azərbaycanın gələcəyə aydın strateji baxışları var, ölkəmiz sülh və əməkdaşlıq tərəfdarıdır. Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq”, - deyə bildirib. Əlbəttə, Avrasiyanın yeni nəqliyyat-kommunikasiya xəritəsini yaradan, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdıran Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bölgədə yaranacaq çoxşaxəli tərəfdaşlıq platforması strateji əhəmiyyətə malikdir. Bütövlükdə, hesab edirəm ki, indi Azərbaycan və region üçün yeni dövr başlanır. Bu mərhələ ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi ilə müşayiət olunacaq.
Bunlarla yanaşı, yaranmış reallıqlardan biri ölkəmizin yerləşdiyi regionun yeni geostrateji status əldə etməsidir. Şərqdən Qərbə geosiyasi tranzit oxunun mərkəzi nöqtələrindən olan bu bölgə, şübhəsiz ki, yeni mərhələdə çoxaktorlu - multilateral əməkdaşlıq platformasına çevriləcək. Eyni zamanda, Azərbaycanın öz hərbi-siyasi gücü və diplomatik resursları vasitəsilə Cənubi Qafqazda yaratdığı təhlükəsizlik sistemi Avrasiyada yeni çoxşaxəli strateji işbirliyi mexanizminin formalaşmasını şərtləndirib. Yeni mərhələdə bir sıra geosiyasi ittifaqlar Cənubi Qafqazın iqtisadi dividendləri və nəqliyyat-logistika imkanları üzərində təşəkkül tapacaq. Və bu bölgə Avrasiya geostrateji məkanının "heartland" nöqtələrindən birinə çevriləcək.

- Ermənistanın üçtərəfli bəyanatın bəzi maddələrinin yerinə yetirilməsilə bağlı pozuculuq fəaliyyəti ilə məşğul olması da reallıqdır...

- Bəli, tamamilə doğru təsbitdir. Ümumiyyətlə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat 44 günlük müharibədə məğlubiyyətə uğramış Ermənistan üçün kapitulyasiya aktıdır. Eyni zamanda, bəyanatdan irəli gələn vəzifələrin tam və qeyd-şərtsiz yerinə yetirilməsi Ermənistan dövlətinin siyasi-hüquqi öhdəliyidir. Doğrudur, işğalçı–təcavüzkar siyasəti iflasa uğradılmış və hərbi müstəvidə darmadağın edilmiş Ermənistan bəhs olunan bəyanatın bəzi maddələri üzrə konstruktiv yanaşma ortaya qoymur, müxtəlif manipulyasiyalar vasitəsilə pozuculuq fəaliyyəti ilə məşğul olur. Təbii ki, burada əsas məsələ bəyanata uyğun olaraq Ermənistanın Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrini çıxarmaq öhdəliyinə əməl edilməməsi ilə bağlıdır. Daha dəqiq desək, Ermənistan Azərbaycan ərazilərinə hərbçilərin göndərilməsinə son qoymalıdır. Çünki bu cür addımların Ermənistan üçün heç bir perspektivi, faydası yoxdur və onlar dağıdıcı mövqe fonunda belə təxribatlarla istədikləri nəticəni əldə edə bilməyəcəklər. 44 günlük müharibənin Azərbaycanın siyasi-diplomatik cəbhədə olduğu kimi, hərbi müstəvidə də öz şərtlərini diktə edəcək və konkret nəticə qazanacaq qədər qüdrətli olduğunu görmək olar. Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir. Ermənistan məhz bu faktı nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır. Nəzərə almalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində antiterror əməliyyatları vasitəsilə təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. Bu, eyni zamanda, Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda regional sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından strateji əhəmiyyətə malikdir.
Bütövlükdə, həm regional təcrid vəziyyətində olan, həm də müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli bəyanatın tələblərini tam icra etməkdən başqa çıxış yolu-əlavə şansı və alternativ imkanları yoxdur.

- Yeri gəlmişkən, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi də belə təxribatlardandır...

-Üçtərəfli bəyanatın müddəalarını icra etmək əvəzinə, hələ də sənədin şərhi ilə məşğul olan Ermənistanın, eyni zamanda, siyasi təxribatlarını və hərbi cinayətlərini davam etdirməsi aşkar reallıqdır. Hazırkı mərhələdə bunu həm də “xəritə oyunu” üzərindən aparır. Daha dəqiq desək, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Səbəb kimi göstərdiyi bəhanə isə çox bəsitdir – qətiyyən inandırıcı deyil: “bu xəritələr yoxdur”. Təbii ki, bu, ermənilərin yüzlərlə yalanından sadəcə biridir. Reallıq budur ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş sahələrdir. Və şübhə yoxdur ki, minalar xəritə əsasında basdırılıb.
Təbii ki, cinayətkar dövlətin “xəritə oyunu” vasitəsilə həyata keçirmək istədiyi plan aydındır: əvvəla, maksimum surətdə çoxlu insanın həlak olmasına müvəffəq olmağa çalışırlar. İkincisi isə, azərbaycanlıların bu ərazilərə qayıdışına müvəqqəti də olsa, mane olmaq, müddəti mümkün qədər uzatmaq istəyirlər.
Əlbəttə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə bütün imkanlardan maksimum yararlanmaqla minatəmizləmə prosesini davam etdirir. Amma ərazinin geniş olması, minalanmış sahələrin miqyasının kiçik olmaması, yəni yüzlərlə kvadrat kilometr ərazini əhatə etməsi, üstəlik, Ermənistanın “xəritə təxribatı” işi çətinləşdirir.
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir. Bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş müvafiq konvensiyaların tələbidir. İşğaldan azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi məhz bu təxribatın nəticəsidir və hərbi cinayət hesab olunur. Eyni zamanda, bu cür qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır ki, bunun da qarşısını almaq üçün beynəlxalq təşkilatlar adekvat addımlar atmalı – məcburedici tədbirlər görməlidirlər.

- Ekspertlərin diqqət çəkdiyi məsələlərdən biri də müharibədə ağır məğlubiyyətə uğramış Ermənistanda daxili siyasi böhranın hökm sürməsidir. Bildirilir ki, məğlub ölkə bu reallıqlardan dərs çıxarmalıdır...

- Bəli, “dəmir yumruğun” zərbəsi altında əzilmiş Ermənistan müharibənin nəticələrindən dərs çıxarmalı, təxribatçı hərəkətlərdən çəkinməlidir. Ümumilikdə isə, müharibədə Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayan – sarsıdıcı zərbə alan Ermənistanda daxili siyasi qüvvələr arasında qarşıdurmanın meydana çıxması və pik həddinə çatması proqnozlaşdırılan idi. Hazırda Ermənistanda baş nazir ilə prezident və ordu rəhbərliyi arasındakı siyasi intriqa gərginliyi artırıb. Bu günlərdə iqtidar cinahının hakimiyyət daxilindəki qarşıdurmadan qalib və üstün tərəf kimi çıxdığı, öz mövqeyini gücləndirdiyi söylənilsə də, hər hansı bir konkret nəticədən bəhs etmək olmaz. Ayrıca, müxalifətin siyasi pusquda dayanaraq növbəti həmlə fürsəti güdməsi də reallıqdır. Ona görə də məğlub ölkədə ictimai-siyasi gərginliyin azaldığını, yaxud qarşıdurmanın səngidiyini söyləmək mümkün deyil. Proseslərin önümüzdəki günlərdə də zaman-zaman artan və azalan dinamika ilə cərəyan edəcəyini proqnozlaşdırmaq olar.
Bütövlükdə, Ermənistanda baş nazir-ordu rəhbərliyi qarşıdurması müxalifət üçün “taymaut” götürməyə və resursları yenidən səfərbər edərək təşkilatlanmağa imkan yaradıb. Hətta hakimiyyət daxilindəki bəzi qüvvələrin də müxalifətlə işbirliyi üçün təmaslar yaratdığı qeyd edilir. Ermənistan mətbuatı Paşinyana qarşı təşkil edilmiş bu müqavimət qrupunu “üçüncü qüvvə” adlandırır. Amma məsələ ondadır ki, hazırkı situasiyada konfrontasiya tərəflərinin güc və təsir nisbəti iqtidarın lehinədır. Müxalifətin həlledici ictimai dəstək qazanmağı bacarmaması, hakimiyyətdaxili müxalif qrupların koordinasiyalı hərəkət edə bilməməsi və digər bu cür amillər Paşinyana rəqiblərinin həmlə qüvvəsini zəiflətmə şansı verir. Paşinyan həm hakimiyyət daxilindəki, həm də klassik müxalifətin manevr imkanlarını daraltmaq üçün repressiv metodlardan istifadə edərək siyasi pressinqi davam etdirəcək. Müxalif qüvvələrin isə iqtidara təzyiq aksiyalarının davam edəcəyini düşünürəm. Siyasi səhnəyə “üçüncü qüvvə”nin daxil olub-olmamasından asılı olmayaraq, proseslər bu cür cərəyan edəcək. Belə bir şəraitdə Ermənistanda xaos, böhran və gərginliyin davam edəcəyi qənaətindəyəm.

Əli Zülfüqaroğlu