İngilis jurnalisti Skotland – Liddell nə yazırdı? Layihə

İngilis jurnalisti Skotland – Liddell nə yazırdı?

"Ermənilər ona görə bədbəxt xalqdır ki, orada daşnak partiyası hakimiyyətdədir".

II yazı

Ermənilər ağ yalanlarını dünyaya yayması fonunda Zaqafqaziya müsəlmanlarının günahkarmış kimi susub başlarını aşağı salmasının nəticəsidir ki, biz indiyə kimi Qarabağ adlanan problemi həll edə bilməmişik. Dünyaya öz problemimizi danışmaq istəməsək də, həqiqər axtarışında olan bəzi insanlar bizim susqunluğumuz və əslində nəyin baş verdiyi ilə maraqlanıblar. İndilis jurnalist Skotland Liddell həqiqət, ədalət axtarışında olan az insanlardan biridir. Biz XX əsrin əvvəlində Güney Qafqazda fəaliyyət göstərmiş ingilis hərbi müxbiri Skotland-Liddellə həqiqəti qələmə aldığına görə borcluyuq.
Skotland Liddell yazırdı ki, 1919-cu ilin əvvəllərində Britaniya hökuməti Qarabağın Azərbaycana birləşdirilməsi barəsində qərar qəbul edir. Qarabağ Azərbaycanın tərkib hissəsi elan edilir, Xosrov bəy Sultanov isə Qarabağ general-qubernatoru təyin olunur. Azərbaycanla Ermənistan arasında müqavilə bağlandıqdan sonra isə Qarabağda sülh bərpa olunur. Skotland Liddellin yazdıqlarından görünür ki, öz daşnak rəhbərləri tərəfindən qızışdırılaraq Azərbaycana qarşı çıxış edən sadə ermənilər də sülhə razı idilər. O, yazırdı: "Onlar (ermənilər) mənə deyirdilər ki, əvvəllər Şuşada və Qarabağda heç zaman bu qədər sakitlik və qayda-qanun hökm sürməmişdi. Ermənilər sərbəstcə şəhərin tatar (azərbaycanlı – A.P.) hissəsinə, tatarlar (azərbaycanlılar – A.P.) isə heç bir qorxu hiss etmədən şəhərin erməni hissəsinə gəlirlər".
Lakin bu sülh uzun sürmür, Daşnaksütyunun rəhbərlik etdiyi Ermənistan hökuməti yenidən sülh müqaviləsini pozur. 1920-ci il yanvarın 19-da Ermənistan hökumətinin silahlı qüvvələri, silahlı erməni quldur dəstələrinin iştirakı ilə Zəngəzur tərəfdən Şuşa istiqamətində hücuma keçir və yol boyunca bütün azərbaycanlı kəndlərini dağıdırdılar. Azərbaycan Cümhuriyyəti hökumətinin xarici işlər naziri Fətəli Xan Xoyski yanvarın 25-də Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə göndərdiyi notada bildirirdi ki, 1919-cu il 23 noyabr tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəlikləri pozaraq Ermənistan ordusu qısa vaxt ərzində Zəngəzurda 40-a yaxın müsəlman kəndini dağıdıb.
Bununla əlaqədar S.Liddell 1920-ci il yanvarın 30-da "Müsəlmanlarla müharibə... ermənilər yenə də hücum edirlər" məqaləsini dərc etdirir. Məqalədə yazırlır: "Cənubi Qafqazda yenə də sakitlik yoxdur. Üç ay əvvəl erməni və azərbaycanlı orduları arasında vuruşma gedirdi. Bunun ardınca noyabrın 23-də hər iki hökumət Tiflisdə böyük dövlətlərin bu respublikaların sərhəd məsələlərini həll edənə qədər sülh şəraitində yaşamaq barəsində müqavilə imzaladılar. Müqavilənin bağlanılmasının ardınca Azərbaycan orduları həmin ərazilərdən geri çəkilən kimi ermənilər xaincəsinə Zəngəzur müsəlmanlarının üzərinə gedərək 40-a yaxın müsəlman kəndini dağıtmışlar.Azərbaycan hökuməti bununla əlaqədar nota verir, erməni hökuməti isə göstərilən faktları təkzib edirdi".
Tarix elmləri doktoru Ataxan Paşayev yazır ki, Liddellin erməni psixologiyasını, ermənilərin Zaqafqaziyada və ona qonşu ərazilərdə yeritdikləri şövinist millətçilik və ərazi tutmaq siyasətinin mahiyyətini çox yaxşı başa düşə bilməsi məqalələrindən görünür. Belə ki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransı dövlətləri tərəfindən üç Zaqafqaziya Respublikasının müstəqilliyinin de-fakto tanındığı bir vaxtda daşnak Ermənistan hökumət ordusunun silahlı erməni quldur dəstələri ilə birlikdə Qarabağa, Şuşa istiqamətində hücumunu S.Liddell "təkcə cinayət deyil, həm də son dərəcə ağılsız hərəkət" adlandırmışdı. O yazırdı: "Ermənilər ona görə bədbəxt xalqdır ki, orada daşnak partiyası hakimiyyətdədir. Bu terrorçu inqilabi təşkilat çox illər ərzində ermənilərin ərazi iddiası ilə məqsədyönlü şəkildə müsəlmanlara qarşı hücuma çağırır. Sonunculardan layiqli cavab aldıqda isə onlar bu məsələni bilərəkdən şişirdərək dünya ictimaiyyətinin rəğbətini "yazıq elmənilərə" tərəf yönəltmək istəyirlər".
S.Liddell qeyd edirdi ki, Londonda erməni bürosu var. Ermənilərin Fransada və Amerikada da belə təşkilatları var. Onların sevimli üsulları ucuz reklam xarakteri daşıyan "xristian" faktorundan gen-bol istifadə etməkdir. "Ancaq orada həqiqəti bilirlər. Əgər o, ingilis ictimaiyyətinə məlum deyildirsə də, ingilis nazirləri onu çox yaxşı bilirlər".
S.Liddell yazırdı ki, bir neçə il ərzində ermənilərlə yaxından tanış olan bir ingilis zabiti onlar haqqında demişdi: "Ermənilər həmişə toqquşma axtarır və bunu əldə etdikdə, onu öz təbliğatlarında "sıxışdırma" adlandırırlar.Həqiqətdə isə bu, tamamilə onların özlərinin qazandıqları cəzadır. Daşnak üçün ölmüş erməni çox qiymətlidir. Əgər bu hadisədən necə lazımdırsa istifadə edilərsə, təbliğat üçün böyük xeyir gətirə bilər. Bu yaxınlarda söhbət etdiyim Nuru Paşanın sözləri ilə desək, "nə vaxtsa öldürülmüş erməni qəbirdən başını qaldıraraq bağıracaq: Mən kütləvi qırğınlar zamanı öldürülmüşəm".
Müəllif yazırdı ki, Zaqafqaziya respublikalarının müstəqilliyinin de-fakto tanınmasını Gürcüstan və Azərbaycan sevinclə, müttəfiq ölkələrinə səmimi təşəkkür etməklə qarşıladı. Lakin Ermənistanda hakimiyyətdə olan Daşnaksütyun partiyası isə buna nə öz razılığını, nə də təşəkkürünü bildirdi. Ermənilərin ərazi əldə etmək hərisliyi, acgözlüyü olduqca böyükdür, onlar daha çox torpaq tutmaq istəyirlər. Bu məqsədlə də öz nizami ordularını Zəngəzur rayonunda müsəlman kəndlərinin üzərinə göndərib, sərhədlərini genişləndirmək üçün yol boyu bütün evləri dağıdır və sakinlərini isə qırırlar.
"Ermənilərə müttəfiqlərin mərhəməti lazım deyil" məqaləsində Liddell Daşnaksütyun partiyasınının Tiflisdəki rəsmi orqanı olan "Aşkatavor" qəzetindən gətirdiyi iqtibaslarla, yəni ermənilərin öz yazıları ilə onların şovinist millətçilik, bütün dünyaya açıqca meydan oxumaq cəhdlərini ifşa edirdi. O yazırdı ki, Daşnaksütyun partiyasının rəsmi orqanı olan Tiflisdəki "Aşkatavor" qəzeti baş məqalə dərc edərək orada Ermənistanın müstəqilliyinin tanınmasını rişxəndlə "müttəfiqlərin gecikmiş mərhəməti" adlandırmışdı. "Aşkatavor" yazırdı ki, müttəfiq dövlətlərinin bu aktının erməni zəhmətkeş xalqı qarşısında qiyməti və əhəmiyyəti tamamilə başadüşülməzdir".
Məqalədə ermənilərin şovinist-millətçi ideyalarını ifşa edən Skotland Liddell qeyd edirdi ki, ermənilər yekəxanalıqla müttəfiq dövlətləri nümayəndələrinin dəfələrlə yüksək parlament kürsülərindən erməni xalqını özlərinin "kiçik, lakin namuslu müttəfiqləri" elan etdiklərini qeyd edirdilər".
"Aşkatavor" yazırdı ki, bu bəyanatlar haqq verir ki, erməni məsələsi həmin dövlətlərin nəzərində əsas diqqət mövzusu olsun. Erməni əməkçi xalqının dünya müharibəsinin bütün cəbhələrində qəhrəmanlıqla iştirakı bizim bu inamımızı daha da artırırdı. İndi müharibə qurtardıqdan sonra Versal Ali Şurası özünün "qu quşunun son nəğməsi" ilə erməni demokratiyasının əldə etdiklərini heçə endirib. O, təkcə İrəvan hökumətini tanıyır, yaddan çıxarır ki, bizim üçün "paytaxtı İrəvan olan erməni hökuməti" yoxdur. Yalnız birləşmiş Ermənistan var, onun hökuməti və parlamenti artıq çoxdandır ki, dövlət quruculuğu ilə məşğuldur və heç bir tanınmaya da ehtiyacı yoxdur.
"Aşkatavor" yazırdı ki, 28 may müstəqillik aktı ilə (1918-ci il Ermənistanın İstiqlal bəyannaməsi nəzərdə tutulur) zəhmətkeş erməni xalqı özünün yenilməz iradəsini ifa edərək birləşmiş Ermənistanın müstəqilliyini elan etmiş və biz "güc" dünyasının Ermənistanı iki yerə bölməsini heç cür başa düşmürük. Bu cür diplomatik gedişlər ən yaxşı halda yalnız zəhmətkeş erməni xalqının dərin etirazına səbəb ola bilər". Sonra qəzet yazırdı ki, müttəfiq dövlətlər başa düşməlidirlər ki, Ermənistanın müstəqilliyini onlar deyil, yüz minlərlə erməninin qanı və canı bahasına bu hüququ əldə etmiş erməni xalqı özü əldə edəcək və onların müttəfiq dövlətlərin mərhəmətinə ehtiyacı yoxdur.
Skotland Liddell öz məqalələrində Zaqafqaziyada yaşayan xalqları həmişə sülhə, qarşılıqlı anlaşmaya çağırır, Qarabağ və Zəngəzura səfərləri ilə bağlı yazdığı iri həcmli məqalədə göstərirdi ki, əgər Ermənistandakı və Qarabağdakı erməni rəhbərləri imkan verərsə, belə bir sülhün yaranmasına heç bir şübhə etmir. Erməni saxtakarlığını kəskin şəkildə ifşa edən S.Liddell 1920-ci il martın 30-da qələmə aldığı "Qarabağ erməniləri" adlı məqaləsində həmin il fevral ayının 21-də buraxılmış "Qrafik" jurnalının redaktoruna ünvanladığı etiraz məktubunda göstərirdi ki, Tiqran Nazaryan adlı şəxs öz yazısında sülh konfransını inandırmağa çalışır ki, Qarabağın siyasi cəhətdən Ermənistana qatılmasını sübut edən fakt odur ki, guya Qarabağdakı əhalinin 198 min nəfəri erməni, 80 min nəfəri isə müsəlmanlardı. S.Liddell qeyd edirdi ki, bu, ağ yalandır. Bu sahədə böyük nüfuz sahibi və dəqiq hesablamalar müəllifi olan professor Şepotyevə görə, Qarabağda 415 min müsəlman və 170 min erməni var. Öz məqaləsində S.Liddell həmin il mart ayının 22-də müsəlmanların ən əziz Novruz bayramı günü bütün Qarabağda ermənilərin qaldırdıqları qiyam və qəfil hücumları bir daha erməni xəyanətinə bariz nümunə olduğunu qeyd edirdi. O yazırdı ki, bütün erməni təbliğatına baxmayaraq "Biz Zaqafqaziyadakı həqiqətləri bilirik. Sözsüz artıq vaxtdır ki, onu İngiltərə cəmiyyəti də bilsin".
Ataxan Paşayev Skotland Liddellin bir məlumatını xatırladır. Belə ki, o, 1920-ci il martın 21-də Bakıda "Müsəlman respublikası de-yure tanındı" adlı xəbərində bildirirdi ki, İranla Azərbaycan hökumətləri arasında müqavilə bağlandıqdan sonra təşkil edilmiş rəsmi mərasimdə İran nümayəndə heyətinin rəhbəri ağayi Təbətəbai bəyan etmişdir ki, İran hökuməti Azərbaycan Cümhuriyyətini de-yure tanıyır. Liddell 1920-ci ilin əvvəllərində Bakı, Tiflis və Zaqafqaziyanın digər şəhərlərində Sovet Rusiyası, bolşevik təbliğatı və gizli təxribatlar barədə də yazılarında məlumatlar verirdi. Həmin dövrə aid İngiltərə mətbuatı və arxivlərinin tədqiq olunması və daim həqiqət axtarışında olmuş jurnalist Skotland-Liddellin yazılarının araşdırılması vacibdir. Bu, bir çox məsələlərə aydınlıq gətirə bilər.

Ülviyyə Tahirqızı