Xarici jurnalistlər işğal altındakı torpaqlarımızdan nə yazırlar? Layihə

Xarici jurnalistlər işğal altındakı torpaqlarımızdan nə yazırlar?

İşğal edilmiş Qarabağ azərbaycanlılar, xüsusilə orda yaşamış sakinlər üçün xüsusilə əzizdir. Bu faktdır ki, insanlar bu həsrəti azaltmaq üçün bəziləri çox təhlükəli də olsa, düşmən əlində olan kəndlərinə, şəhərlərinə gedir, əzizlərinin qəbrinə baş çəkirlər. İşğal altında olan torpaqların xəbərini, ordakı vəziyyəti təəssüf ki, xarici jurnalistlərin yazısından alırıq.
"Avtorevyü" Rusiya-Ukrayna jurnalının 23-cü sayında nəşrin əməkdaşlarının Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfərindən hazırlanmış reportaj dərc olunub. Reportajda işğal altında olan ərazilərdə real vəziyyətlə bağlı məlumatlar yer alıb. Reportajdan bəzi qeydlər: "Xarici pasportlara möhür vurulması bir neçə dəqiqə çəkdi. Gömrükdəki formal proseduraların yerinə yetirilməsinə isə 3 saat sərf olundu. Yox-yox, səbəb konyak deyildi, sadəcə burada belə işləyirlər. Kompüter məftilləri dolaşmış masaların arxasında qaşqabaqlı adamlar oturub, ətraf isə heç nə anlamayan sürücülərlə doludur. Məlumat kitabçası var, amma hamısı erməni dilindədir. Surətçıxarma aparatları cırıldayır, çap maşınları kağızları çeynəyir, möhürlər blankların üzərinə enir, çap olunmuş qəbzlər bir masadan o birisinə uçur. Və birdən - sakitlik! Serverlə əlaqə yoxdur. Gözləyin! On dəqiqə, iyirmi, qırx... İkinci dəfə rabitə sığortanın sənədləşməsi zamanı kəsilir, vəd olunan 10 dəqiqə əvəzinə kontorda bir saatdan çox vaxt itiririk. Sərhəddə hər avtomobilin xərci təxminən 65 dollar tutdu".
Bir neçə avtomobildə Qarabağa gedən səyahətçi jurnalistlər yolun əvvəlində üzləşdikləri maraqlı epizodu yazıblar: "Siz hara gedirsiniz? İstisuya? Bəlkə Kəlbəcərə kimi aparım? Yolumuzun üstüdür. Başımı tərpədərək razılıq verirəm. Kim bilir, bu dağ kəndində növbəti maşın nə vaxt rast gələcək? "Mazda"nın sərnişin oturacağında o qədər də gənc olmayan, arıq erməni qadın oturub. Dəqiqləşdirməyə çalışıram: "Kəlbəcər? Bəlkə Karvaçar demək istəyirsiniz? Xəritədə məhz belə göstərilib. Bu adlardan hansı doğrudur? Cavab - sükut. Hiss edirəm ki, cavab verməyə çətinlik çəkirlər. Kəlbəcər və İstisu - Azərbaycan adlarıdır, lakin hazırda bu yerlərdə yaşayanlar yenə də həmin adlardan istifadə edirlər".
Reportajdan daha bir sutat: "Bütün günü yol getmək olar, amma bir nəfərə belə rast gəlməzsən, sonra isə gecənin qaranlığında xarabalıqlar arasında dolana-dolana qalırsan". Jurnalistlər Ağdam şəhərinin artıq mövcud olmadığını yazırlar: "Bir zamanlar sovet dövrünün ən məşhur portveyninə adı verilən Ağdam şəhəri artıq yoxdur. "Qrad" qurğularının dağıtmadığı hər şey tikinti materialı kimi sökülüb. Hazırda bura Əskəran rayonunun inzibati mərkəzidir, amma faktiki olaraq daşlıq səhradır. Burada yalnız metal qırıntıları toplayan minaaxtaranlara rast gəlmək olar. Bütün siyasi xəritələrdə və rəsmi sənədlərdə bura - Qarabağ Azərbaycanın suveren ərazisidir. Gerçəkdə isə - Ermənistan dövlət nömrə nişanlı avtomobillər, erməni pasportları, erməni pulları... Fərq yalnız dildədir. Əgər İrəvanda hərdən adamlarla ingilis dilində danışmaq mümkündürsə, Stepanakertdə demək olar ki, bütün danışıq və elanlar rus dilindədir".
"The New York Times" qəzetinin əməkdaşı Ras Cuskalian (Russ Juskalian) da Azərbaycanın işğal altındakı ərazilərində olub və gördükləri barədə geniş məqalə hazırlayıb. Məqalədən məlum olur ki, jurnalist erməni əsillidir və onun nənəsi 1915-ci il hadisələri zamanı Osmanlı Türkiyəsinin ərazisindən Amerikaya mühacirət edib. "Mən Cənubi Qafqazdakı separatçı Dağlıq Qarabağ regionuna ucqar yerləri gəzmək arzusu ilə getdim. Etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ adı "dağlıq qara bağ" mənasını verən anklav ərazidir. Onun son dövrlərdəki qaynar tarixi şübhəsiz ki, istənilən səyahətçini cəlb edə bilər. Lakin mənim üçün bu ərazilərə səfər etmək şəxsi maraqlarımla bağlı idi. Mənim nənəm Osmanlı imperiyasının dağılması ərəfəsində ermənilərə qarşı soyqırımdan xilas olmaq üçün Anadoludan qaçıb. İndi ermənilərin azərbaycanlıları zorla öz evlərindən qovmaq hesabına özləri üçün sərbəst yaşamaq imkanı əldə etdikləri Dağlıq Qarabağa getmək məndə qarışıq emosiyalar yaradır" deyə, jurnalist yazıb.

Müəllif daha sonra Dağlıq Qarabağın tarixi barədə bəzi məlumatlara yer verir. Bildirir ki, Dağlıq Qarabağ sovet hakimiyyəti dövründə Azərbaycanın tərkibində muxtar vilayət statusuna malik idi. Bu status ermənilərin və azərbaycanlıların birgə yaşadıqları bu regionda qarşıdurmanı müvəqqəti olaraq sakitləşdirə bilib. Lakin ötən əsrin 80-ci illərinin sonlarında Sovet İttifaqı dağılmağa başlayanda etnik qarşıdurma yenidən qızışıb, qanlı xarakter alıb və hər iki millət bir-birilərinə qarşı təqiblərə, kütləvi deportasiyalara başlayıb. "O vaxt Dağlıq Qarabağ əhalisinin 75 faizini təşkil edən ermənilər Azərbaycandan ayrılmaq tələbini qaldırdılar. Qarşıdurma 90-cı illərin əvvəllərində irimiqyaslı müharibəyə gətirib çıxardı, hər iki tərəfdən 30 mindən çox adam həlak oldu və yüz minlərlə insan öz evlərini tərk etməli oldu" deyə, məqalədə bildirilir. Müəllif daha sonra yazır ki, 1994-cü ildə ermənilər bu müharibədə faktiki qalib oldular və atəşkəs rejimi haqda razılaşma imzaladılar. "Bu gün qondarma Dağlıq Qarabağ respublikasını dünyanın heç bir dövləti tanımır. Azərbaycanda erməni əsgərlər təmas xətti boyu səngərlərdə qarşı-qarşıya dayanıblar".
Müəllif Dağlıq Qarabağa yollananda orada dəbdəbəli otellər, kondisionerli avtobuslar və zəngin mətbəxlə qarşılaşacağını düşündüyünü qeyd edir. Ancaq gözlədiyinin heç biri ilə rastlaşmır: "Bunların əvəzində biz yerli evlərdə yerləşməli olduq. Hansı ki, orada su tapmağa qarantiya yoxdur, ev sahibləri ilə birlikdə sadə yeməklər yeməli idik və sovet dövründən qalma "Jiquli"lərdə, yaxud köhnəlmiş, təkərləri "keçəlləşmiş" mikroavtobuslarda gəzirdik. Rahatlıqların yoxluğunun əvəzində mən barəsində az məlumat olan bu bölgə haqda daha çox öyrənməyə çalışırdım".
Jurnalist Dağlıq Qarabağa səyahətinin İrəvandan necə başladığını təsvir edərək yazır ki, nəmli may günlərindən birində səhər tezdən onlar İrəvanın toz-torpaqlı vağzalına yollandılar. Vağzalda amerikalı jurnalist və rəfiqəsi Xankəndinə gedən, "ağzınacan dolu" köhnə mikroavtobusa oturmalı olurlar. Onlara deyilir ki, Dağlıq Qarabağa səkkiz saatdan sonra çatacaqlar: "İki asiyalı turist və bizi çıxmaqla, avtobusdakıların hamısı yerli qadın və qocalar, azyaşlı uşaqlar idi. Qocalardan bəziləri avtobusda karton qutunu arxası üstə çevirərək onun üzərində kart oynamaqla vaxtlarını keçirirdilər. Marşrutun axırı Laçın dəhlizindən keçən 10 kilometrlik dağ aşırımından keçirdi. Əgər maraqlansanız Laçın özü də Azərbaycan ərazisi olub. Biz Stepanakertə (Xankəndi-red.) çatanda yağış yağırdı. Səyahət sənədlərimizi təqdim etmək üçün "Xarici İşlər Nazirliyinə" yollandıq. Sənədlərimizi yoxlayandan sonra sadə görkəmli hotelə yollanırıq və yatırıq. Səhər tezdən günəş hələ buludların arasından çıxmamış Stepanakertin qapalı bazarını gəzirik. Havadan yerli otların və yetişmiş albalının qoxusu gəlir".
Amerikalı jurnalist və rəfiqəsi Dağlıq Qarabağdakı "erməniləşdirilmiş" tarixi abidələrin bir neçəsini gəzdikdən sonra yolüstü Ağdam xarabalıqlarını da görə bilirlər: "Hansısa məqamda Stepanakert-Mardakert yoluyla sınıq-salxaq taksi ilə hərəkət edəndə mən daş binaların xarabalıqlarını gördüm. "Ağdamdır?" deyə sürücüdən soruşuram. "Ağdamdır" deyə o sakit şəkildə cavab verir, ardınca xəbərdarlıq edir: "Foto çəkmək qadağandır". Ağdam azərbaycanlı şəhəri olub və müharibə zamanı ermənilər tərəfindən tamamilə dağıdılıb. Şəhərin 40 minlik əhalisi öz evlərini tərk edib, çoxları həlak olub. Yüzlərlə xaraba evin göründüyü mənzərəni tez ötmək üçün sürücü möhkəm qaza basır".
Ras Cuskalian daha sonra yazır ki, Dağlıq Qarabağ müharibəsi zamanı ermənilər türklərin onlara qarşı etdiklərinin qisasını almaq üçün döyüşürdülər. Lakin müəllif ermənilərin az qala bir əsr əvvəl türklər tərəfindən təqib olunmalarına öz azərbaycanlı qonşularını evlərindən qovmaqla, onlara qarşı kütləvi qırğınlar törətməklə cavab vermələrini anlamaqda çətinlik çəkir: "Bəs hazırda təxminən mən yaşda olan, heç vaxt doğulduqları bu yerləri görməyən və Azərbaycanın müxtəlif yerlərində qaçqın kimi məskunlaşan azərbaycanlı qızlar və oğlanlar necə olsun? Mən erməni əsilli olmağım səbəbindən Azərbaycanın qalan yerlərini yəqin ki, görə bilmərəm. Ancaq onlar da öz doğulduqları yerləri görmək imkanında deyillər".
Müəllif bu hissləri barədə vaxtilə Bakıdan köçən erməni Saryana danışır. O da cavab verir ki, hələ də Bakıyla bağlı nostalji hissləri ilə yaşayır, Bakıdakı keçmiş qonşuları ilə hərdən sosial şəbəkələrdə söhbətləşir. "Bizim şimal yoluyla Kəlbəcəri gəzmək və Ermənistana geri qayıtmaq üçün iki gün vaxtımız qalırdı. Uzaqdan Kəlbəcərin hələ də başı qarla örtülən uca dağları görünürdü. Biz Saryanın evinə qayıdanda Kəlbəcərdəki İstisuya getmək üçün marşrutu öyrənirik. Ertəsi gün İstisuya çatanda rəfiqəm Barbaranı heyət bürüyür. Təbii su hovuzunda su elə bil ki, qaynayır, orta yaşlı onlarla kişi hovuza giriblər. Dərhal onların diqqətini cəlb edirik və bizim də hovuza girməkdən başqa yolumuz qalmır. Hovuzdan çıxandan sonra bizi isti pivəyə və tut arağına qonaq edirlər. Biz səyahətimizi Kəlbəcər şəhərində davam etdiririk. Şəhər dəniz səviyyəsindən 6500 fut hündürlükdə, uca dağların əhatəsində yerləşir. Ağdam kimi Kəlbəcərdə də müharibəyə qədər erməni yaşamayıb. İndi o, Dağlıq Qarabağ "respublikasının" nəzarətindədir. Kəlbəcər də ruhlar şəhərini xatırladır, bəzi evlərdə məskunlaşan tək-tük erməniləri çıxmaqla orada yaşayan yoxdur. Bu ermənilər də əsasən Gürcüstandan, Rusiyadan və digər ölkələrdən köçüblər. Turizm infrastrukturu demək olar ki, yoxdur, gecəni şəhərdəki vaqon-xəstəxanada qalmalı oluruq, həkim bizim üçün iki dəmir çarpayı ayırır... Səhər tezdən biz Ermənistana geri dönməliyik. İki gənclə ortaq olub sovet istehsalı olan "Niva" ilə İrəvana getmək üçün anlaşırıq... ".

Ülviyyə Tahirqızı