“Yeni agentlik vətəndaş  cəmiyyətinin dayanıqlı inkişafına tövhə verəcək” Layihə

“Yeni agentlik vətəndaş  cəmiyyətinin dayanıqlı inkişafına tövhə verəcək”

Cəsarət Hüseynzadə: “Agentliyin xeyli üstün hüquqları var”

Prezident İlham Əliyevin Qeyri Hökumət Təşkilatrlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə bir neçə gün öncə imzaladığı fərman QHT-lər tərəfindən müzakirə olunur.Xatırladaq ki, agentlik Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb. Şura bundan sonra Agentlik (publik hüquqi şəxs) qismində fəaliyyət göstərəcək.
Marqlıdır, Agentliyin yaradılması vətəndaş cəmiyyətinin inkişafına hansı töhfələr verəcək?
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, bununla dövlət tərəfindən vətəndaş cəmiyyəti təşkilatlarına daha çox diqqət ayrılacaq, QHT-lərin maliyyə imkanlarının və resurslarının artırılması gözlənilir.
Təşkilat rəhbəri əlavə edib ki, son zamanlar müxtəlif sahədə aparılan islahatların əsas məqsədi dövlətimizin inkişafı, ölkə əhalisinin sosial vəziyyətinin və hüquqlarının müdafiəsinin gücləndirilməsi, ictimai-siyasi mühitin sağlamlaşdırlması, ictimai nəzarətin inkişaf etdirilməsi və digər yeni çağırışlara adekvat cavab verməkdir: “Qeyd olunan sahələrdə aparılan islahatların həyata keçirilməsində əsas aktorlardan biri də vətəndaş cəmiyyəti təşkilatlarıdır. Prezident İlham Əliyev hər zaman qeyri-hökumət təşkilatlarının fəaliyyətinə xüsusi önəm verib və görüşlərində dəfələrlə ictimai nəzarətin vacibliyini, eyni zamanda, müxtəlif tədbirlər planına QHT-lərin cəlb olunması vacibliyini qeyd edib”. C. Hüseynzadənin fikrincə, ölkədə aparılan islahatlar və yeni çağırışlar nəticəsində bütün sahələrdə olduğu kimi QHT sektoru əlaqəli olan qurumlarda da yeni idarəetmə mexanizmlərinin yaradılması günün vacib tələblərindən biridir: “Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır.
Cənab Prezidentin imzaladığı Fərmanın giriş hissəsində qeyd edilib ki, “Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər”.
C.Hüseynzadə diqqətə çatdırıb ki, ötən dövrün təcrübəsi və əldə olunan nəticələrin təhlili bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını tələb edir: “Sirr deyil ki, QHT-lər tərəfindən müxtəlif fəaliyyətlərlə bağlı dəfələrlə məsələlər qaldırılıb və QHT sektorun inkişafı üçün bəzi addımların atılması vacibliyi qeyd edilib. Hesab edirəm ki, yeni agentlik vətəndaş cəmiyyətinin dayanıqlı inkişafına tövhə verəcək. QHT Şurasından fərqli olaraq, Agentliyin xeyli üstün hüquqları var. İlk öncə onu qeyd etmək lazımdır ki, Şuranın hüquqi statusunda qeyri müəyyənlik vardı. Yeni yaradılan Agentliyin hüquqi statusu daha üstündür. Belə ki, Agentlik vətəndaş cəmiyyətinin inkişafı üçün əlavə hüquq və vəzifələr həyata keçirlməsinə səlahiyyətli olacaq.
Cənab Prezidentə təşəkkür edirik ki, QHT-lərin fəaliyyətinə əsas dəstək verəcək Agentliyin 1 ay müddətində inzibatı bina ilə təmin olunmasını da müvafiq quruma tapşırıb”.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin 4 il müddətinə vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.
QHT.az saytının rəhbərinin fikrincə, yeni Agentlikdə idarəetmədə edilən dəyişiklər Müşahidə Şurası üzvlərinin hüquqlarını artırmaqla yanaşı, həmin üzvlərin məsuliyyət məsələsini də əhatə edir. Cənab Prezident Müşahidə Şurasının 8 üzvünü QHT nümayəndələrindən təyin etməklə, idarəetmədə vətəndaş cəmiyyətinə üstünlük verib: “Yeni yaradılan Agentliyin Nizamnaməsinə diqqət etsək görürük ki, bu agentliyə yeni və vacib səlahiyyətlər verilib. Bunlardan biri də qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməkdir. Son zamanlar ictimai nəzarətin daha yaxşı təmin olunması ilə bağlı narahatçılıqların meydana gəldiyi məqamda bu məsələnin önə çəkilməsi çox vacib məqamdır”.
İctimai birliyin sədri qeyd edib ki, Agentliyin yeni səlahiyyətləri sırasında müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək diqqət çəkən məqamlardan biridir. “Uzun müddətdir bu sahədə peşəkarlıqla bağlı narahatçılıqlar səslənirdi. Ümid edirik ki, yeni yaradılan agentlik xarici təcrübəni tətbiq etməklə bu problemin də aradan qaldırılmasına tövhə verəcək”.
“Şuradan fərqli olaraq, yeni QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əlavə maliyyə mənbələrinin formalaşdırlması hüquqi da olacaq. Bu məqsədlə qrantlar, kreditlər və s. cəlb olunması mümkündür”, deyən QHT sahəsi üzrə ekspertin sözlərinə görə, yeni yaradılan Agentliyin bir vacib funksiyası da dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq etmək olacaq.
Bu problemlərə bağlı QHT-lər dəfələrlə müvafiq qurumlar qarşında vəsatətlər qaldırsalar da, təəssüf ki, nəticəyə nail olunmayıb. Agentliyin nizamnaməsi, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına imkan verir. QHT sədrinin sözlərinə görə, bu reallaşarsa region QHT-lərin inkişafı üçün mühüm tövhə ola bilər: “Agentliyin vacib vəzifələrindən biri də Agentliyin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi olacaq. QHT sektoru ilə bağlı vəziyyət haqqında təqdim ediləcək hesabat həm Agentliyin, həm də tərəfdaş QHT-lərin məsuliyyətini xeyli artırmaqla, ölkədə vətəndaş cəmiyyətinin daha da güclənməsini şərtləndirəcək”.
Ekspert Agentliyin QHT-lər ilə birlikdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün yeni və daha münbit şərtin yaradılmasına öz dəstəyini göstərəcəyinə ümid etdiyini bildirib.
Ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud isə qeyd edib ki, Prezidentin son sərəncamı bu sahədə ciddi dəyişikliklərin əsasını qoyacaq: “Ən ciddi məqamlardan biri də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ictimai nəzarəti təşviq etmək səlahiyyətinin verilməsi ilə bağlıdır. Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev dövlət qurumları üzərində ictimai nəzarətin təşkil olunması ilə bağlı dəfələrlə açıq çağırışlar edib. İctimai nəzarət dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlılığı artıra biləcək çox önəmli instrumentdir. İctimai nəzarətin əsas komponentlərindən biri də ictimai şuralardır. Bildiyimiz kimi “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq həm bir çox mərkəzi, həm də bəzi yerli icra qurumlarının yanında ictimai şuralar yaradılıb. Bu proses bu gün də davam edir”. O, əlavə edib ki, həmin şuraların fəaliyyətinin təyinatı üzrə qurulması, effektivliyinin və çevikliyinin təmin olunmasına ehtiyac var: “Agentlik öz Nizamnaməsinin 2.1.5. bəndinə əsasən qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etmək səlahiyyətinə malikdir. Cənab Prezidentin bu fərmanı qurumun fəaliyyətinin müasir standartlara, yeni çağırışlara uyğunlaşdırılması, eyni zamanda, vətəndaş cəmiyyətinin gücləndirilməsi, QHT-lərin fəaliyyətinin stimullaşdırılması baxımından mühüm addımdır. Bilirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Fondu 2007-ci ildə yaradılsa da, onun statusu tam bəlli deyildi. Agentliyin isə statusu Nizamnamədə əksini tapıb. O, publik hüquqi şəxsdir. Agentlik Şuradan fərqli olaraq daha konkret və daha geniş istiqamətlərdə fəaliyyət göstərəcək”.
Onun sözlərinə görə, yeni yaranan Agentlik öz fəaliyyətini dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirəcək: “Ölkəmizdə QHT layihələrinin maliyyələşdirilməsini QHT Şurası ilə yanaşı, bir sıra digər dövlət qurumları da həyata keçirir. Bu layihələrin effektivliyinin qiymətləndirilməsi, o cümlədən QHT-lərin həmin qurumlardan maliyyə dəstəyi almasının mexanizmləri ilə bağlı müxtəlif təkliflər səsləndirilirdi. Prezidentin bu fərmanı Agentliyə sözügedən istiqamətdə dövlət qurumları ilə koordinasiyalı və daha effektiv şəkildə fəaliyyət göstərmək imkanı verəcək. Agentlik bu layihələrin dəyərləndirilməsi və səmərəliliyinin artırılması ilə bağlı müvafiq hesabatlar hazırlayaraq aidiyyəti instansiyalara təqdim edəcək. Digər dövlət qurumları QHT layihələrinin maliyyələşməsinə Şuradan daha çox vəsait ayırır. Bu mənada Agentliyin qeyd olunan istiqamətdəki fəaliyyəti ölkə QHT-lərinin daha səmərli, cəmiyyət üçün aktuallıq kəsb edən layihələr həyata keçirməsinə gətirib çıxaracaq. Hesab edirik ki, Agentliyin yerli filial və nümayəndəliklərinin yaradılması, təkcə dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşmə imkanının olması, onun strukturunun daha geniş tərkibdə yenidən qurulması QHT sektorunun inkişafında keyfiyyətcə yeni mərhələnin başlanmasına önəmli təkan verəcək. Təbii ki, bu məsələlərdə QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Onlar fəaliyyətini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, fəaliyyətlərində şəffaflıq və hesabatlığı artırmalı və ictimaiyyəti narahat edən mövzularla bağlı daha adekvat layihələrlə çıxış etməlidirlər”.

Əli Zülfüqaroğlu