Molla nəsrəddinçilərin tənqidi yazıları Layihə

Molla nəsrəddinçilərin tənqidi yazıları

Mirzə Cəlil: "Millətin cəhalət girdabından çıxması üçün bütün ölkədə maarif işi yüksək səviyyədə inkişaf etdirilməlidir"

Məmməd Əmin Rəsulzadə "Molla Nəsrəddin" jurnalı haqqında dövri mətbuatda yazırdı: "Hürriyyətin, hürrəndişligin məbədi, şübhəsiz ki, xürəfatın, əbatiligin bütxanəsi yerində tikilməli idi. Buna görə birincisinin tikilməsi ikincinin yıxılmasına bağlı idi. Bu vəzifəyi kim görəcəkdi? "Təlxək" Molla Nəsrəddin? Təxrib vəzifəsini "Molla Nəsrəddin" kamali-müvəffəqiyyətlə görüyordu. O yakıcı, yıkıcı istehzasını köhnəligi təmsil edən nərsə və kimsələrdən əsirgəmiyordu. Ən qüvvətli hücumunu gözübağlı təəssübə, fikir və təsəvvürdəki əsarət və təhəmmülsüzligə tövciyə ediyordu. Ölü fikirlər, ölgün məişətlər onun diri xəndələrinə məruz qalaraq intibah qəhqəhələri doğuruyordu. O ağlanacaq hallara gülüyordu. Güldürərək ağladıyordu. O, hətta ağlamağa da gülüyordu. Çünki ağlaya-ağlaya yaman günlərə qaldığımızı yaxşıca dərk etmişdi. İran təsiri ilə Azərbaycan türklərinin həyati-mənəviyyəsi haman il boyu ağlamaqdan ibarət olub qalmışdır. "Çox gülən çox ağlayar" - deyərlər. Fəqət, "çox ağlayan çox gülər" deyilsə də, doğru çıxar".
Mirzə Cəlil jurnal haqqında təvazökarcasına belə deyirdi: "Molla Nəsrəddin" mənin əziz yoldaşlarımın əsərlərinin məcmuəsidir ki, mən də onların ağsaqqalıyam". 1921-ci il "Molla Nəsrəddin" jurnalında dərc olunan "Millət" adlı məqaləsində Mirzə Cəlil belə vətənpərvərlərin fikrini ümumiləşdirərək ürək ağrısı ilə xalqının yatmış siyasi şüuruna təbil çalır, dünya xalqlarının istiqlal mübarizəsində dərs alaraq millətini özünə bir gün ağlamağa çağırırdı: "O yerdə ki, lüğət kitabında gərək yazılarda "millət", orada "millət" əvəzinə yazılıb "şəxsi", o yerdə ki, söz düşüncə gərək millət sözü danışıla orada "əsxaz" ləfzi istemal olunur... Firəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadxahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi: onların sayəsində biz də yüngülvari hərəkətə gəldik". Göründüyü kimi, qeyrət yanğısından süzülüb, ağıl süzgəcindən keçən dərdlərin, problemlərin yolu böyük ideoloq tərəfindən ustalıqla göstərilirdi. "Hər şeydən əvvəl millətin cəhalət girdabından çıxması üçün bütün ölkədə maarif işi yüksək səviyyədə inkişaf etdirilməlidir. "Maarif" cəhalət və avamlığın üzərinə öz ziyasını bərqərar edərsə, qısa bir zamanda bütün millət bunun xeyrini görər..." Millətin sivil inkişafı onun təhsil və maarif işini düzgün və yüksək səviyyədə qurmasından aslıdır.
"Molla Nəsrəddin" var olduqca elm uğrunda mübarizə apardı. 1930-cu ildə "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlil yazırdı: "Məni bir qisim uşaqların fikri almışdır. O da saqqallı uşaqlardır. Mən saqqalı uşaqlar o şəxslərə deyirəm ki, 30-40 yaşa çatıblar adlarını yazmağa acizdilər. Xülasə, bu bisavad yoldaşlar özlərini gülünc bir halətdə buraxırlar. Mən qoca Molla Nəsrəddin əminin nəsihətini eşitsələr ciddi, bu saat, bu dəqiqə və bu saniyənin içində əllərinə kitab, qələm alıb balaca uşaqlar kimi savad əxz eləməyə başlayarlar... Beləliklə, onlar həm məmləkətə xidmət eləməyə qabil olarlar, həm özlərini gülünc halətdən çıxararlar". "Molla Nəsrəddin"in ziyalı və qeyri-ziyalıya da, kiçik sənət və peşə sahiblərinə də, evdar qadına da arzuladığı birinci nəsihət ilk növbədə ağıl və idrakı qeyrətlə birləşdirmək, biganəlikdən uzaq durmaq tövsiyəsidir. Çox qısa və yığcam fikirləri karikaturalarında "Molla Nəsrəddin" jurnalının müxtəlif ideyalı məsələlərə həyacanlı münasibəti də məhz milli təəssübkeşlik və milli qeyrət hissi aşılayırdı. "Qarabağ və Zəngəzur ağaları", "Səxavətli ağalar" və ya "vurunuz peysərindən, qovunuz bu iti həyətdən, axmaq yalandan deyir acam", "Milləti biçarənin dərdini çəkməkdən əriyib çöpə döndüm ay Allah!" replikalı əsərləri dərin məna və təhlil yükünə malik tarixi əsərlər idi. Mirzə Cəlilin XX əsrin əvvəllərində toxunduğu ümum-milli problemlər Azərbaycan xalqının taleyinə məsul olan rəhbərlərin unutqanlığı səbəbindən sonralar da dəfələrlə təkrar olunmuşdur. "Molla Nəsrədin"də təsvir olunan bir rəsmdə torpağı alınan, evindən, yurdundan didərgin düşmüş cavan qadın iki körpəsi ilə süfrə başında yeyib-içən, başqa millətin qadını ilə əylənən harın kişilərə əl çalıb dilənir. "Kişi" bir əli ilə millətin dilənən didərgininə biədəb işarə göstərir, o biri ilə birgə əyləndikləri qadına yüzlük uzadır". Beləcə, "Molla Nəsrəddin" deyirdi ki, milli dərdlərin üstündə laqeyidlik, biganəlik əyləşəndə faciə baş verir, uduzan isə xalq və Vətən olur. Jurnalın ətrafında bir ziyalı ordusu toplanmışdı. Burada yerli ziyalılarla yanaşı əcnəbi ziyalıların da zəhmətini qeyd etmək lazımdır. Məsələn, Oskar Şmerlinqin və ya İosif Potterin Azərbaycan mətbuatı və maarifinə xidmətlərini heç bir dəyər ölçüsü ilə ölçmək olmaz. Ədəbi əlaqələrin şəxsi dostluq zəminində yüksək şəkildə inkişaf etməsindən idi ki, Oskar çox vaxt "Molla Nəsrəddin" üçün karikaturaları pulsuz və ya nisyə çəkərdi. 1926-ci ildə yazdığı "Xatiratım" adlı memuarında Mirzə Cəlil Şmerlinq haqqında söyləyirdi: "Bizim birinci işimiz və vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti (azərbaycançılıq) idi. Və birinci növbədə əziz və nadir vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxti qara Şərqin yatmış millətinin qəflət yuxusunun öz ustadanə fırçası ilə təsvir etsin və isəvi tarixinin 1906-cı ildə aprel ayının 7-dən səhneyi intişara qoyulan birinci "Mola Nəsrəddin"in baş səhifəsində şirin yuxuda yatan millətlərin təsviri həmin təsvirdir ki, valığı bizim üçün ən qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onun həmin tarixdə yaratdı".
Mirzə Cəlil müxtəlif mədəniyyətlərin və məfkurəvi cərəyanların qovuşduğu bir zamanda bütün ziyalı nəslə örnək olaraq mühafizəkarlıq və novatorluq keyfiyyətlərinin inkişaf etdirməyin mədəni irsə, ictimai tərəqqiyə dahiyanə yanaşmağın, Azərbaycan dilinə böyük sevginin, dilin inkişafına böyük xidmətinin hamı üçün müqəddəs nümunəsini müəyyənləşdirmişdir. O, özünün 1908-ci ildə yazdığı "Dil" məqaləsində qeyd edirdi ki, "Cənab Molla Nəsrəddin" mən bilirəm ki, şəxs gərək öz dilində danışsın və öz dilində yazsın. Amma mən müsəlman hürufatı ilə yazı-pozu eləməyi dəxil bilmərrə tərgitdim və buna ikifa eləməyib evladıma da nəsihət edəcəyəm ki, müsəlman dili üçün təzə bir xurafat icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazılmasın". Arxiv sənədlərinə görə müəyyən olunub ki, jurnalın 1907-ci ildə bağlanmasına səbəb heç də Cəlil Məmmədquluzadənin Zaqafqaziya şeyxül-islamı Pişnamazzadəyə qadın azadlığı barədə yazdığı və ruhaniləri və müsəlman fanatiklərini hiddətləndirmiş olan iki açıq məktubu deyil, Osmanlı dövlətinin Tiflisdəki baş konsulu Feyzi bəyin hərəkətləri olmuşdur. İş burasındadır ki, Feyzi bəy "Molla Nəsrəddin" jurnalının Sultan hökuməti barədə karikaturalarının yerləşdirilmiş olduğu 4 sayını götürüb, 1907-ci ilin martında şəxsən Qafqaz Sərdarı yanında Rusiya XİN təmsilçisi olan məmurun qəbuluna gəlmişdir. Konsul xahiş edir: Sərdara (namestnik) məruzə edilsin ki, "Osmanlı və Rusiya arasında dostluq münasibətləri səbəbincə jurnala bu sayaq karikaturaları dərc etməsini yasaqlamaq barədə vəsatət qaldırır. Müvafiq məruzəni alan namestnik Tiflisin müvəqqəti general-qubernatoruna gərəkən tədbirləri görməyi tapşırır. O da öz növbəsində Cəlil Məmmədquluzadəni yanına çağıraraq Sultanın karikaturalarının dərcini dayandırmağı təklif edir. Lakin karikaturalar dərc edilməkdə idi, bu səbəbdən Osmanlı məmurları jurnalı sərhəddən ölkəyə buraxmırlar. Elə hallar olub ki, İran Məclisinin (parlament) bütöv bir iclası "Molla Nəsrəddin" jurnalında dərc edilən materiallara həsr olunmuşdur. Rusiyanın Tehran səfirinin Peterburqa təliqələrində bu barədə söz gedir. Mirzə Cəlilin xanımı Həmidə xanım Cavanşir xatirələrində yazırdı: "Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnib ölərlər. Amma buna maddi imkan çatmırdı. Ona görə də, həyəcanlanır, əsəb keçirirdi. Gedib kömək istəməyə də razı deyildi. Düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz heç odun da ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: "Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq" - dedi. Öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı. Mən narahat oldum, soruşdum ki, nə etmək istəyirsən? Dedi sobanı qalamaq istəyirəm. Xahiş etdim ki, əlyazmalarını yandırmasın, gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələri qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: "Soba istidir" - dedi. O, məmnun idi və arxayın yıxılıb yatdı".
Mirzə Cəlil "Molla Nəsrəddin"i başlayanda nəinki 10-15, hətta 100 il sonranı aydınca görürdü. Böyük ustadın yazdıqları bəlkə 500 il sonra da dünyaya gələcək millətimizin övladları üçün aktual olacaq. Bu həqiqətən də belədir və vaxtilə "Molla Nəsrəddin"in vuruşduğu nöqsanların içərisində xalq bu gün də boğulur. Mirzə Cəlili və "Molla Nəsrəddin"i bu gün yaşadan nədir? Dediklərinin, yazdıqlarının bir əsr sonra da aktual olması! Ustad elə bir köklü məsələdən yapışıb ki, xalqın nadanlıqdan insanlığa, yalandan həqiqətə, qorxudan cəsarətə, naqislikdən kamilliyə, ədalətsizlikdən ədalətə, həqarətdən ləyaqətə, pislikdən yaxşılığa gedib çatacağı günə qədər dediklərinin ona gərək olacağını düşünüb. Bu, xalqın ruhən içəridən dəyişməsi məsələsidir. Onun böyüklüyünün də başlıca cəhəti bundan ibarətdir. Deməli, Mirzə Cəlilin, M.Ə.Sabirin, ümumiyyətlə, molla nəsrəddinçilərin vaxtilə yazdıqları ona görə aktualdır ki, millətimizin içində köklü dəyişmə baş verməyib: yüz il qabaq necə idisə, indi də elədir. Yüz il öncə olduğu kimi, indi də ağıllı söz eşitməyib it boğuşdurmağa, xoruz döyüşdürməyə, fal açdırmağa, min cür mənasız və axmaq iş dalınca gedənlərin sayı aqillərin, millət üçün gərəkli adamların sayından çoxdur. Bu günü görən Mirzə Cəlil deyirdi: "Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün haradansa "Molla Nəsrəddin"in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə".

Ülviyyə Tahirqızı