Demokratik və açıq cəmiyyətdə plüralizm Layihə

Demokratik və açıq cəmiyyətdə plüralizm

Demokratik idarəetmə forması fikrin azad ifadə olunimasını tələb edir

Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval -ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır. Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi münaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Demokratik idarəetmə forması fikrin azad ifadə olunmasını tələb edir. Bunsuz vətəndaşların ictimai və siyasi həyatda iştirakı üçün vacib olan informasiyanı əldə etmək mümkün deyildir. İnformasiya daşıyıcısı və yayıcısı kimi mətbuat, kütləvi informasiya vasitələri demokratik, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir. Müasir qloballaşma dövründə məhz mətbuatın uzunmüddətli gərgin səyləri nəticəsində informasiya cəmiyyətdə əsas strateji resursa çevrilib və informasiya məkanının sahəsi genişlənməkdə, rolu isə getdikcə artmaqdadır.
İnformasiya sahəsi informasiyanı, informasiyanın infrastrukturunu, informasiyanın toplanılması? formalaşdırılması, yayılması və istifadəsini, həmçinin bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə cəmləyir.
Əsasən azad, qərəzsiz və peşəkar mətbuatın məhsulu olan dürüst informasiya cəmiyyətinin həyatında önəmli bir amil olaraq ölkənin siyasəi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə fəal təsir göstərir.
Xüsusilə iqtisadiyyatda informasiyanın yaranması, hazırlanması və istehlakı istiqamətində mövcud proses və vasitələri əhatə edən yeni ictimai istehsal sahəsi yaranıb və getdikcə mətubatın da şəksiz köməyi ilə bu sahə əhalinin daha geniş təbəqələrini əhatə etməkdədir.
İnformasiya cəmiyyətinini formalaşması prosesi ilə müşayət olunur. Bu proses zamanı insan fəaliyyətinin bütün sahələrində yeni texnologiya və vasitələr fəal şəkildə tətbiq edilir və bütün bunlar deməyə əsas verir ki, informasiyalaşdırma bəşəriyyətin inkişafında həqiqətən də həlledici rol oynamaqdadır və informasiya cəmiyyətindən -mətbuatdan, daha dəqiq deyilsə, internet jurnalistikasından praktiki olaraq "yaxa qurtarmaq" mümkün deyildir. Müasir informasiya münasibətlərinin və proseslərinin
durmadan inkişafı informasiya sahəsində yeni münasibətlər sisteminin - mətbuatda, bütövlükdə ictimai həyatın bütün sahələrində informasiya təhlükəsizliyinin təminatı sistemini, informasiya hüququnun yaranmasını təmin edir.
Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında demokratik cəmiyyətin, hüquqi dövlətin əsaslarının yaradıldığı bir şəraitdə bu sahədə müəyyən addımlar atılıb, qanunvericilik aktları və digər hüquqi aktlar qəbul edilib. Mətbuatda informasiya münasibətləri hüquqi tənzimlənmənin predmeti kimi, informasiya - hüquqi münasibətlərin subyektləri, informasiyanın alınması, verilməsi, saxlanılması və istifadəsinin hüquqi mexanizmləri, müxtəlif məzmunlu informasiyanın, məlumatlardan istifadənin hüquqi aspektləri, informasiya sahəsində hüquqi pozuntular? məsuliyyət və s. məsələlər fəal müzakirə obyektidir.
Açıq cəmiyyət elə bir ictimai mühitdir və belə bir fakta əsaslanır ki, heç kim həqiqət üzərində mütləq monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif nəzər-nöqtələri ola bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq müdafiə etməlidirlər, bütün insanlara sərbəst və əmin-amanlıq şəraitində yaşamaq imkanı verilməlidir. Ümumilikdə, açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, müxtəlif təbəqələrin olmasını qəbul edən, ictimai azlıqlara və onların hüquqlarına hörmətlə yanaşan bir cəmiyyət kimi xarakterizə olunur. KİV-in bu dövrdə konstruktiv rolu, əsasən, açıq cəmiyyət azadlıqlarının əldə edilməsindən və saxlanılmasından ibarətdir. İnformasiya plüralizmi, informasiya məkanının tam prinsipial açıqlığı, KİV-in dövlət təsirinin hüdüdlarından kənarda da geniş yayılması açıq cəmiyyətin formalaşmasının əsas və aparıcı şərtidir. Bu cəmiyyətin prinsiplərinə görə, demokratik hökumət onu tənqid edənləri, müəyyən əks mülahizə yürüdənləri nəzarətdə saxlamamalı və məzəmmət etməməlidir. Demokratiya yeni ideya, məlumat, fikir və düşüncələri hesabına çiçəklənir. Neçə onilliklər öncə açıq cəmiyyət ideyası mücərrəd fikir, fantastik mülahizə təsiri bağışlaya bilərdi. Lakin qloballaşma dövrünün coşqun proseslərini, son 40-50 ildə dünyada baş verən əhəmiyyətli dəyişiklikləri nəzərə alsaq, açıq cəmiyyətin qanunlarının çox qısa zaman kəsiyində ictimai-siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi şübhə doğurmamalıdır. İnformasiya-kommunikasiya texnologiyalarının günbəgün deyil, saatbasaat inkişaf etməsi, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin üzünün tərəqqiyə və açıq cəmiyyətə çevrilməsindən xəbər verir. Məhz bu səbəbdən də Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu mövzusu hər zaman aktuallıq kəsb edir. Araşdırmaların məqsədi Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə baş verən mütərəqqi meylləri, demokratik prosesləri, vətəndaş və açıq cəmiyyət quruculuğu səylərinin tarixini, mətbuatın bu inkişafa pozitiv təsiri və ideoloji təminatı məsələlərini öyrənmək olmalıdır. Dünyada açıq cəmiyyət quruculuğunun əsas prinsiplərinin bərqərar olduğu ölkələrin keçdiyi inkişaf tarixinin Azərbaycan reallıqları ilə müqayisəli araşdırılması, ölkəmizin Qərb dəyərlərinə inteqrasiyası problemləri, mənəvi inkişaf, insan hüquq və azadlıqlarının cəmiyyətimizdə bərqərar olması prioritet məsələlərdir. Hər bir vətəndaş başqalarının da hüquqlarına hörmət etməli, hər hansı bir fikir müçtəlifliyinə dözümlə yanaşmalıdır. Belə dünyagörüşü qəbul edən şəxsi tolerant insan adlandırırlar.
Tolerant insan olmaq - əks baxışlara dözmək, onlara səbirlə yanaşmaq və digər insanları öz baxışlarını dəyişməyə inandırmaq cəhdi zamanı onlara hörmətlə yanaşmaq deməkdir. Tolerant insan mövcud fikir ayrılıqlarını dialoq prosesində aydınlaşdırır, istənilən mübahisəni müzakirə və inandırma yolu ilə həll edir. Tolerant insan olaraq öz opponentlərinizi bağışlamağa gücünüz çatırsa, deməli, lazım gəldikdə sizi də kimlərsə bağışlayacaqlar. Tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz və mühüm ünsürüdür. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır və insanların həmrəyliyini möhkəmləndirir. Tolerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa, hədə- qorxuya qalib gəlir, cəmiyyətdə təhlükəsizlik hissi yaradır.
Tolerant insan, tolerant cəmiyyət ədalət və bərabərlik kimi dəyərləri həyata keçirməyə və münaqişələri bu dəyərlərdən çıxış etməklə həll etməyə can atır.
Bəs tolerantlığa necə tərif vermək olar? Bu tərif YUNESKO-nun Parisdə 185 üzv-dövlət tərəfindən imzalannmış "Tolerantlıq Prinsiplərinin Bəyannaməsi"ndə belə ifadə olunur: Tolerantlıq - dünyamızda mədəniyyətlərin zəngin müxtəlifliyinə mövcud özünüifadə formalarına hörmətlə yanaşmaq və düzgün anlamaq deməkdir.
Bəşəriyyət tarixində dözümsüzlük həmişə mövcud olmuş, siyasi, iqtisadi, sosial, mədəni, milli, irqi, dini və ideoloji dözümsüzlük formalarında təzahür edib. Demokratik cəmiyyət irqindən cinsindən, milli mənsubiyyətindən və hansı dinə etiqad etməyindən asılı olmayaraq, bütün insanların hüquq və azadlıqlarının həyata keçirilməsini təmin edir. Belə cəmiyyətdə insanlar bir-birlərinin fikirlərinə hörmətlə yanaşır, əks baxışları və fikirləri faktlar, dəlillər, sənədlər vaistəsi ilə, qarşılıqlı anlaşma şəraitində aradan qaldırırlar.
Demokratik cəmiyyətdə yad münasibət, sosial ədalətsizlik, milli və dini ayrı-seçkilik, siyasi və iqtisadi zülm yoxdur. İnsan hüquqlarına hörməti nəzərdə tutan dözümlülük sosial ədalətsizliyə dözümlə yanaşmaq, öz əqidəsini özgə əqidələrə güzəştə getmək demək deyildir. Dözümlülük hər bir insanın öz əqidəsini müdafiə etməkdə azad olduğunu və başqalarının da həmin hüquqa malik olduqlarını etiraf etməkdir. Bu həmçinin o deməkdir ki, bir insanın baxışları digərlərinə zorla qəbul etdirilə bilməz.

Cavid