“Region beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən kənarda qalıb” Layihə

“Region beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən kənarda qalıb”

Turan Rzayev: “Bu məsələ regionumuzun başlıca problemlərindəndir

44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi və böyük qayıdışa hazırlıq çərçivəsində işlər sürətlə davam edir. Yeni yollar salınır, dağıdılmış yollar, infrastruktur bərpa edilir. Başda Füzuli aeroportu olmaqla, yeni aeroportlar tikilir. Görülən işlərin məhz nəqliyyat sistemi ilə bağlanılması təsadüfi deyil. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Turan Rzayev səsləndirib. T.Rzayev həmçinin digər suallarımızı da cavablandırıb.

- Hesab edirəm bu istiqamətdə görülən işlər yenidənqurmanı sürtələndirəcək. Artıq Ermənistandan minalanmış ərazilərin xəritələri də alınıb. Xəritələr əsasında ərazinin minadan təmizlənməsi daha asan olacaq. Təbii ki, bərpa prosesi sonrasında işğaldan azad edilən ərazilərə qaçqınların köçürülməsi prosesi baş tutacaq. 27 illik işğal sonrası Qarabağda həyatın yenidən dirçələcəyi və bu prosesin ən qısa zamanda olacağı hərkəsə məlumdur.

- Son günlər ən çox müzakirə olunan Prezidentin Brüssel səfəri oldu. Bu səfərin nəticələrini necə dəyələndirirsiniz?

-Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Əvvəla onu qeyd etmək lazımdır ki, iki ölkə prezidenti müharibədən sonra ilk dəfədir ki, belə təkbətək görüşürdü.Tərəflər sonuncu dəfə müharibədən öncə 15 fevral 2020-ci il tarixində Münhendə görüşmüşdü. Bir məqamı qeyd etmək lazımdır ki, erməni diasporunun bu görüşə uzun müddətdir hazırlaşdığı, Azərbaycan prezidentinə təzyiq imkanı yaratmaq üçün “zəmin” formalaşdırdığı bəlli idi.

Görüş zamanı Prezidentə ənənəvi olaraq, "demokratiya” “insan haqları" bəhanəsi ilə müəyyən təziqlərin ediləcəyi bu yolla Zəngəzur dəhlizi və regional məsələlərin ikinci plana salınacağı düşünülürdü. Lakin ermənilərin gözlədiyi heçnə baş tutmadı.

Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hərkəsə bəllidir. Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Lakin bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada deyə bilərəm ki, Prezidentin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır.

Prinsip etibarilə Laçında ermənilər üçün dəhlizin yaradılıb Zəngəzurda Azərbaycana sadəcə bəsit bir yolun verilməsi heç də ədalətli və konstruktiv addım deyil. Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də faktiki olaraq müqavilədə maneəsiz hərəkət sözü var. Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi bir faktdır. Lakin rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada Prezidentin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması və ilk dəfə olaraq Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Hesab edirəm bəyanat rəsmi Bakının maraqlarına uyğundur.

Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatla bağlı əsas məqamlar:

1. Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.

2. Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilə bilər.

3. Aİ Şurası Prezidenti öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinı çağırış edib və bu da, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

4. Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.

5. Bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bu o deməkdir ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək.

6. Avropa İttifaqı Şurası Prezidentinin bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə rebilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub. Bu da olduqca müsbət məqamdır, çünki bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi deməkdir.

7. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub.

8. Bəyanatda Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Avropa İttifaqının dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür.

9. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqı dəstəyini ifadə edib. Və hətta Avropa İttifaqı iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib.

10. Dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunmuşdur. Bu Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb.

11. Bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir.

Bəyanatda bir dəfə də olsun ATƏT-in Mink Qrupunun adı çəkilmədi. Hesab edirəm bu, gözlənilən idi. Çünki ATƏT-in Minsk Qrupu 27 illik fəaliyyətsizliyi artıq hərkəs tərəfindən bilinir. 27 il ərzində qurumun bacarmadığını faktiki olaraq Azərbaycan 44 günlük müharibədə bacardı. Mahiyyət etibarilə İkinci Qarabağ müharibəsinin başlamasına bir səbəb də məhz qurumun fəaliyyətsizliyi və qərəzli mövqeyi idi.

İndiki mərhələdə Minsk Qrupunun olub-olmamasının heç bir fərqi yoxdur. Bəyanatda bir dəfə də olsun ATƏT-in Minsk Qrupu adı çəkilməməsi isə onu göstərir ki, Brüssel nəzdində də qurum artıq öz etibarını itirib. Əks təqdirdə Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunmaz Minsk Qrupuna həvalə edilərdi.

-Səfər çərçivəsində Fransa Prezidenti Makron Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Bundan sonra Fransanın Azərbaycana qarşı mövqeyində ciddi dəyişiklik ola bilərmi?

-Brüssel görüşü sonrası dekabrın 14-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Görüşün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşündən bir gün sonra reallaşması isə xüsusilə diqqət çəkib.

Hesab edirəm Fransa Prezidenti Emmanuel Makron Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş təşkil etməsinin iki başlıca səbəbi var:

Birincisi, Makron anlayır ki, 44 günlük müharibə zamanı Fransanın tərəfsizliyini pozması və ermənipərəst mövqe sərgiləməsi yanlış siyasət idi. Hansı ki, bu siyasət nəticəsində rəsmi Paris faktiki olaraq Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Makron iki ölkə başçısını bir araya gətirərək ölkəsinin də prosesdə varlığını göstərməyə çalışır.

İkincisi, Makron anlayır ki, Fransada prezident seçkiləri yaxınlaşır və o qalib gəlmək istəyirsə, hər iki ölkənin də etimadını qazanmalıdır. Belə ki, Makron tərəfləri bir araya gətirərək erməni diasporu və lobbisinə mesaj verir ki, baxın, mən prosesdəyəm və yenə sizi müdafiə edirəm. Digər tərəfdən, həm də rəsmi Bakıya mesaj verir ki, Fransa regionda sülhün, əmin-amanlığın, sabitliyin tərəfdarıdır və bu istiqamtədə Bakıya dəstək verdiyini göstərməyə çalışır. Yəni Makron həm Bakının, həm də İrəvanın dəstəyini eyni anda qazanmağa çalışır.

-Əsas müzakirə mövzularından biri də 3+3 formatıdır. Bu təşəbbüsün reallaşması bölgəyə necə təsir edəcək?

-Əvvəla, onu qeyd etmək lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə Prezidentləridir. Bu təşəbbüs, eyni zamanda Rusiya Prezidenti tərəfindən də böyük dəstək alıb. Öz növbəsində İran da təşəbbüsü açıq surətdə dəstəkləyir.

İndiki halda regionun 4 aparıcı ölkəsi “3+3” formatında iştirak edir. Bu həm də ondan xəbər verir ki, regionun bütün problemlərini yenə region ölkələri həll etməlidir. Məsələ ondadır ki, bu gün Cənubi Qafqaz defraqmentasiya olunmuş məkandır. Yəni regionda iqtisadi, nəqliyyat və logistika əlaqələri bu və ya başqa formada məhv edilib. Region beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən kənarda qalıb. Bu məsələ regionumuzun başlıca problemlərindəndir.

Azərbaycan hələ ötən əsrin sonlarından bu problemləri görüb və ardıcıl beynəlxalq layihələr ilə mövcud problemi aradan qaldırmağa çalışıb. Rəsmi Bakının bu təşəbbüsü bu gün də davam edir. Lakin regionu defraqmentasiyadan xilas etmək üçün tək Azərbaycanın fəaliyyəti kifayət etmir. Buna görə də Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün “3+3” platformasını irəli sürdü.

İndiki halda “3+3” platformasının məqsədi Cənubi Qafqazı münaqişələr regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir. Regionumuz Avrasiyanın nəqliyyat mərkəzinə çevrilə bilər. Bunun üçün isə regionun bütün ölkələrinin prosesdə istirakı zəruridir. Misal üçün ATƏT-in Minsk Qrupu nümunəsi də göstərdi ki, regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ münaqişəsinin həlli axırıncı yerdə dayanmışdı. İstənilən halda regionun gələcəyini yenə region ölkələri təyin etməlidir.

- Bilirsiniz ki, bəlli səbəblərdən Gürcüstan bu formata qatılmaq istəmədiyini bildirib. Yaxın perspektivdə Gürcüstan bu formata qatılacaqmı?

-Gözlənildiyi kimi, “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında Gürcüstan iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasında işitrak etmək istəmir. Mövcud Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibəni nəzərə alaraq hesab edirəm rəsmi Tiflisin platformada iştirak etməməsini anlayışla qarşılamaq olar.

İstənilən halda Bakı Tiflisin bu qərarına hörmətlə yanaşır. Lakin yaxın gələcəkdə Gürcüstan “3+3” formatına yenidən qayıtmalıdır. Məsələ ondadır ki, “3+3 formatı” Tbilisi ilə Moskva arasında mövcud problemlərin, o cümlədən Abxaziya və Cənubi Osetiya münaqişələrinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər. Gürcüstan onu da nəzərə almalıdır ki, formatda Türkiyə və Azərbaycan da təmsil olunur. Yəni rəsmi Bakı və Ankara bu məsələdə konstruktiv yanaşma sərgiləyərək Moskva və Tbilisi arasında vasitəçi ola bilər.

Beş ölkənin nümayəndələrinin Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildirməsi də rəsmi Tiflisin format üçün nə qədər vacib olduğunu göstərir. Hesab edirəm Gürcüstanın gələcəkdə bu formata qoşulması həm onun özü, həm də region üçün olduqca vacibdir...

Əli Zülfüqaroğlu