“İki ölkə arasında mədəni körpü rolunu oynayacağam” Layihə

“İki ölkə arasında mədəni körpü rolunu oynayacağam”

Lu Si: “Çin və Azərbaycan arasında əməkdaşlığa töhfə verəcəyəm”

Ekspertlər hesab edirlər ki, diaspor istiqamətndə uğurlu strategiyadan biri əcnəbiləri Azərbaycanın dostlarına çevirmək bu prosesə qazandırmaqdır. Belə əcnəbilərdən biri də çinli Lu Sidir. Lu Si Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili ixtisasının sonuncu kurs tələbəsidir. Azərbaycanca adı Rafaeldir. O, Azərbaycan dilində sərbəst danışır və yazır. Elə bizə müsahibəni Azərbaycan dilində verib. Onu da əlavə edək ki, Lu Sinin Çin mediasında Şuşa ilə bağlı məqaləsi dərc edilib.

Qeyd edək ki, Pekin Xarici Dillər Universiteti (PXDU) Asiya fakültəsi Azərbaycan dili ixtisası dünyada əcnəbilər üçün təşkil olunmuş ilk və yeganə dörd illik bakalavr proqramlı ixtisasdır. 2015-ci ildə Çin Təhsil nazirliyi PXDU-də Azərbaycan dili ixtisasının yaranması ilə bağlı qərar qəbul edib. 2016-cı ildə PXDU-də filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tərəfindən Azərbaycan dili kafedrası yaradılıb, 2017-ci ilin fevralın 28-də bütün Çində ilk dəfə Azərbaycan dili üçüncü dil kimi tədris olunub, 2018-ci ildə Çin ümumrespublika qəbul imtahanı vasitəsi ilə Azərbaycan dili ixtisasına qəbul elan edilib. Hazırda bu ixtisasda təhsil alan tələbələr 4-cü kursdadırlar. Qəbul hər 4 ildən bir həyata keçirilir. Azərbaycan dili kafedrasının elmi və mədəni fəaliyyəti də zəngindir. Bir neçə lüğət və dərsliklər yazılıb, Azərbaycan ədəbiyyatdan nəsr və nəzm əsərləri tərcümə edilib, Çin elmi jurnallarında Azərbaycan dili və mədəniyyəti ilə bağlı 20-dən çox məqalə dərc edilib, 2019-cu ildə “Azərbaycan dili və ədəbiyyatı sərgisi” keçirilib, 2021-ci ildə “Nizami irsi” layihəsi çərçivəsində Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş araşdırma məqalələri və tərcümə toplusu dərc olunub, universitetdə Azərbaycan elm və ictimai-siyasi xadimlərinin mühazirələri dəfələrlə təşkil edilib və s.

-Sizdə Azərbaycan dili ixtisasını seçmək ideyası necə yarandı?

-Bildiyiniz kimi, Çin son illər sürətlə inkişaf edir və “Bir Kəmər Bir Yol” təşəbbüsü qədim İpək yolu üzərində yerləşən ölkələrin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Azərbaycan “Bir Kəmər Bir Yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdən biridir və eyni zamanda Avrasiya materikinin mərkəzində mühüm ticarət və mədəniyyət qovşağında yerləşən bir ölkədir. Çox təəssüf ki, Çində Azərbaycan haqqında məlumat kasadlığı var. Ümid edirəm ki, Azərbaycan dilini öyrənməklə gələcəkdə Çin və Azərbaycan arasında əməkdaşlığa töhfə verəcəm, iki ölkə arasında mədəni körpü rolunu oynayacağam.

-Dilimizi öyrəndikdən sonra ölkəmiz və xalqımız haqda düşüncənizdə hər hansı dəyişiklik oldumu?

-Bildiyiniz kimi, “Azərbaycan dili” ixtisasını öyrənmək təkcə Azərbaycan dilini öyrənmək deyil, həm də Azərbaycanın ədəbiyyatını, iqtisadiyyatını, siyasətini, tarixini, mədəniyyətini və digər aspektlərini öyrənməkdir. Bundan əlavə, imkan olarsa, biz də mübadilə və təhsil üçün Azərbaycana getməli, Azərbaycan cəmiyyətini və mədəniyyətini ürəkdən hiss etməli, yerli əhali ilə səmimi ünsiyyət qurmalıyıq. Yalnız bundan sonra Azərbaycanı həqiqətən dərk etmək olar. 2020-ci ildə Azərbaycanda bir illik təhsil almağımız nəzərdə tutulmuşdu, amma təəssüf ki, pandemiya buna imkan vermədi. Azərbaycan dilini öyrənməmişdən əvvəl Azərbaycan haqqında yeganə təəssüratımı iki sözlə ifadə etmək olar: küləkli şəhər və neft. İndi mənim Azərbaycan və Azərbaycan xalqı haqqında təəssüratımı belə ifadə etmək olar: cəsur, multikultural, intellektual və tolerant.

-Azərbaycanla bağlı əsas arzularınız nədir?

-Son zamanlar Azərbaycanla bağlı ən böyük arzum Azərbaycana gedib mübadilə əsasında təhsil almaqdır. Hamımızın bildiyi kimi, epidemiyanın təsiri ilə əlaqədar bütün dünyada təhsil və mədəniyyət mübadiləsi çox ləngidi. Mən də Azərbaycana səfər edə bilmədiyimə görə çox təəssüflənirəm. Gələcəkdə Azərbaycanla bağlı ən böyük arzum azərbaycanşünaslıq, xüsusən də siyasi elmlər sahəsində tədqiqatçı olmaqdır.

-Azərbaycan dili dərsləri ilə bağlı fikirləriniz nədir? Dörd il ərzində sizə hansı fənnlər tədris olunub?

-İlk növbədə Çində və bütün dünyada əcnəbilər üçün ilk Azərbaycan dili ixtisasının yaradıcısı doktor Aqşin Əliyevə təşəkkür etmək istərdim. O, biz tələbələr üçün saysız-hesabsız zəhmət sərf etmişdir. Dörd illik bakalavr dərs planımıza ixtisas fənnləri olaraq əsaslar, dinləmə, danışma, tərcümə, oxuma və yazma fənnləri daxildir. (Azərbaycan dilinin əsasları və qrammatikası, Azərbaycan dilində yazılı və şifahi tərcümə, işgüzar və akademik yazı, audiovizual dərslər və s.) Kurikulum sadədən mürəkkəbə, nəzəriyyədən praktikaya doğru dəyişir. Biz təkcə dili deyil, həm də Azərbaycan mədəniyyətinə və cəmiyyətinə aid fənnlər öyrənirik, məsələn Azərbaycan ədəbiyyatı, tarixi, cəmiyyəti, mədəniyyəti, azərbaycanşünaslıq və digər nəzəri fənnləri göstərə bilərəm.

-Bugünlərdə Şuşa haqda məqaləniz çap olundu. Bura hər bir azərbaycanlı üçün müqəddəs məkan kimidir və azulayır ki, ora getsin. Siz də Şuşaya getmək istərdinizmi?

-Şuşa Azərbaycan sivilizasiyası tarixində, hətta deyərdim ki, dünya sivilizasiya tarixində mühüm yer tutur. Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir, təsadüfi deyil ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar. Şəhərdə onlarla muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar yerləşir. Şübhəsiz ki, Şuşa şəhəri mənim getmək istədiyim yerlərdən biridir.

-Dilimizi öyrəndikdən sonra növbəti mərhələdə bunu həyatınızda necə tətbiq etməyi planlayırsız?

-Növbəti mərhələdə dildən daha çox ünsiyyət və akademik tədqiqat vasitəsi kimi istifadə edəcəyəm. Təbii ki, dil öyrənməyin sonu yoxdur. Gələcəkdə Azərbaycan dilini öyrənməyə davam edəcəyəm.

- Pekin-2022 Qış Olimpiya Oyunları keçirilir. Azərbaycanlı idmançılar da oradadır. Onlara azarkeşlik edirsinizmi?

-Əlbəttə. Tarixə nəzər salsaq, Çin və Azərbaycan arasında qədim İpək Yolu üzərində yaranmış dostluq zamanın sınağından uğurla çıxıb. Bu günə baxaq, 2022-ci il Çin və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür və əminik ki, gələcəkdə ikitərəfli münasibətlərdə daha yeni və möhtəşəm səhifələr açılacaq. Olimpiya ruhu idmançılar arasında möhkəm dostluğun rəmzidir, atletlər ortaq gələcək naminə Pekində bir ailə kimi birləşib...

Mən fəxr edirəm ki, bu yarış bizim ölkəmizdə keçiriir. Bu, həm Çin, həm də dünya üçün, xüsusən də COVID-19 pandemiyası fonunda tarixi hadisədir. Prezident Si Cinpinin dediyi kimi, Çin ürəkdən sadə, təhlükəsiz və gözəl Qış Olimpiya Oyunlarını dünyaya bəxş edəcək.

Hamımız bilirik ki, 2008-ci ildə Çin çox uğurlu və gözəl Yay Olimpiya Oyunlarına ev sahibliyi etdi. 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının çox uğurlu olacağına tam inanıram...

Əli