

"Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik"
Heydər Əliyev
Ümummilli Lider
"Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir."
İlham Əliyev
Azərbaycan Respiblikasının Prezidenti
Milli-mənəvi dəyərlərimizin yaşadılması, qorunub saxlanılması vacib amillərdən biridir. Bu, xüsusən müstəqillik illərində dövlət quruculuğu prosesində mühüm əhəmiyyətə malik olub. Yəni dövlətin müstəqilliyinin qorunmasını təmin edən əsas sütunlardan biri məhz milli-mənəvi dəyərlər olub. Bu gün də dövlət tərəfindən milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
***
Mövzu ilə bağlı “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Süleyman İsmayılbəyli deyib ki, Azərbaycanda milli-mənəvi dəyərlərə bağlılıq, onun qorunması, yaşadılması və gənc nəzlə çatdırılması hər zaman diqqət mərkəzində saxlanılıb. Zaman-zaman, xüsusilə keçmiş sovetlər dönəmində mənəvi dəyərlərimizi aşınmaya məruz qoymağa, onu deqradasiyaya uğratmağa yönəlik fəaliyyətlər ortaya qoyulub: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müəyyən zamanlarda ittifaq rəhbərliyi bu istəyinə az da olsa çata bilib, mənəvi dəyərlərimizə zərbə vurulub, onların unudulmasına çalışılıb. Mərkəzin xüsusi planı əsasında Azərbaycanda ən yüksək vəzifələrə erməni millətindən olan şəxslərin təyin edilmsi həmin planın tərkib hissəsi olub. Məqsəd xalqımızı milli mənəvi dəyərlərindən uzaq salmaq olub. Hətta milli və dini bayramlarımız sayılan Novruz, Qurban, Ramazan bayramları sovetlərin çirkin planı səbəbindən gizli şəkildə qeyd edilirdi. Milli-mənəvi dəyərlərimizin deqradasiyaya uğraması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər davam etdi. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi maneələrə qarşı mübarizə apararaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, xalqın özünüdərki üçün ciddi addımlar atmağa başladı”.
O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli - mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, həmin problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar mərhələ-mərhələ öz müsbət nəticələrini göstərirdi.
Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinə də məhz Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi illərdə başlanıldı.
Ulu Öndər milli-mənəvi dəyərlərdən danışarkən deyirdi: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
***
Ümummilli Lider müstəqillik illərində mili-mənəvi dəyərlərin qorunmasında dini aspektə xüsusi diqqət yetirir, dini ibadətgahların, bu qəbildən olan abidələrin bərpası və yenidən quruıması istiqamətində çalışırdı. Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə yüzlərlə dini ibadətgah inşa olunub və ya yenidən qurulub. Dini dəyərlərimizdə canlanma baş verib: “Vaxtı ilə Sovet rejimi tərəfindən dağıdılan “Bibi Heybət” məscidi və ziyarətgahının yenidən qurulması da məhz Heydər Əliyevin göstərişi ilə baş verib. Bu kimi örnəklərin sayı kifayət qədər çoxdur. İslam dinini milli-mənəvi dəyərlərimiz, kimliyimizin ayrılmaz tərkib hissəsi kimi xarakterizə edərək deyirdi: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”.
***
S.İsmayılbəyli onu da vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunmasına, onun inkişaf etdirilməsinə günümüzdə ən vacib məsələlərdən biri kimi həmişə diqqət mərkəzində olub. Onun fikrincə, söhbət təkcə azərbaycanlıların, islam dininə aid olan dəyərlərin qorunması və inkişafından getmir: “Azərbaycan tolerant, multikultural bir ölkədir, burada çox sayda azsaylı xalqlar, milli azlıqlar, etnik qrupların nümayəndələri yaşayırlar. Onlar da bizim vətəndaşlardır, onların da konstitusion hüquqları qorunur, eləcə də mənsub olduqları din, dil və adət-ənənələri, ibadət yerləri qorunur. Məsələn, yeni sinaqoq tikilib, bərpa olunub, kilsələr bərpa olunur, qeyri-islami dini konfessiyalara hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Ölkəmizdə qeyri-islami dini icmaların və digər təriqət və məzhəb sahiblərinin də dini bayramları hörmətlə anılıb. Mənəvi dəyərlərin qorunması və təbliği sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə atılan addımlardan biri də Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Fond milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirib.
Bu gün milli-mənəvi dəyərlərimizin qorunması, onun mühafizə edilməsi, abidələrimizin, memarlıq incilərinin bərpası, yenidən qurulması prosesi eyni ilə işğaldan azad edilmiş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilir. İkinci Qarabağ müharibəsindən keçən 5 il yaxın müddətdə Şuşada, Ağdamda, eləcə də digər ərazilərimizdə məscidlərin bərpa edilməsi, yeni ibadət məkanlarının tikilməsi milli-mənəvi dəyərlərə olan bağlılıq, onların qorunması, mühafizəsi deməkdir”.
***
O da vurğulanıb ki, hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub.
S.İsmayılbəylinin fikrincə, hər bir vətəndaş, vətənini, dövlətini, xalqını, millətini, torpağını sevən tarixdən süzülüb gələn dəyərlərini qoruyub saxlamalı və onu yaşatmalı, yad təsirlərdən qorumalıdır. Beləliklə, tolerantlığı, multicultural dəyərləri, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur. Qloballaşma prosesi yaşasaq da milli-mənəvi dəyərlərimizi yaşatmalı, saxlamalı, gənc nəslə ötürməli, onları yad təsirlərdən qorumalıyıq.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər