
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətiylə paylaşım edib.
O, bu barədə "X" hesabında bildirib:
"Bu gün cəmiyyətimiz Azərbaycan milli mətbuatının növbəti ildönümünü qeyd edir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir".
Hikmət Hacıyev vurğulayıb ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaradıb:
"Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafını təmin edib, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib".
Prezidentin köməkçisi qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib:
"Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".
H.Hacıyev əlavə edib ki, dünyada və regionumuzda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:
"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək".
Sonda Hikmət Hacıyev media nümayəndələrini təbrik edib:
"Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".