AQTA-nın sədri dondurma istehsalı müəssisəsində olub Cəmiyyət

AQTA-nın sədri dondurma istehsalı müəssisəsində olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Iceland” ticarət markası altında dondurma məhsulları istehsal edən “Camal LTD” MMC-nin fəaliyyəti ilə tanış olub.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTA-nın sədri müəssisənin istehsal və emal sahələri, laboratoriya bölməsi və sınaq imkanlarını izləyib, həmçinin hazır məhsulların saxlanması və daşınması mərhələlərinə baxış keçirib. Müəssisənin istehsal potensialı, qida təhlükəsizliyinin təmin edilməsi, dondurma məhsullarının xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, şirkət müasir standart və texnologiyalardan istifadə etməklə müxtəlif çeşiddə dondurmalar istehsal edir. Məhsulun istehsal prosesində qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri tətbiq olunur.

Tanışlıq zamanı qida təhlükəsizliyi tələblərinin təmin olunması, istehsal proseslərinin təkmilləşdirilməsi və ixrac potensialının genişləndirilməsinin vacibliyi vurğulanıb.