13:29
420
“Azərbaycan üçün dost və qardaş ölkə Türkiyə ilə yaxın müttəfiq ölkə olan İsrail arasında qarşıdurmanın yaşanması bizim üçün heç bir halda arzu olunan ssenari deyil və hesab edirəm ki, hər iki ölkənin hakimiyyəti daha uzaqgörən, daha müdrik qərarlar qəbul edərək taktiki məsələlərdə belə bir görüntü versələr də, amma strateji və faktiki olaraq belə bir müharibənin baş verməsinə şərait yaratmayacaqlar”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev söyləyib.
T.Əliyev əlavə edib ki, müharibə hər iki ölkə üçün son dərəcə ciddi itkilər və təlafatlarla nəticələnə bilər: “Bu gün bunun ən bariz nümunəsi Şərqi Avropada Rusiya ilə Ukrayna arasında və Yaxın Şərqdə ABŞ ilə İran arasında yaşanan daha qlobal xarakterli müharibələrdir. Böyük dövlətlər arasındakı müharibələr kiçik ölkələr arasındakı lokal toqquşmalardan fərqli olaraq hər iki ölkə üçün həm iqtisadi, həm hərbi, həm də insani baxımdan böyük itkilərlə müşahidə olunur. Ona görə də düşünürəm ki, hər iki ölkə bu məsələlərdə diplomatik, həmçinin psixoloji səviyyədə gərginliyi inkişaf etdirsələr də, real müharibə ssenarisinin işə düşməsinə şərait yaratmayacaqlar”.
Röya İsrafilova