
“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edən əməkhaqqı islahatını yalnız sosial xarakterli qərar kimi deyil, Azərbaycan səhiyyəsinin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirmək lazımdır. Əlbəttə, ilk növbədə bu qərar həkimlərimiz, tibb bacılarımız və bütövlükdə səhiyyə işçiləri üçün sevindirici hadisədir. Tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Lakin məsələnin daha geniş və uzunmüddətli tərəfi var. Bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah vətəndaşa göstəriləcək tibbi xidmətə edilən investisiyadır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov söyləyib.
R.Mahmudov bildirib ki, səhiyyənin ən qiymətli resursu nə bina, nə də tibbi avadanlıqdır, ən qiymətli resurs insandır: “Müasir xəstəxana tikmək, ən son texnologiyaları əldə etmək müəyyən maliyyə imkanları daxilində mümkündür. Lakin yüksək səviyyəli həkimin, tibb bacısının, anestezioloqun, neonatoloqun, cərrahın və digər mütəxəssislərin yetişdirilməsi uzun illər tələb edir. Bu səbəbdən peşəkar kadrların sistemdə qorunması hər bir ölkənin səhiyyə siyasətinin əsas strateji məsələlərindən biridir. Yeni yanaşmanın mühüm cəhətlərindən biri əməkhaqqı siyasətinin kadr ehtiyacları ilə əlaqələndirilməsidir. Xüsusilə regionlarda çatışmayan və səhiyyə sisteminin fəaliyyəti üçün kritik əhəmiyyət daşıyan ixtisasların daha ciddi stimullaşdırılması gələcəkdə kadrların ölkə üzrə daha balanslı yerləşməsinə imkan verə bilər. Bu, olduqca vacib məsələdir. Çünki səhiyyədə bərabərlik yalnız hər yerdə xəstəxana binasının olması demək deyil. Həqiqi bərabərlik vətəndaşın harada yaşamasından asılı olmayaraq ehtiyac duyduğu keyfiyyətli tibbi yardıma vaxtında çata bilməsidir. Bunun üçün isə regionlarda yalnız infrastruktur deyil, həmin infrastrukturu işlədə biləcək peşəkar insan resursu da olmalıdır”.
Deputatın sözlərinə görə, əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi gənc həkimlərin regionlarda işləməyə marağını artıra, artıq orada çalışan təcrübəli mütəxəssislərin sistemdə qalmasına kömək edə bilər: “Uzunmüddətli perspektivdə bunun nəticəsi paytaxta olan tibbi miqrasiyanın və bəzi xidmətlər üzrə böyük mərkəzlərin üzərinə düşən əlavə yükün azalması ola bilər. Vətəndaş bir sıra tibbi xidmətləri yaşadığı bölgədə ala bildikdə həm vaxt, həm ailə büdcəsi, həm də bütövlükdə səhiyyə sistemi baxımından ciddi üstünlüklər yaranır. Digər mühüm məsələ əməkhaqqı artımı ilə tibbi xidmətin keyfiyyəti arasındakı əlaqədir. Əlbəttə, yalnız maaşı artırmaqla tibbi xidmətin keyfiyyətinin avtomatik yüksələcəyini düşünmək doğru olmazdı. Keyfiyyət çoxkomponentli anlayışdır. Buraya davamlı tibbi təhsil, klinik protokollara əməl olunması, pasiyent təhlükəsizliyi, müasir texnologiyalara çıxış, düzgün idarəetmə, iş şəraiti və fəaliyyətin obyektiv qiymətləndirilməsi daxildir. Lakin bütün bunların mərkəzində yenə insan dayanır. Əməyinin qarşılığını aldığını, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss edən tibb işçisinin motivasiyası və sistemə bağlılığı da fərqli olur. Buna görə əməkhaqqı islahatının gələcək mərhələlərdə peşəkarlıq, davamlı təhsil, fəaliyyət göstəriciləri və xidmət keyfiyyəti ilə uzlaşdırılması Azərbaycan səhiyyəsində yeni əmək və keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər”.
O eləcə də vurğulayıb ki, son illərdə Azərbaycanda səhiyyənin maddi-texniki bazasının yenilənməsi, yeni tibb müəssisələrinin yaradılması və icbari tibbi sığortanın tətbiqi ilə sistemin maliyyələşmə və təşkilati modeli əhəmiyyətli dərəcədə dəyişib: “İndi isə bu inkişafın növbəti mühüm istiqamətlərindən biri həmin sistemin əsas daşıyıcısı olan insan kapitalının gücləndirilməsidir. Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən əməkhaqqı islahatının əhəmiyyəti yalnız bugünkü sosial nəticələrlə ölçülməməlidir. Onun real strateji nəticələri qarşıdakı illərdə peşəkar kadrların sistemdə qorunması, regionlarda mütəxəssis təminatının yaxşılaşması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə özünü göstərməlidir. Nəticə etibarilə, bu qərarın mərkəzində tibb işçisi dayansa da, onun son ünvanı Azərbaycan vətəndaşıdır. Bu gün həkimə və tibb işçisinə yaradılan daha yaxşı şərait sabah Bakıda olduğu kimi, ölkənin ən ucqar kənd və rayonunda yaşayan vətəndaşın da daha əlçatan, təhlükəsiz və keyfiyyətli tibbi xidmət almasına xidmət etməlidir”.
Röya İsrafilova