
“Ethnoglobus.az” portalında “Azərbaycanın multikultural mühitində udilər və Alban kilsəsi” (“Udi and Albanian Church in Multicultural Environment of Azerbaijan”) sərlövhəli məqalə dərc olunub.
APA xəbər verir ki, məqalənin müəllifi Azərbaycan Alban-Udi Xristian İcmasının sədri, Bakı Dövlət Universitetinin Mineralogiya, Kristalloqrafiya və Geokimya kafedrasının böyük elmi işçisi Robert Mobilidir.
Məqalədə qeyd olunur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra kilsələrarası münasibətlərin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, tarixən formalaşmış tolerantlıq mühitinin qorunması, millətlərarası və dinlərarası dialoqun inkişafı üçün əlverişli şərait yaradılıb. Bunun nəticəsində Azərbaycan mədəniyyətlərarası əlaqələrin, konfessiyalararası münasibətlərin və dinlərarası dialoqun mühüm mərkəzlərindən birinə çevrilib.
Müəllif bildirir ki, Azərbaycanın çoxmillətli cəmiyyətinin tərkib hissəsi olan udilər Qafqazın ən qədim yerli etnik qruplarından biridir. Alban-Udi Xristian İcmasının mənşəyi və tarixi iki əsrdən artıqdır ki, müxtəlif ölkələrin alimləri tərəfindən araşdırılır.
Məqalədə udilərin Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim etnik topluluqlardan biri olduğu vurğulanır. Qeyd edilir ki, bu xalq tarix boyu müxtəlif siyasi, dini və konfessional qarşıdurmaların, böyük dövlətlər arasındakı rəqabətin təsirinə məruz qalsa da, öz milli kimliyini, dilini, dini inanclarını və mədəni ənənələrini qoruyub saxlamağa nail olub.
Robert Mobili yazır ki, udilər haqqında məlumatlara qədim tarixi mənbələrdə, o cümlədən eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndərlə farslar arasında baş vermiş Qavqamela döyüşü ilə bağlı qeydlərdə rast gəlinir. Onların adı Herodot, Strabon, Ptolemey, Böyük Plini kimi antik müəlliflərin əsərlərində, ərəb mənbələrində və avropalı səyyahların gündəliklərində çəkilir.
Müəllifin sözlərinə görə, udilərin tarixinə dair ən ətraflı məlumatlardan biri Qafqaz Albaniyasının Uti vilayətində yerləşən Kalankatuk kəndindən olan tarixçi Movses Kalankatuklunun “Alban tarixi” əsərində əksini tapıb.
Məqalədə fransız yazıçısı Aleksandr Dümanın 1859-cu ildə Qafqaza səfəri zamanı udi əsilli Q.Bejanovla görüşü də xatırladılır. Dümanın səfər qeydlərindən belə bir sitat təqdim olunur:
“Udilərin mənşəyi məlum deyil. Onların heç kimin başa düşmədiyi dili başqa heç bir dilə bənzəmir. Onlar özlərini əhatə edən qaranlıq keçmişin içində itib-batırlar”.
Yazıda bildirilir ki, udilərlə bağlı məlumatlar fransız alimi Eduard Düralyenin əsərlərində, ingilis səyyahlarının gündəliklərində, Arutyunovun antropoloji araşdırmalarında və A.Yanovskinin Qafqaz Albaniyasına dair tədqiqatlarında da yer alıb.
Robert Mobili arxiv materiallarına istinad edərək XIX əsrin son rübündə Rusiya imperiyasının ərazisində 10–12 min udinin yaşadığını qeyd edir.
Məqalədə təqdim olunan məlumatlara əsasən, hazırda dünyada udilərin ümumi sayı 10 min nəfərdən çoxdur. Onların təxminən 5 mini Azərbaycanda yaşayır. Udilər əsasən Qəbələ rayonunun Nic kəndində kompakt şəkildə məskunlaşıblar. Bununla yanaşı, Oğuzda və Bakıda, həmçinin Rusiyanın cənub bölgələrində, Qazaxıstanda, Gürcüstanda, Ukraynada, Belarusda və bir sıra Avropa ölkələrində udi icmaları mövcuddur.
Müəllif qeyd edir ki, Nic kəndinin 7500 nəfərlik əhalisinin təxminən yarısını udilər təşkil edir. Tarix boyu Sasani imperiyası, Ərəb xilafəti, Osmanlı və Rusiya imperiyaları, eləcə də SSRİ kimi müxtəlif siyasi quruluşların mövcud olduğu dövrlərdə yaşamalarına baxmayaraq, udilər öz dillərini, dinlərini və mədəniyyətlərini qoruyublar.
Məqalənin mühüm hissələrindən biri udi dilinin və qədim Alban yazısının tarixinə həsr olunub.
Yazıda bildirilir ki, udi dili Nax-Dağıstan dilləri qrupuna aiddir və bir-birinə yaxın iki dialekti mövcuddur. Tarixən Qafqaz Albaniyasında geniş yayılmış bu dil IV əsrdə ədəbi dilin formalaşmasında və Alban yazısının yaranmasında mühüm rol oynayıb.
Müəllif qeyd edir ki, qədim Alban əlifbası 52 hərfdən ibarət olub. Həmin dövrdə dini mətnlər, liturgiyalar və kilsə nəğmələri Alban dilinə tərcümə edilib, ibadətlər bu dildə aparılıb. Lakin sonrakı tarixi proseslər nəticəsində Alban yazısının istifadəsi tədricən dayanıb.
Robert Mobili 1996-cı ildə Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında qədim Alban mətnlərinin yer aldığı palimpsestin aşkarlanmasını mühüm elmi hadisə kimi qiymətləndirir. Onun sözlərinə görə, bu tapıntı Alban əlifbasının və yazılı ədəbi dilinin mövcudluğuna dair tədqiqatlara yeni imkanlar yaradıb.
Məqalədə bildirilir ki, aşkar edilmiş əlyazmada Yəhya İncilindən parçalar, liturgiya mətnləri və dini oxular yer alıb. Zaza Aleksidze, Yost Gippert, Volfqanq Şultse və Jan-Pyer Mahe kimi alimlərin iştirakı ilə aparılan araşdırmalar nəticəsində qədim mətnlər oxunaraq iki cilddə nəşr edilib və doqquz dilə, o cümlədən udi dilinə tərcümə olunub.
Müəllif həmin mətnlərin deşifrə edilməsində udi dilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayır.
Məqalədə Alban-Udi Xristian İcmasının əsas fəaliyyət istiqamətlərindən birinin qədim Alban kilsəsinin dini-mədəni irsinin bərpası olduğu bildirilir.
Robert Mobili qeyd edir ki, 1836-cı ildə Rusiya imperiyasının hakimiyyət orqanları tərəfindən Alban kilsəsinin ləğv edilməsi udilərin dini və mədəni həyatına ciddi təsir göstərib. Müəllif bu prosesin Erməni Qriqorian Kilsəsinin dəstəyi ilə həyata keçirildiyini bildirir.
Onun fikrincə, həmin qərar nəticəsində qədim dini kitablar, salnamələr və digər yazılı mənbələr məhv edilib, əsrlər boyu formalaşmış ibadət ənənələrinə və mənəvi irsə ciddi zərər dəyib. Bununla belə, udilər öz ana dillərini və dini kimliklərini qoruyub saxlaya biliblər.
Yazıda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Alban dini irsinə aid 100-dən çox abidənin yerləşdiyi də qeyd edilir.
Müəllif udilərin qədim Qafqaz Albaniyasının xristian irsini yaşadan etnik topluluqlardan biri olduğunu, onların tarixi vətənləri olan Azərbaycanda öz milli-mədəni xüsusiyyətlərini qoruyub inkişaf etdirdiklərini vurğulayır.
Məqalədə Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların əsrlər boyu birgəyaşayış təcrübəsinə də geniş yer ayrılır. Bildirilir ki, müsəlmanlar, yəhudilər, pravoslavlar, katoliklər və digər dini icmalar tarixən eyni coğrafiyada qarşılıqlı hörmət şəraitində yaşayıblar.
Robert Mobili müxtəlif dinlərə məxsus məbədlərin, sinaqoqların, kilsələrin və məscidlərin bir-birinə yaxın yerləşməsini Azərbaycanın ortaq tarixi və dini-mədəni irsinin göstəricisi kimi qiymətləndirir.
Müəllif bu baxımdan Nic kəndini xüsusi nümunə kimi təqdim edir.
Məqalədə qeyd olunur ki, kənddə üç kilsənin və iki məscidin mövcudluğu, iki xristian icmasının və Udi mədəni-maarif mərkəzinin fəaliyyəti dini müxtəlifliyin qorunmasının bariz nümunəsidir.
Yazıda udilərin öz xristian inanclarını yaşatmaqla yanaşı, müsəlman qonşularının dini mərasimlərinə və bayramlarına hörmətlə yanaşdıqları bildirilir. Xüsusilə Novruz bayramının birgə qeyd olunması müsəlman və xristian icmaları arasında mədəni inteqrasiyanın mühüm amillərindən biri kimi göstərilir.
Müəllifin sözlərinə görə, Nic kəndində qonaqpərvərlik, qarşılıqlı hörmət və müxtəlif dini ənənələrə tolerant münasibət əsrlər boyu qorunub saxlanılıb.
Məqalədə Azərbaycan dövlətinin Alban-Udi Xristian İcmasının fəaliyyətinə göstərdiyi dəstək xüsusi vurğulanır.
Robert Mobili Prezident İlham Əliyevin 2005 və 2011-ci illərdə Nic kəndinə səfərlərini xatırladır. O, dövlət başçısının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, müxtəlif nazirliklərin, qeyri-hökumət təşkilatlarının və vətəndaşların icmanın dini-mədəni irsinin qorunmasına göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Yazıda 2006-cı ildə Nic kəndindəki Müqəddəs Yelisey (“Çotari”) Alban-Udi kilsəsinin bərpası tarixi ədalətin və dini-mədəni irsin qorunması istiqamətində mühüm addım kimi təqdim olunur.
Məqalədə 2018-ci ilin avqustunda Nic kəndində yaradılmış “Udi ocağı” Tarixi-Etnoqrafik Park-Muzeyinin fəaliyyətindən də bəhs edilir.
Bildirilir ki, muzeyin yaradılmasında yerli və polşalı mütəxəssislər iştirak ediblər. Onların arasında azərbaycanlı memar-rəssam Şahvələd Məmmədov da olub.
Müəllif qeyd edir ki, “ocaq” anlayışı Azərbaycan dilində od, evin istilik mənbəyi və müqəddəs məkan mənalarını ifadə edir. Bu anlayış udilərin və azərbaycanlıların qədim inanclarında mühüm yer tutur.
Məqalədə muzeyin ərazisində XVII əsrin sonlarında tikilmiş Qanqalovlar ailəsinə məxsus evin, ənənəvi təsərrüfat tikililərinin, bağın və digər etnoqrafik nümunələrin qorunduğu bildirilir.
Yazıda udilərin ənənəvi yaşayış tərzi, memarlıq xüsusiyyətləri, kənd təsərrüfatı və məişət mədəniyyəti haqqında da məlumat verilir. Qeyd edilir ki, bölgədəki qədim evlərdə ayrıca ibadət otaqlarının mövcudluğu udi məişətinin səciyyəvi xüsusiyyətlərindən biri olub.
Müəllif Nic kəndinin iqtisadi həyatında fındıqçılığın xüsusi yer tutduğunu, əhalinin böyük hissəsinin bu sahə ilə məşğul olduğunu bildirir.
Məqalədə muzeyin yalnız tarixi-mədəni irsin nümayiş etdirildiyi məkan deyil, həm də beynəlxalq forumların, konfransların və müxtəlif görüşlərin keçirildiyi mərkəz kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Robert Mobili Nic kəndini Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin praktiki nümunəsi hesab edir.
Onun sözlərinə görə, kənddə udilərin Pasxa və Milad bayramları zamanı müxtəlif dini icmaların nümayəndələri bir araya gəlir, bayramlar qarşılıqlı hörmət və dostluq şəraitində qeyd olunur.
Məqalədə Nic kəndində iki məscidin fəaliyyət göstərdiyi, üç kilsədən ikisinin bərpa olunduğu, həmçinin beş məktəbin mövcud olduğu bildirilir. Məktəblərdən üçündə tədris rus, ikisində isə Azərbaycan dilində aparılır.
Yazıda 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Nic kəndindəki 2 nömrəli tam orta məktəbin təmir edildiyi də xatırladılır. Burada təhsil alan udi uşaqlarının rus dilində oxumaqla yanaşı, beşinci sinfədək ana dillərini də öyrəndikləri vurğulanır.
Müəllif Alban-Udi Xristian İcmasının əsas missiyasının öz tarixi irsini araşdırmaq, milli-mədəni dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək olduğunu bildirir.
Robert Mobili hesab edir ki, qloballaşma şəraitində kiçik etnik qrupların öz dillərini, dinlərini və adət-ənənələrini qoruması mühüm əhəmiyyət daşıyır. Udilərin tarixi təcrübəsi isə milli kimliyin uzun əsrlər ərzində qorunmasının nümunəsidir.
Məqalədə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Nic kəndindəki Müqəddəs Məryəm Ana kilsəsinin bərpasından da geniş bəhs olunur.
Bildirilir ki, sovet dövründə anbar kimi istifadə edilmiş kilsə uzun müddət baxımsız vəziyyətdə qalıb. Binanın günbəzi dağılıb, divarları zədələnib və tarixi memarlıq xüsusiyyətləri ciddi təhlükə ilə üzləşib.
Bərpa işləri nəticəsində kilsənin memarlıq elementləri yenidən qurulub, günbəzin üzərində Alban xaçı yerləşdirilib.
Müəllif Alban xaçının digər xristian xaçlarından fərqləndiyini qeyd edir. Onun təsvirinə görə, xaçın dörd ucunun hər birində üç sivri ləçək yerləşir. Ortadakı ləçək alovu, kənardakılar isə ayparanı simvolizə edir. Bu elementlər qədim Qafqaz Albaniyası xalqlarının od və Ayla bağlı inanclarının izləri kimi qiymətləndirilir.
Yazıda bərpa zamanı kilsənin divarlarında və tağlarında akustikanı yaxşılaşdırmaq məqsədilə istifadə olunmuş qədim saxsı rezonatorların aşkar edildiyi də bildirilir. Həmin elementlərin ilkin yerlərində saxlanılması tarixi memarlıq irsinin qorunması baxımından əhəmiyyətli hesab olunur.
Məqalədə kilsənin həyətində yerləşən üç bulağın və vaxtilə vəftiz mərasimlərinin keçirildiyi məkanların da bərpa olunduğu qeyd edilir.
Bildirilir ki, bərpadan sonra Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycan Alban-Udi Xristian İcmasının istifadəsinə verilib.
Robert Mobili udilərin ölkənin ictimai və dini həyatında, eləcə də beynəlxalq tədbirlərdə fəal iştirak etdiklərini vurğulayır. Alban-Udi Xristian İcmasının nümayəndələrinin UNESCO çərçivəsində keçirilən tədbirlərdə, müxtəlif beynəlxalq konfranslarda, forumlarda və görüşlərdə təmsil olunduqları bildirilir.
Məqalənin yekununda müəllif udilərin Qafqaz Albaniyasının tarixində, Şərq xristian irsinin, qədim dilin, mədəniyyətin, adət və ənənələrin qorunmasında mühüm rol oynadığını qeyd edir.
Robert Mobili bildirir ki, Udi kilsəsi Alban Apostol Avtokefal Kilsəsinin ayrılmaz tərkib hissəsidir. O, udilərlə azərbaycanlılar arasında əsrlər boyu formalaşmış etnik, tarixi və mədəni əlaqələrin mövcudluğunu xüsusi vurğulayır.
Müəllifin fikrincə, son onillikdə udilərin milli özünüdərk və etnik birləşmə baxımından yeni dirçəliş mərhələsinə qədəm qoyması onların tarixi irsə bağlılığının göstəricisidir.
Yazıda Nic kəndində müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri arasında formalaşmış münasibətlər Azərbaycanın multikultural mühitində tolerantlıq və birgəyaşayış modelinin nümunəsi kimi qiymətləndirilir.
Robert Mobili məqaləsini udilərin tarixi kimliyinin, Alban xristian irsinin, ana dilinin və milli-mədəni ənənələrinin qorunmasının Azərbaycanın çoxəsrlik multikultural mühitinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq yekunlaşdırır.