
Barak Obamanın bəyanatı, Amerika siyasi elitasının bir hissəsinin Donald Trampın xarici siyasəti ilə bağlı narahatlıqlarını əks etdirir. Moskva ilə razılaşma əldə etmək cəhdləri – əgər bunlar Ukraynanın hesabına güzəştləri nəzərdə tutursa – beynəlxalq təhlükəsizlik üçün təhlükəli bir presedent yarada bilər. Vladimir Putin Qərbin kompromisə getmək istəyini diplomatik addım kimi deyil, zəiflik əlaməti kimi qəbul edə və bu da onu daha çox güzəştlər tələb etməyə cəsarətləndirə bilər. Bununla belə, məsələni nəzərdən keçirərkən Obamanın öz siyasətini də diqqətdən qaçırmaq olmaz. Krımın işğalından sonra onun administrasiyası Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, Amerikanın ümumi reaksiyası olduqca məhdud çərçivədə qaldı.
Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday ABŞ-nin keçmiş prezidenti Barak Obamanın Ağ Ev Vladimir Putinin qarşısında diz çökür fikrinə münasibətində deyib.
Xatırladaq ki, Obama demokratların seçkiqabağı mitinqində çıxışında deyib:
“Kanada kimi əsas müttəfiqlərimizi özümüzdən uzaqlaşdırdığımız bir vaxtda, Ağ Ev Putinin qarşısında diz çökür və öz azadlığı, demokratiyası uğrunda mübarizə aparan ukraynalılara xəyanət edir".
Haydayın fikrincə, Vaşinqton, Kiyevin xahişlərinə baxmayaraq, Ukraynaya ölümcül silahlar verməkdən çəkindi. Belə bir məntiqli sual yaranır: bu ehtiyatlı mövqe Kremli Ukraynaya qarşı təcavüzün ciddi nəticələrə yol açmayacağına inandırmadımı? Bu mənada, mövcud vəziyyətin kökləri sadəcə ABŞ-ın konkret bir administrasiyasının siyasətindən daha dərinə gedir:
"Bundan əlavə, bəyanatın daxili siyasi kontekstini də nəzərə almaq lazımdır. 3 noyabr 2026-cı ildə ABŞ-da Konqresə aralıq seçkilərin keçiriləcəyini nəzərə alsaq, Demokrat Partiyası respublikaçıların və şəxsən Donald Trampın mövqelərini zəiflətməkdə maraqlıdır. Obama demokratlar arasında nüfuzlu bir sima olaraq qaldığı üçün, onun tənqidi eyni zamanda seçki mübarizəsinin bir hissəsidir. Əlbəttə, bu, onun fikirlərinin tamamilə əsassız olduğu anlamına gəlmir; lakin aydındır ki, bu cür bəyanatlarda xarici siyasət məsələləri daxili siyasi maraqlarla sıx şəkildə iç-içədir.
Buna görə də, Vaşinqtonun addımları onun siyasətçilərinin səs-küylü bəyanatlarından daha çox, konkret qərarları — məsələn, Ukraynaya hərbi yardım, müttəfiqlərə münasibət və Moskva ilə mümkün razılaşmaların şərtləri — əsasında qiymətləndirilməlidir. Əslində, əsas sual budur: Amerika diplomatiyası davamlı sülhə gətirib çıxaracaq, yoxsa Rusiyaya edilən güzəştlər sadəcə növbəti təcavüzlər üçün zəmin yaradacaq?".
Cavid