"Netanyahu əgər ifrat sağçı və ultraortodoks tərəfdaşlarla yenidən hökumət qurarsa..." Dünya

"Netanyahu əgər ifrat sağçı və ultraortodoks tərəfdaşlarla yenidən hökumət qurarsa..."

İsraildə keçirilən parlament seçkilərində baş nazir Benjamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının seçkilərdə birinci yeri alması ilə onun hökumət qurmaq üçün kifayət qədər deputat yeri qazanması arasında fərq var və bu eyni şey deyil. Əlbəttə ki İsrail seçicisinin səsi mühüm rol oynayır, amma bu səslər parcalanaraq təkbaşına hökuməti qurmaq imkanı vermədi. Bu baxımdan İsraildə yeni hökumət, yenidən koalisiya vasitəsilə formalaşacaq. Buna görə də seçkilərin nəticələri qədər, hansı partiyaların koalisiya qurmaları da böyük əhəmiyyət daşıyır.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Heç şübhəsiz ki, Qəzza zolağında müharibənin gələcəyinə, İranla qarşıdurmaya, ABŞ-la münasibətlərə, Fələstin dövlətinin yaradılması perspektivinə və İsrailin daxili siyasi sisteminə təsir edə biləcək hökumətin qurulması ehtimalı var. Bu baxımdan, bilirsiniz ki, İsraildə keçirilən parlament seçkisinin nəticəsi hökumətin kim tərəfindən qurulacağını hələ müəyyən etməyib. Likud ən çox səs toplayan partiya olsa da, parlament çoxluğunu təmin edə bilməyib. Netanyahunun bloku 53 yer, müxalifət bloku 48 yer, Ərəb partiyaları isə 19 yer qazanıb. Hökumətin qurulmasında Ərəb partiyaları həlledici rol oynaya bilərlər.

Bilirsiniz ki, İsrail qanunvericiliyinə görə Knessetdə hökuməti qurmaq üçün 120 deputat yerinin azı 61-inin səsi hökuməti qurmağa imkan verir. Bu rəqəmlər Netanyahunun siyasi baxımdan mövqeyini qoruyub saxladığını göstərir" - o, deyib.

Şahbazinin fikrincə, lakin hökuməti qurmaq üçün imkanlarını da məhdudlaşdırır, demək olar. Burada müxalifət də təkbaşına çoxluq əldə edə bilməyib. Yaranmış vəziyyət onu diktə edir ki, Ərəb partiyalarının iştirakı olmadan hökuməti qurmaq çətin görünür:

"Hazırda vəziyyət bu cürdür, əgər Netanyahu yenidən hökumətin başına keçərsə, birinci növbədə İranla qarşıdurmanın yenidən alovlanması ehtimalı yüksəkdir. Çünki, Netanyahu seçki kompaniyasında İran təhlükəsini aradan qaldırmağı əsas prioritetlərindən biri kimi təqdim edib. Bu baxımdan hesab edirəm ki, Netanyahu yenidən sağçı koalisiya ilə hökuməti qurarsa,İrana qarşı tətbiq edilən sərt təhlükəsizlik xətti daha da gücləndirilməsi ehtimalı var.

Bu, hərbi təzyiqlərin intensivliyi ilə müşahidə oluna bilər və bunu ABŞ-la daha sıx hərbi koordinasiya qurmaqla həyata keçirə bilər. Əlbəttə ki ölkədə bu və digər məsələlərlə bağlı da kifayət qədər problem var.

Seçkilərin nəticələri də onu göstərir ki, ölkənin yarıdan çoxu mövcud hakimiyyətin yürütdüyü siyasəti dəstəkləmir. Bu baxımdan da istər İranla bağlı, istərsə də digər məsələlərin həlli ilə bağlı siyasi vəziyyət, hətta Netanyahu yenidən hökumətin başına gəlsə belə dəyişə bilər.

Çünki, ABŞ-ın mövqeyi, İranın davranışları, hərbi vəziyyət və daxili siyasi risklər, yeni hökuməti ehtiyyatlı davranmağa məcbur edəcək. Amma,Qəzza zolağında yenidən müharibə riski yoxdur, demək hələ tezdir.Çünki ,kəskin siyasi dəyişikliklər gözləmək üçün əsaslar məhduddur.

Bu baxımdan da hesab edirəm ki, bu məsələ kritik məsələdir və hakimiyyət dəyişsə belə, qısa müddət ərzində həllini tapma ehtimalı aşağıdır. Fələstin dövlətinin yaradılması məsələsi də yaxın perspektivdə mürəkkəb olaraq qalır, əgər Netanyahu yenidən İsrail baş naziri postuna gələrsə, Fələstin dövlətinin yaradılması perspektivi də dalana dirənib qalacaq.

Bu baxımdan düşünürəm ki, ən mühüm məsələ koalisiyanın tərkibində kimlərin olması olacaq. Netanyahu əgər ifrat sağçı və ultraortodoks tərəfdaşlarla yenidən hökumət qurarsa, dəyişən heç bir şey olmayacaq. Yox əgər mərkəzçi partiyalarla razılaşma əldə olunsa şərtlər dəyişəcək və mövcud problemlərlə bağlı müzakirələr, güzəştlər gündəmə gələ bilər".

Cavid