Pit Heqset məxfi məlumatların sızdırılmasına görə Pentaqonun yüksəkvəzifəli əməkdaşını işdən azad edib Dünya

Pit Heqset məxfi məlumatların sızdırılmasına görə Pentaqonun yüksəkvəzifəli əməkdaşını işdən azad edib

ABŞ müdafiə naziri Pit Heqset Pentaqonun strateji planlaşdırma üzrə yüksəkvəzifəli əməkdaşı Brett Silviyanı məxfi məlumatların jurnalistlərə ötürülməsində şübhəli bilindiyi üçün vəzifəsindən azad edib.

“Fox News” telekanalının Pentaqondakı mənbəyə istinadən yaydığı məlumata görə, Silviya İran və Ukraynadakı müharibələrlə, eləcə də digər həssas məsələlərlə bağlı məxfi məlumatları jurnalistlərə ötürməkdə ittiham olunur.

Bildirilir ki, Silviya mümkün informasiya sızması ilə əlaqədar keçirilən üç poliqraf yoxlamasından keçə bilməyib.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyində onun Pentaqon yaxınlığında jurnalistlərlə görüşlər keçirdiyi barədə iddialar irəli sürülüb.

ABŞ hakimiyyəti Silviyanın işdən çıxarılmasını hələlik rəsmi şəkildə təsdiqləməyib. Bununla belə, Pentaqonun mətbuat katibi Şon Parnell daxili araşdırma fonunda müəyyən kadr tədbirlərinin görüldüyünü bildirib.

Xatırladaq ki, Heqset ötən il də məlumat sızması ilə əlaqədar Pentaqonun üç əməkdaşını vəzifəsindən azad etmişdi.

Nəşr qeyd edir ki, hadisə Ağ Evin İrana qarşı hərbi əməliyyatları bərpa etmək imkanını nəzərdən keçirdiyi dövrə təsadüf edir.