
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları əlbəttə ki, ciddi narazılıq doğurur. Öncə qeyd etmək lazımdır ki, bu diplomatın nə şəxsi həyat təcrübəsi, nə də təmsil etdiyi dövlətin 30 il ərzində tutduğu mövqe hansı addımların və bəyanatların sülhə xidmət edib-etmədiyi barədə dəyərləndirmə aparmağa imkan verir”.
Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov deyib.
Fərhad Məmmədov bildirib ki, 2021-ci ildə sülhə çağırış edən tərəf Azərbaycan olub və sülh sazişinin mətni də məhz Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında hazırlanıb: “Eyni zamanda, məhz rəsmi Bakının fəaliyyəti nəticəsində Azərbaycan və Ermənistan sülhə yaxınlaşıb, İrəvan Azərbaycanın redaktəsində olan sülh sazişinə razılıq verib. Bu səbəbdən də hansı bəyanatın sülhə uyğun olub-olmadığını Ermənistan tərəfi müəyyən edə bilməz. İrəvanın və şəxsən Mirzoyanın buna haqqı çatmır.
Digər tərəfdən, Mirzoyan və bir sıra digər Ermənistan rəsmiləri elə təsəvvür yaratmağa çalışırlar ki, sanki Qarabağda münaqişə və müharibə yalnız 2020-2023-cü illəri əhatə edir. Halbuki buna qədər Azərbaycan torpaqları 30 il işğal altında qalıb və burada zərərçəkən məhz Azərbaycan tərəfi olub. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı Xocalı soyqırımı və digər hərbi cinayətlər törədib, Azərbaycanın şəhər və kəndlərini yerlə-yeksan edib, mədəni, dini və tarixi irsimizi məhv edib, ekosid törədib. İndi isə Ermənistan beynəlxalq səviyyədə bu cinayətləri unutdurmağa çalışır və dünya ictimaiyyətinə məsələnin guya yalnız 2020-dən başlamasını nümayiş etdirmək istəyir”.
BMTMM sədrinin müavini qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin və şəxsən Mirzoyanın revanşist mövqedən çıxış edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo kimi erməni lobbiçiləri və erməni diasporu ilə əlaqələri heç kəs üçün sirr deyil: “Vaxtilə məhz Mirzoyanın sifarişləri ilə hərəkət edən Okampo hazırda da Ermənistan rəsmiləri ilə əlaqələrini davam etdirdiyini etiraf edir. Bunu nəzərə alaraq, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru və erməni diaspor təşkilatlarının son dövrdə səsləndirdikləri revanşist bəyanatlar diqqəti cəlb edir. Belə ki, ötən illər ərzində XİN-Okampo-diaspor üçlüyü Azərbaycana qarşı ciddi fəaliyyətlər göstərib və hazırda da biz xarici ölkələrdə bu üçlüyün işbirliyi ilə atılan addımları müşahidə edirik.
Bununla yanaşı, Ermənistan tərəfi elə təsəvvür yaratmağa çalışır ki, humanitar problemlər yalnız onları narahat edir. Sanki burada Azərbaycanı narahat edən humanitar problemlər mövcud deyil. Halbuki Azərbaycan hələ də Ermənistandan minalanmış ərazilərin xəritələrini ala bilməyib, Qarabağdakı kütləvi məzarlıqların koordinatları təqdim edilməyib, minlərlə itkinin taleyi isə qeyri-müəyyən olaraq qalır”.