Şeyx Şəhabəddin Söhrəverdinin yurdunda mədəni irs talanır Güney Azərbaycan

Şeyx Şəhabəddin Söhrəverdinin yurdunda mədəni irs talanır

Zəngan əyalətinin Söhrəverd şəhərinin Şəhər Şurasının üzvü Mehdi Qaffari şəhərin və ətraf kəndlərinin acınacaqlı durumda olduğunu deyib.

O, bir neçə tarixi şəxsiyyətin, o cümlədən Şeyx Şəhabəddin Söhrəverdinin yurdu olan şəhərin heç bir normal infrastruktura malik olmadığını deyib.

“Şəhərin yeganə əlaqə yolunun uzun illərdir dağılması və məsulların problemin həllinə laqeydliyi hər il çox sayda insanın həyatını itirməsinə, bölgənin ətraf aləmdən təcrid vəziyyətinə düşməsinə səbəb olub”-deyə, Qaffari bildirib.

O, ətraf mədənlərin istismarı üçün ağır yük maşınları və texnikaların yolu dağıtmasına baxmayaraq, bunun təmiri üçün heç bir büdcənin nəzərdə tutulmadığını bölgə əhalisinə qarşı laqeydlik kimi dəyərləndirib.

Şəhər Şurasının üzvü mədəniyyət, idman və ictimai sahələrdə də şəhərə qarşı zülm edildiyini deyərək, bölgədə adı çəkilən sahələrdə heç bir normal mərkəzin olmadığını qeyd edib.

O, bununla yanaşı bölgənin zəngin tarixi, abidə və əsərlərinin dağıdıldığını, Mədəni İrs nazirliyi və başqa əlaqədar qurumların bununla bağlı heç bir tədbir görməmələrini qınayıb.

“Bir sıra əsər və tarixi abidələrin hətta ölkənin milli əsərlər siyahısına salınmasına baxmayaraq, onların qorunub saxlanılması ilə bağlı iş görülmür.

Hər gün müxtəlif tarixi yer və abidələrdə qanunsuz qazıntıların aparıldığının, tarixi əsərlərin yağmalandığının şahidi oluruq”-deyə, Qaffari ilgili qurumların bölgə tarixi və mədəni irsinə biganəliyini tənqid edib.

Gunaz.tv