Milli fəal Rəsul Rəzəvidən yeni xəbər Güney Azərbaycan

Milli fəal Rəsul Rəzəvidən yeni xəbər

Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi Təbrizin mərkəzi zindanında yeni bölümə köçürülüb. Bu barədə "Təbriz səsi" məlumat yayıb. Qeyd edək ki, Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi yanvarın 28-də təxminən 2 ay ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanının karantin bölümünə salınıb.
Rəsul Rəzəvi 2013-cü il dekabrın 4-də Təbrizdə ETTELAAT məmurları tərəfindən saxlanılıb. Güneyli fəal təcridxanada ağır işgəncəyə məruz qalıb və bunun nəticəsində ciddi xəsarətlər də alıb. Bu qeyri-insani işgəncə onunla bağlıdır ki, fəaldan yalan etiraf alıb və "Traxtur" futbol komandası ilə "Əlcəzirə" klubu arasında keçirilən oyunda ingiliscə yazılmış "Güney Azərbaycan İran deyil" plakatının qaldırılmasını onun boynuna qoymağa çalışırlar.
Milli-mədəni fəal bundan öncə də Təbrizin "Azərbaycan" meydanında çıxış etdiyinə görə saxlanılıb və işgəncələrə məruz qalıö. O, 2011-ci il aprelin 2-də Urmiyə gölü böhranı ilə bağlı çıxışında, gölün xilası üçün çayların üstündə tikilən səddlərin açılmasını tələb etmişdir. ETTELAAT idarəsinin telefon çağırışlarına məhəl qoymayan milli-mədəni fəal həmin ilin oktyabr ayında iş yerindən qayıdarkən xüsusi xidmət orqanlarının məmurları tərəfindən yaxalanıb və saxlanılmışdır.