Təbrizdə iş qəzası nəticəsində işçi həyatını itirib Güney Azərbaycan

Təbrizdə iş qəzası nəticəsində işçi həyatını itirib

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü hadisənin şəhərin “Abrəsan” məhəlləsində baş verdiyini deyib

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mayın 10-da Təbrizin “Abrəsan” məhəlləsində baş verən iş qəzası nəticəsində bir işçinin öldüyünü deyib.

Onun sözlərinə görə, hadisə yarımçıq tikintidə çalışan iki işçinin qaldırıcıdan yıxılması nəticəsində baç verib.

45 yaşlı işçi hadisə yerindəcə dünyasını dəyişib. 60 yaşlı işçi isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərd mediaya verdiyi açıqlamada son 11 ayda 78 işçinin iş yerlərində baş verən qəzalar nəticəsində həyatını itirdiyini bildirib.

Ə.Səfayifərdin sözlərinə görə, eyni müddətdə 46 qadın olmaqla 1386 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər və bu ötən ilin oxşar dövrü ilə müqayisədə bu sahədə 13% artım deməkdir.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

Gunaz.tv