Güney azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması Güney Azərbaycan

Güney azərbaycanlıların diasporunun meydana gəlməsi və təşkilatlanması

5-ci yazı
Xaricdəki azərbaycançı milli-demokratik düşərgədə birləşən güneyli mühacirlərin çoxu öz cəbhədaşlarının baxışlarına sayğı ilə, rasional şəkildə, axıradək diqqətlə yanaşmağı hələ də gərəyincə bacarmırdılar. Bu isə həmin düşərgədə qruplararası, şəxsiyyətlərarası münasibətləri gərginləşdirirdi. Onların arasındakı qarşılıqlı münasibətlərin gərgin olmasının və bir-birinə qarşı ittihamlar irəli sürülməsinin, konkret olaraq Los-Ancelesdə keçirilən konqresin müxtəlif hücumlara məruz qalmasının ikinci mühüm səbəbi də əslində həmin mənəvi-psixoloji problemlərlə birbaşa bağlıdır. Məsələnin bu tərəfi güneylilər arasında çoxlu yeni rəqabət problemlərinin ortaya çıxmasını şərtləndirirdi. Sonuncu isə ümumi işə daha çox ziyan vuran, aradan qaldırılmayan çətinliklərdəndir. DAK-ın yaranmasının iki mühüm əhəmiyyəti oldu. Birincisi, mühacirətdəki azərbaycanlı milli vətənpərvər qüvvələrin, başlıcası güneylilərin ümummilli maraqları Azərbaycançılıq ideyası ətrafında bir araya gəlib fikir mübadiləsi aparmasının, hətta təşkilati baxımdan birləşməsinin nəzəri, praktik baxımdan mümkün və faydalı olduğunu bir daha göstərdi. İkincisi, onların özünə olan inamını daha da artırdı, bu qüvvələr arasındakı ünsiyyət probleminin, ideoloj i-siyasi, mənəvi-psixoloji baryerlərin aradan qaldırılmasında növbəti dönəmlərindən birinə çevrilərək əməkdaşlıq üçün geniş imkanlar açdı, ayrı-ayrı qrupların mövqelərinin, baxışlarının inkişafı, dəqiqləşməsi sahəsində növbəti müsbət addım oldu.
AACB və DAK öz mövcudluğunda emosional, cari və keçici məqamlardan daha çox məhz rasional elementlər daşıyırdı. Bu, xaricdəki azərbaycanlı milli-demokratik qüvvələrin fəaliyyətinin daha iri miqyaslı və rasional-realist fəallıq müstəvisi üzərinə keçməyə başlamasının məntiqi yekunu idi. Nəzərdən qaçırılmamalıdır ki, Azərbaycanın və azərbaycanlıların qlobal milli-ictimai maraqları naminə ilk dəfə olaraq geniş lobbiçilik fəaliyyətinə başlamağı planlaşdıran hər iki təsisat əslində yalnız demokratik dəyərləri əsas götürən əlaqələndirmə mərkəzi idi. Bu təsisatların təşkilinin ən müsbət tərəflərindən biri də ondadır ki, onların hər ikisi fikir ayrılıqlarının, ideya-nəzəri və taktiki ixtilafların, məhdud siyasi maraqların və ambisiyaların fövqündə dayanır.
Daxildəki milli hərəkatın təsiri ilə ölkədən kənarda fəaliyyət göstərən çoxsaylı ictimai-siyasi, milli-mədəni qurumların təşkilatlanması davam edir, yeni birliklər yaranırdı. Belə qurumlardan ikisi İsveçdə yarandı - Azərbaycan Türk Dərnəkləri Birliyi və Azərbaycan Federasiyası İsveç (AFİ). Birinci qurumun əsas məqsədi öz əksini onun nizamnaməsində tapmışdı: "El gücü, sel gücü" anlayışı İsveçdə yaşayan Azərbaycan türkləri içərisində artıq öz yerini almışdı. İsveçdə yaşayan Azərbaycan türkləri öz səslərini dünyaya daha düzgün, daha güclü çatdırmaq üçün 1 fevral, 1998-ci ildə birlik yaratdılar. İkinci qurum - AFİ İsveçdə fəaliyyət göstərən milli təşkilatlar tərəfindən 1997-ci ildə təsis edilib. AFİ ölkə üzrə milli təşkilatların əksəriyyətini ("Durna", "Ulduz", "Azlink", "Günəş", "Ərk", "Savalan", "Azərbaycan Dostluq", "Yanan", "21 Azər", "Təbriz", "Akademik Linşopinq", "Azər" və başqa təşkilatları) özündə birləşdirə bilib.
Təşkilatın məqsədi Azərbaycan mədəniyyətini, tarixini, dilini, adət-ənənələrini yaşatmaq, Qarabağ və digər bölgələrin işğal edilməsini, Güney Azərbaycanda yaşayan azərbaycanlıların problemlərini ölkə ictimaiyyətinə, eləcə də İsveçdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara və dövlət strukturlarına çatdırmaqdır. Bu qurum siyasi, ideoloji və dini bağlılığı olmayan, açıqlıq prinsipləri və İsveç qanunları çərçivəsində çalışan demokratik bir təşkilatdır.
1999-cu ildə Avropadakı demokratik ruhlu azərbaycanlılar onların arasında həmrəylik və işbirliyini inkişaf etdirmək məqsədilə yaşadıqları ölkələrin hüquq sisteminə uyğun olaraq yeni bir koordinasiya təşkilatı yaratdılar. Əvvəlcə 1999-cu il, iyulun 26-da Bakıda Almaniyadakı federasiyaya üzv olan cəmiyyətlərlə yanaşı üzv olmayan cəmiyyət və şəxslərin iştirakı ilə yığıncaq keçirilmişdi. Bu yığıncaqda bundan öncə Bonnda keçirilmiş toplantıda (22 may, 1999-cu il) hazırlanmış və qəbul edilmiş konfederasiyanın ilkin əsasnamə layihəsi çərçivəsində hansı mövzulara üstünlük verilməsi və 1999-cu il, avqustun 21-22-nə təyin edilmiş qurultay haqqında danışıqlar aparılmışdı. Təyin olunduğu vaxt keçirilən qurultayı Almaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətləri Federasiyası İdarə Heyətinin üzvləri doktor Həsən Ciddifər, mühəndis Firidun Pərvizniya və doktor Nurəddin Qərəvi açmışdılar. Burada konfederasiyanın əsasnamə layihəsi toplantının müzakirəsinə verilmiş və Avropadakı Azərbaycan Cəmiyyətləri Konfederasiyası yaradılmışdı. Bu qurum mütəşəkkil şəkildə fəaliyyət göstərmək, İran daxilində gedən mübarizəyə dayaq durub xalqın problem və dərdlərini, istəklərini dünya ictimaiyyətinə açıqlamaq, daxildəki mübarizəyə hər cür maddi-mənəvi yardım göstərmək və Azərbaycan xalqının tarixində yaranmış bu yeni mərhələ üçün günün vacib vəzifəsini icra etmək məqsədilə təsis edilmişdi.
Qeyd etdiyimiz iri birliklərlə yanaşı yeni təşkilatlar da yaranırdı. 2001-ci ildən fəaliyyətə başlamış "21 Azər" təşkilatı 2004-cü ildə öz proqramını qəbul etmişdi. Proqrama görə, təşkilatın son məqsədi Azərbaycan Milli Hökumətini bərpa etməkdən ibarətdir. Bunun üçün İranın "bərabərhüquqlu millətlər birliyi"nə, yəni milli dövlətlər birliyinə çevrilməsi, ölkənin milli ərazi vahidlərinə bö¬lünməsi zəruri hesab olunurdu. Bu təşkilat qarşısına qısamüddətli (taktiki) və uzunmüddətli (strateji) məqsədlər qoymuşdu. Yuxarıda qeyd olunan strateji hədəf bir qədər də dəqiqləşdirilir və proqramda göstərilirdi ki, İranda bəlli ərazidə yaşayan və çoxluq təşkil edən millətin milli dövləti bəlli ərazidə mövcud olsa da azlıqda qalan millətlərə mədəni muxtariyyət haqqı rəsmən tanın¬malıdır. Taktiki hədəf assimilyasiya siyasətinə son qoyulmasını, ana dilində təhsilin təmin edilməsini əsas vəzifə kimi müəyyən edir. Təşkilatın əsas orqanı "21 Azər" dərgisi bir müddət nəşr olunmuşdu.
2002-ci ildən etibarən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH, Güney Azərbaycanda yaranıb) xaricdə nümayəndəlikləri və təmsilçilikləri açılmışdı və 24 bürosu fəaliyyət göstərirdi. Artıq GAMOH beynəlxalq təşkilat kimi tanınırdı: BMT, Avropa Birliyi, Avropa Parlamenti onu tanıyır. Xaricdə fəaliyyət göstərən digər təşkilat Azərbaycan Demokratik Firqəsidir. Qurumun proqramında İranın ərazi bütövlüyü və müstəqilliyini müdafiə etdiyi Azərbaycana geniş muxtariyyət verilməsi tələbi əks olunub. Həmçinin sonuncu tələb dəqiqləşdirilmiş və Azərbaycan Milli Məclisi, müxtəlif səviyyəli əncümənlər təşkil edilməsi, Azərbaycan dilinin Azərbaycanda dövlət dili elan edilməsi, fars dilinin millətlərarası dil kimi işlənməsi zəruri tədbirlər hesab edilib.
2003-cü il, martın 21-də İsveçdə Əli Rza Avşar və Mir Musa Haşimi tərəfindən Azərbaycan Milli Cəbhəsi yaradıldı. Təşkilatın proqramı 12 maddədən ibarət müraciətdə əks olunub. Burada:
1) tarixi torpaqlarda milli quruluşun (siyasi sistemin, parlamentin, icra hakimiyyətinin, məhkəmənin) yaradılmasının;
2) müstəqil millətin öz dilini, tarixini, mədəniyyətini qo¬ruyub saxlamasının vacibliyi qeyd olunur. Həmin sənədlə yanaşı yerləşdirilmiş Azərbaycan Milli Cəbhəsinin fərmanının A bəndində göstərilir ki, "məqsəd Azərbaycanı assimilyasiya durumundan qurtarmaqdır, bunun üçün milli hüquqlar qorunmalı, hamının seçim haqqı tanınmalı, milli quruluşlar bərpa edilməlidir". Siyasi proqram adlandırılan B bəndində "vətənpərvərlik, azadlıq, tərəq- qixahlıq, ədalətpərvərlik" ideyaları əks olunub. Fərmanın B bəndinin 1-ci paraqrafında Güney Azərbaycanın tarixi sərhədlər daxilində ərazi bütövlüyünün tanınması, milli dövlətinin qurulması və varlığının müdafiə olunmasının zəruriliyi vurğulanır. 2-ci paraqrafda isə azərbaycanlıların öz talelərini özlərinin seçməsi məsələsində azad olduqları bəyan edilir. 3-cü paraqrafda azərbaycanlıların öz müqəddəratını yalnız öz iradələri ilə təyin etmələrinin vacibliyi qeyd olunur. 6-cı paraqrafda Azərbaycan türk dilinin milli və rəsmi dil olması tələbi irəli sürülür.
Beləliklə, əgər Avropa və ABŞ-ın yerli şəraiti və mühitinin özünəməxsusluqlarından irəli gələn cüzi fərqlər nəzərə alınmazsa, burada yaranan təşkilatlar və iri birliklər arasında elə bir prinsipial fərq yoxdur. Onların məqsədləri eynidir və bu planlar vahid bir xətt üzərində güney azərbaycanlıların məsələlərini dünyaya tanıtdırmaq istiqamətində qurulub. Əvvəllər dağınıq fəaliyyət göstərən ayrı-ayrı mütərəqqi milli qurumların, qüvvələrin bütün təşəbbüslərinin konkret təşkilat, mərkəzlərin hüdudları ilə məhdudlaşdırılması ənənələri daha qabaqcıl iş üsulları ilə - həmrəylik və əməkdaşlıq prinsipləri ilə əvəz olundu, eləcə də konkret əməli fəaliyyət proqramının işlənib hazırlanması isti¬qamətində mühüm irəliləyişlər oldu. Mədəni sferadan siyasi sferaya keçid baş verdi.

Yeganə Hacıyeva

------------

"Azərbaycan tərcümə ensiklopediyası" çapdan çıxıb
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan "Azərbaycan tərcümə ensiklopediyası" rektoryanı şuranın iclasında təqdim edilib. ADU-dan bildirilib ki, ilk dəfə oxuculara təqdim olunan "Azərbaycan tərcümə ensiklopediyası"nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, ölkəmizdə tərcümə tarixinin mühüm məqamları, nəzəri-təcrübi məsələləri əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir, elmi işlər üçün son dərəcə ciddi həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb.
Kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.