Vəzifəmiz Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalında yaxşı nəticə göstərməkdir - ABŞ idmançıları İdman

Vəzifəmiz Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalında yaxşı nəticə göstərməkdir - ABŞ idmançıları

Bizim vəzifəmiz Bakıda keçirilən Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalında yaxşı nəticə göstərməkdir.

Bu barədə cümə günü Trend-ə Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçıları, 12-18 yaş kateqoriyasında qadın cütlükləri arasında mübarizə aparan ABŞ idmançıları Ellison Stoun və Ayla Varqas bildiriblər.

"Təsnifatda çıxış yaxşı keçdi, indi bizdə final var. Biz burada olmaqdan qürur duyuruq. Hər zaman bizə rəhbərlik edən və məqsədlərimizə çatmağımıza kömək edən gözəl məşqçimiz var. Biz Bakıdakı bu yarışlara gəlməyi çox istəyirdik. Uğurlu çıxışımızla həm məşqçi, həm də ailə üzvlərimizi sevindirdik. İndi bizim vəzifəmiz - finalda proqramı yerinə yetirməkdir", - idmançılar bildirib.

Onlar altı yaşından idman gimnastikası ilə məşğul olduqlarını və gələcəkdə bir neçə əlamətdar beynəlxalq yarışda iştirak etməyi planlaşdırdıqlarını qeyd ediblər.

İdmançılar həmçinin yarışların Bakıda təşkilindən məmnun qaldıqlarını bildirib, Milli Gimnastika Arenasında yaradılan gözəl şəraitdən danışıblar.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.