“Ən böyük cəza hakimlərə yox, Xaqaniyə verilməlidi” İdman

“Ən böyük cəza hakimlərə yox, Xaqaniyə verilməlidi”

"Bu mövsüm hakim səhvləri çoxdu. 3-4 hakimi çıxmaq şərti ilə qalanlarının idarəçiliyi çox zəifdi". Bunu apasport.az saytına sabiq FİFA referisi Anar Salmanov deyib. Cari mövsümdəki hakim səhvlərindən və cəzalardan söz açan Salmanov bunda Hakimlər Komitəsini günahlandırıb: "Rəhim Həsənov, Əliyar Ağayev, Fariz Yusifov və Ramil Diniyevin oyunlarında az səhvlər olur. Onlar kobud səhv etmirlər. Bu mövsüm cəzalar da çox olur. Amma problem ondadı ki, cəza müxtəlif cür tətbiq edilir. Eyni qiyməti alan iki hakimdən biri 2, digəri 5 tur "dincəlir". Hakimlər Komitəsi tərəfindən ədalət qorunmur. Buna görə də, Azərbaycan hakimliyinin səviyyəsi aşağıdı. Hakim etdiyi səhvə görə, 5 turluq cəza almamalıdı. Ona qalsa, gərək İspaniyada hakim qalmasın. Almaniyalı Feliks Brix Bundesliqada bir kobud səhvə yol vermişdi, amma növbəti tura da təyinat aldı, Avrokuboka da. Onlar birinci öz hakimlərini düşünürlər, onun cəzalanmasını yox".
Sabiq referinin fikrincə, bu mövsüm eyni hakimlərin bir həftədə həm Premyer Liqa, həm də I diviziona təyinat alması kadr çatışmazlığının nəticəsidi: "Şəxsən mənim də əlimdə yaxşı hakim az olsa, onlara hər iki çempionatda təyinat verərəm. Çünki çıxılmaz, acınacaqlı vəziyyətdi. Bu da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun işinin nəticəsidi. Komitə sədri deyirdi ki, belə hakimlər yetişdiririk. Hanı bəs onlar? Sadəcə olaraq, iş düzgün qurulmayıb. Bacaran hakimlər qalıblar kənarda. Elə uşaqlar var ki, hakimliyə layiqdirlər. Amma Xaqani Məmmədov qohum-əqrabasını yığıb ora. Hakim yetişdirmək üçün gərək onların üzərində işləyəsən. Lazımsızları yox, bacarığı olanları yetişdirməlisən. Elə hakim var ki, onu 10 dəfə təlim-məşq toplanışına aparıb, indi deyir ki, sənin axırıncı şansındı. Bəs bu qədər toplanış nə üçün idi? Orda struktur dəyişməlidi. Aşağı yaş qruplarında istedadlı hakimlər var, üzə çıxarılmır. Çünki komitə sədri çoxu ilə prinsip aparır. Hətta haqsızlığa məruz qalan hakim etiraz edəndə, deyirlər ki, keç bizim tərəfə, sənə oyun verək. Xaqani orda öz mafiyasını yaradıb. Ancaq inanıram ki, AFFA, PFL rəhbərliyi məsələni belə qoymayacaq. Əvvəl-axır haqq-ədalət öz yerini tapacaq".
Salmanov hakimlərin oyunlarda tez-tez səhvə yol vermələrini onların çox yüklənmələri ilə əlaqələndirib: "Hakimlərin yorulmamağı üçün geniş heyət olmalıdı. Əvəz edən hakim olmadığından, bir hakim 2-3 gündən bir təyinat alır. Nəticədə həmin hakim də səhv edir. Düzdü, bu səhvlərin bütün səbəbi yorğunluq deyil. Amma bunun da təsiri var. 5-6 metrlik məsafədən penaltini görmürsənsə, 3 dəqiqə əlavə edib 5 dəqiqə oynatdırırsansa, bunun yorğunluqla nə əlaqəsi var? Təsəvvür edin ki, futbol komandası yaradıram. Mənim əlimdə material yoxdusa, təbii ki, uğurlu çıxış edə bilmərəm. Götürək son vaxtlar yüksək səviyyədə oyunlar idarə edən Ramil Diniyevi. O, məcburiyyətdən 3 gündə 2 oyun idarə edir. Problem yaşanmamağı üçün həm Premyer Liqanı, həm də I divizionu yola verir". 36 yaşlı keçmiş hakim sonda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu sərt şəkildə tənqid atəşinə də tutub: "Hər yerdə sağlam rəqabət olmalıdı. Əgər Hakimlər Komitəsinin sədri bu sahədə rəqabət yarada bilmirsə, o öz cəzalandırılmalıdı, hakimlər yox. Son problemlərin ardından Azərbaycan xalqı da gördü ki, komitə sədri kimdi, nə işlə məşğul olur. Bizdə hakimlər meydana qorxa-qorxa çıxırlar. Fikirləşirlər ki, birdən səhv etsəm, çörəyimdən olacam, 5-6 turluq cəzalanacam. Ən böyük cəza hakimlərə yox, Xaqaniyə verilməlidi. Çünki o, Azərbaycan hakimliyini dizi üstdə qoyub. O, hakimlərimizin irəli getməsinə imkan vermir, paxıllıq edir. Bu insan Azərbaycan futbolundan silinməlidi. Çünki heç kim Azərbaycan futboluna, hakimliyinə onun qədər badalaq vurmayıb. O, hakimliyimizin kökünü kəsir. Etiraf etmək lazımdı ki, AFFA tərəfindən hakimlərə yaradılan şərait çox yüksək səviyyədədi. Amma komitə sədrinin rəhbərliyə qarşılığını verməyə heç nəyi yoxdu. Niyə avrokuboklarda təyinatlarımız yoxdu? Bunun üçün gərək Hakimlər Komitəsinin sədrini saysınlar. Bunlar olmadığı üçün hakimliyimiz acınacaqlı vəziyyətdədi".