12:36
518
Ötən gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda Azərbaycan və Fransa yığmaları arasında keçirilən oyun (1:3) rəqib komanda üçün bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Didye Deşamın baş məşqçisi olduğu kollektiv 11 ildən sonra ilk dəfə hesabda geri düşdüyü səfər matçını qalibiyyətlə başa vurub. Oxşar hal sonuncu dəfə 2013-cü ildə Belarusla görüşdə (2:4) təkrarlanmışdı.
Həmçinin Fransa millisi dünya və Avropa çempionatlarının seçmə mərhələsindəki məğlubiyyətsizlik seriyasını 29 oyuna çatdırıb (23 qələbə, 6 heç-heçə). Bu seriya 2019-cu ildə Türkiyəyə 0:2 hesablı məğlubiyyətdən sonra başlayıb.
Fransa seçməsi ardıcıl iki qarşılaşmada tamamilə fərqli start heyətləri ilə meydanda olub. Belə hal sonuncu dəfə 2010-cu ildə Cənubi Afrika Respublikası və Norveç yığmalarına qarşı görüşlərdə qeydə alınıb.
Matç, həmçinin fransalı futbolçular üçün fərdi rekordlarla da yadda qalıb. Jan-Filipp Mateta Fransa yığmasında start heyətində meydana çıxdığı ardıcıl iki debüt matçında qol vuran yeganə futbolçu kimi tarixə düşüb. Bu göstəriciyə sonuncu dəfə 2004-cü ildə Lui Saha imza atmışdı.
Komandanın qapıçısı Lyuka Şevalye isə oyunun 4-cü dəqiqəsində qapısından top buraxaraq, son 90 ildə millidə debüt edən qapıçılar arasında ən tez qol buraxan qolkiper olub. Bu göstərici sonuncu dəfə 1935-ci ildə Rene Llens tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi isə qrup lideri kimi final mərhələsinə vəsiqə qazanıb.