Nikkei: ABŞ İrana görə Sakit okeandakı aviadaşıyıcılarının sayını minimuma endirib Gündəm

Nikkei: ABŞ İrana görə Sakit okeandakı aviadaşıyıcılarının sayını minimuma endirib

Fars körfəzi bölgəsində qüvvələrin cəmləşməsi səbəbindən ABŞ Silahlı Qüvvələrinin yanvar ayından bəri Sakit okeanın qərb və Hind okeanının şərq hissəsində cəmi bir zərbə aviadaşıyıcı qrupu qalıb, halbuki indiyədək burada adətən ən azı iki qrup olurdu.

Xalqcebhesi.az -ın məlumatına görə, "Nikkei" qəzeti ABŞ-ın hərbi statistikasına istinadən xəbər verir ki, belə bir vəziyyət 2021-ci ildən bəri ilk dəfədir yaranır.

Bu məlumatlara görə, hazırda Vaşinqton istifadəyə yararlı yeddi aviadaşıyıcısından üçünü İrana təzyiq göstərmək üçün Fars körfəzi zonasında cəmləşdirib. Digər dörd aviadaşıyıcı isə hazırda texniki baxışdan keçir və təmir işləri aparılır.

Sakit okeanın qərb hissəsində daimi əsasda ABŞ-ın yalnız bir aviadaşıyıcısı yerləşir ki, o da Tokio körfəzinin girişindəki Yokosuka limanında bazalaşır. Lakin 2016-cı ildən bəri bu bölgəyə mütəmadi olaraq digər regionlardan müşayiət gəmiləri ilə birlikdə əlavə aviadaşıyıcılar köçürülürdü.

"Nikkei" qeyd edir ki, mövcud vəziyyət regionda qüvvələr nisbətinin dəyişməsinə səbəb ola bilər. Qəzet xatırladır ki, Çinin Sakit okeanın qərb hissəsində üç zərbə aviadaşıyıcı qrupu var.

Məryəm Quliyeva