Braziliya - Xorvatiya - 3:1 İdman

Braziliya - Xorvatiya - 3:1

Dünya çempionatı start götürdü

Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 4 ildən bir keçirilən mundiala böyük maraq var.
Hazırda Braziliyada iqtisadi çətinliklərə görə nümayiş və aksiyalar keçirilir, ancaq bütün bunlar da mundialın gözəlliyinə xələl gətirə bilməyəcək.
Braziliyanın San-Paulu şəhərində futbol üzrə dünya çempionatının açılış mərasimində "Arena Korintians" stadionunda çıxış edən minlərlə könüllü azarkeşləri milli rəqslər və səhnələşdirilmiş tamaşalarla əyləndirib.
Açılış mərasimi təxminən 25 dəqiqə davam edib. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb. Dünya çempionatının "We Are One" rəsmi mahnısını məşhur amerikalı müğənni Cennifer Lopez, tanınmış repçi Pitbul və braziliyalı estrada ulduzu Klaudia Leyte ilə birgə ifa edib.
Xatırladaq ki, açılış mərasimindən sonra çempionatın ilk matçında Braziliya və Xorvatiya yığmaları qarşılaşacaq.
Mundialın açılış oyunu meydan sahibləri ilə Xorvatiya yığması arasında keçirilib. Pentakampeonlar qrupda ən çətin rəqibi ilə qarşılaşıb. Amma Braziliya ilk görüşündə xal itirməyib. Oyun braziliyalıların öz qapılarına avtoqolu ilə başlayıb. Amma Braziliya yığması özünü itirməyib və xorvatların qapısından 3 qol keçirib. Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Yeri gəlmişkən, millimizin baş məşqçisi Berti Foqts bu görüşü izləyənlər arasındadır. Hazırda Braziliyada ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiyanın oyununu diqqətdə saxlayacaq. Bu da səbəbsiz deyil. Çünki xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun iştirakçısıdır.