Dünya çempionatının seçmə mərhələsində üçüncü tura start verilib İdman

Dünya çempionatının seçmə mərhələsində üçüncü tura start verilib

Martın 30-da futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma təşkil edilib.

Millimiz Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib.

Görüş Serbiya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İsrailli baş hakim Roi Reinshreiberin idarə etdiyi oyunda hesabı Serbiya millisi açıb. Müdafiəçilərimizin ani diqqətsizliyindən istifadə edən Aleksandar Mitroviç yerlə uzaq küncü nişan alaraq matçda fərqlənib. Görüşün birinci hissəsi qonaqların minimal üstünlüyü ilə yekunlaşıb – 0:1.

Qarşılaşmanın 59-cu dəqiqəsində ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib – 1:1. Matçın 81-ci dəqiqəsində Serbiya komandası ikinci topu qapımızdan keçirib. Bu dəfə A.Mitroviç dubl edib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Yığmamızın yer aldığı A qrupun digər görüşündə Portuqaliya millisi səfərdə Lüksemburq seçməsinin qonağı olub.

Oyunda hesabı ilk meydan sahibləri açsa da, qarşılaşmanın favoriti sayılan portuqaliyalılar ardıcıl iki dəfə fərqlənərək matçdan qalib ayrılıb.

Gecənin ən məhsuldar görüşü “Den Dref” stadionunda qeydə alınıb.

Son dünya çempionatının bürünc mükafatçısı Belçika öz meydanında Belarus seçməsini qəbul edib. Görüş belçikalıların 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

Azərbaycan - Serbiya - 1:2;

Lüksemburq - Portuqaliya - 1:3.

Xal durumu: Serbiya - 7, Portuqaliya - 7, Lüksemburq - 3, Azərbaycan - 0, İrlandiya - 0.

E qrupu

Uels - Çexiya - 1:0;

Belçika - Belarus - 8:0.

Xal durumu: Belçika - 4, Çexiya - 4, Belarus - 3, Uels - 3, Estoniya - 0.

G qrupu

Cəbəllütariq - Niderland - 0:7;

Monteneqro - Norveç - 0:1;

Türkiyə - Latviya - 3:3.

Xal durumu: Türkiyə - 7, Monteneqro - 6, Niderland - 6, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0.

H qrupu

Kipr - Sloveniya - 1:0;

Slovakiya - Rusiya - 2:1;

Xorvatiya - Malta - 3:0.

Xal durumu: Rusiya - 6, Xorvatiya - 6, Slovakiya - 5, Kipr - 1, Sloveniya - 3, Malta - 1.