KKTC beynəlxalq təşkilatlara üzvlük üçün müraciət etdi Dünya

KKTC beynəlxalq təşkilatlara üzvlük üçün müraciət etdi

Türkiyə Kıbrısda “iki bərabər dövlət” prinsipinin tərəfdarıdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Lefkoşada Quzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan həmkarı Tahsin Ərtuğruloğlu ilə görüşündən sonra deyib.

“Türkiyə danışıqlar prosesində (Kıbrısla bağlı) aydın və dəqiq mövqeyə sadiqdir. Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə Kıbrıs məsələsini müzakirə etdik və hər platformada bu məsələni qaldırdıq. Kıbrısla bağlı qərar iki suveren dövlət prinsipinə əsaslanmalıdır. Hər platformada Ankara və Lefkoşanın mövqeyini aydınlaşdırırıq. Biz bu barədə təkcə BMT-yə deyil, bütün ölkələrə, eləcə də Avropa İttifaqına danışırıq”, - deyə nazir bildirib.

Diplomatiya rəhbəri Kıbrıs probleminin 1974-cü ildə başladığı barədə fikir formalaşdırmağa çalışan Yunanıstan və Rum Kiprin qərəzli mövqeyinə diqqət çəkib.

“Əslində, problemin mənşəyini 1955-ci ildə axtarmaq, 1960-cı ildən sonra isə daha da kəskinləşdirmək lazımdır. Biz bunu hər yerdə bəyan edirik və KKTC-nin beynəlxalq statusunun yüksəldilməsi üçün səylər göstəririk. Yeni ölkələrdə Quzey Kıbrıs Türk Cümhuriyyəti nümayəndəliklərinin açılması planlaşdırılır”, - Çavuşoğlu bildirib.

Diplomatiya rəhbəri qeyd edib ki, KKTC də İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatında statusa malikdir, həmçinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almaq üçün müraciət edib.

Nazir bildirib ki, KKTC-nin müraciətinə ilin sonunda Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçiriləcək iclasında baxılacaq.
Cavid