Əsədi Səddamın taleyi gözləyir... Dünya

Əsədi Səddamın taleyi gözləyir...

Ərəstun Oruclu: "Bu, Rusiya üçün çox ciddi və riskli bir addımdır"

Hüseynbala Səlimov: "Rusiya indi Əsədə siyasi bazarda qoyulan qiyməti yoxlamaqla məşğuldur"

Cavid

Suriya prezidenti Bəşər Əsədin müttəfiqləri Suriyada genişmiqyaslı quru əməliyyatına hazırlaşır. "Reuters" agentliyi xəbər verir ki, İran birlikləri, "Hizbullah" və Suriya ordusunun qurudan həyata keçirəcəyi əməliyyata Rusiya reaktivləri havadan dəstək verəcək. "Reuters"ə danışan livanlı mənbələr yüzlərlə İran əsgərinin Suriyanın şimalında həyata keçirilməsi planlaşdırılan əməliyyat üçün silahları ilə birlikdə ölkəyə daxil olduğunu söyləyib.
Rusiya hərbi təyyarələri Suriyada Mərkəzi Kəşfiyyat İdarəsinin ofisinə hava zərbəsi endirib. Suriyada müxalifləri bombardmana məruz qoyan Rusiya tənqidlərə baxmayaraq hücumlarını davam etdirib. Rusiyanın MKİ-nin mərkəzi ofisini vurduqdan sonra İran əsgərlərinin Suriyaya daxil olmasına şərait yaradıb. Məsələ ilə bağlı açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hədəflərin Suriya ordusu ilə birlikdə təyin edildiyini bildirib. Rusiyanın bu həmləsi Türkiyənin "təhlükəsiz zona" yaratmaq planlarının da üstündən xətt çəkmiş olacaq. Bundan başqa Rusiya aviasiyası Suriyanın İdlib vilayətində İŞİD terror qruplaşmasının təlim düşərgəsinin infrastrukturunu məhv edib. RİA-Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib. "Təlim düşərgəsindəki döyüş sursatı anbarı aviazərbədən sonra partlayıb. Bu isə təlim düşərgəsinin infrastrukturunun və avtomobil texnikasının məhvinə gətirib çıxarıb", - general deyib. Rusiyanın Suriyaya müdaxiləsi barədə danışarkən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, Rusiyanın hədəfi İŞİD yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur. Politoloq Rusiyanın artıq çox böyük bir münaqişənin içərisində olduğunu bildirib: "Rusiya Suriyaya daxil olmaq məsələsində israrlıdır. Moskva Əsəd rejimini qorumağa və Yaxın Şərqdə öz təsir dairəsini genişləndirməyə çalışır. Rusiyanın Suriya ilə birbaşa sərhədi olmadığından ancaq avia zərbələr endirir. Bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Hər halda bu, Rusiya üçün çox ciddi və riskli bir addımdır. Hətta buna görə bütün ərəb dünyası Rusiyaya qarşı qalxa bilər. Xüsusilə də nəzərə alsaq ki, Rusiya təyyarələri artıq Əsəd əleyhdarlarının mövqelərini bombalamağa başlayıb. Rusiya artıq böyük bir münaqişəyə çəkilib. Belə görünür ki, Rusiyanın hədəfi İŞİD yox, Qərbin dəstəklədiyi Azad Suriya Ordusudur (ASO). Çünki İŞİD-lə konfliktə getmək hazırda Rusiyaya bir o qədər də lazım deyil". Ekspert Hüseynbala Səlimov isə deyib ki, V.Putin BMT-nin toplantısında Qərb dövlətlərinə "Siz bilirsinizmi nə edirsiniz" sualı ilə müraciət etdi. Amma bilmək olmadı ki, bu, bir ritorika idi, yoxsa bu çağırışda həqiqətən də təlaş və təşviş vardı? İndi Suriya əsil böyük müharibə teatrına çevrilib – burada oyunçular, tamaşaçılar və bir də rejissorlar var. Hamıının da bu teatrdan öz gözləntisi var. Az qala süqut etmək ərəfəsində olan B.Əsəd Rusiyanın və İranın timsalında güclü hamilər tapdı... Rusiyanın Əsədə münasibətinə gəldikdə isə, düşünürük ki, burada səmimi bağlılıq yoxdur – böyük ehtimalla Rusiya indi Əsədə siyasi bazarda qoyulan qiyməti yoxlamaqla məşğuldur. Yaxın Şərq despotlarını siyasi hərraca çıxarmaq Rusiyanın çoxdankı şakəridir. Vaxtilə Rusiya S.Hüseyni də "müdafiə" edirdi. Guya ki, Rusiya M.Qəzzafiyə də dəstək verirdi. Amma bütün bunların nəticəsi nə oldu? Güman edirik ki, ən azı yaşlı oxucular bütün bunları yaxşı xatırlayır... Ən qorxulusu isə budur ki, bu "xəmir" hələ çox su apara bilər. S.Hüseyn də bir günə devrilmədi... Həm də Suriya ilə bağlı ABŞ-ın bu günə qədər formalaşdırdığı cinahda da hər şey heç də qaydasında deyil. Türkiyə iki cəbhədə vuruşur: həm İŞİD-ə qarşı çarpışır, həm də PKK-ya qarşı. PKK ilə mücadilə qətiyyən ABŞ-ın Suriyadakı planlarına daxil deyil. Amma PKK Türkiyənin ciddi bir problemidir. Elə bu səbəbdən də Türkiyə B.Əsədlə bağlı ABŞ-ı qane edən bir mövqe tutsa da, onun PKK-ya qarşı cəbhə açması istər-istəməz B.Əsədə qarşı və həm də İŞİD-ə qarşı vuruşan ümumi cinahı zəiflədir...
Qərəz, bu bölgədə indi o qədər qarışıq vəziyyət yaranıb ki, heç bir formal sxem reallığı bütün dolğunluğu ilə əhatə edə bilmir. Bu, azmış kimi Rusiya ilə ABŞ-ın sövdələşməsi də baş tutmadı. Üstəlik, ABŞ BMT TŞ-da Rusiyanın təklifilə Suriya ilə bağlı müzakirələri boykot etmək niyyətindədir, çünki ABŞ belə hesab edir ki, mövqelər çox fərqlidir... Beləcə, dünya növbəti məchulluq içindədir. Bu məchulluq dünyanı hara aparacaq, bütün bunlar necə qurtaracaq - hələ heç kim bu sualların cavabını və ən başlıcası isə çarəsini bilmir... Bəlkə də ona görə ki, çarə qılmaq iqtidarında olanlar bunu istəmirlər, çünki zavodlar boş dayanmamalıdır, güllə, top-tüfəng buraxmalıdır, ən əsası isə, bu güllələr haradasa atılmalıdır, bu toplar haradasa guruldamalıdır...