Avropa Birliyindən Rusiyaya xəbərdarlıq Dünya

Avropa Birliyindən Rusiyaya xəbərdarlıq

Müharibənin yeni bumu başlaya bilər

Cavid

Avropa Birliyi bəyan edib ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi münaqişənin dinc yolla həlinə yönəlmiş səyləri təhlükə altında qoyur və Rusiyanın Qərbin dəstəklədiyi üsyançıların mövqelərini vurması oyun qaydalarının dəyişməsi ilə bağlı narahatlıq doğurur.
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də keçirdikləri görüşdə Moskvaya xəbərdarlıq ediblər ki, Rusiya Suriyada mötədil müxalifət döyüşçülərinin yox, İslam Dövləti qrupunun mövqelərini vurmalıdır.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogherini bildirib ki, Suriyada hərbi iştirak ABŞ, Avropa Birliyi və Rusiya arasında koordinasiya edilməlidir.
Xatırladaq ki, Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.
Moskva hədəfin İslam Dövləti qrupu olduğunu, Qərb isə prezident Bəşər Əsədlə mübarizə aparan mötədil üsyançıların olduğunu deyirlər.
Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr və müdafiə naziri Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı təhlükəli nəticələrə gətirib çıxaracaq.
"Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibənin yeni bumuna gətirib çıxaracaq və müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək", - krallığın baş diplomatı deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən həftə Rusiyanın Suriyadakı əməliyyatına cavab olaraq bu ölkədəki üç müxalifət qruplaşmasına silah yardımını artıracağını açıqlayıb. Söhbət ilk olaraq tank əleyhinə silahlardan söhbət gedir. Ər-Riyad müxalifət silahlılarına "yer-hava" tipli raketlərinin çatdırılmasını da istisna etmir. Səudiyyə tərəfindən silahlandırılacaq qruplaşmalar isə Bəşər Əsədlə vuruşan Fəth Ordusu, Azad Suriya Ordusu və "Cənub cəbhəsi" Ordusudur.
Politoloq Tofiq Abbasov isə bildirib ki, 2011-i ildən etibarən başlayan Suriya müharibəsinin iştirakçılarının sayının artması göstərir ki, böhran dünya müharibəsinə çevrilə bilər. Politoloq Amerika ilə Rusiyanın kompromis tapmasını vacib hesab edir: "Qarşıdurma meylləri artsa, ümumi vəziyyət nəzarətdən çıxa bilər. Fövqəlgüclər son illər dünya nizamına laqeydlik nümayiş etdirirlər. Bu isə çox təhlükəli amildir. Reallıqda lider ölkələr başqalarına özlərinin tənqiddən kənar olduqlarını göstərməklə digər dövlətlərə mənfi presedent təqdim etmiş olurlar. Nə qədər ki gec deyil, iki koalisiya arasında əlaqələndiricilik yaranmalıdır. İndi bir çoxları günbəgün kəskinləşən vəziyyətin məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyir. Ancaq Amerika başda olmaqla beynəlxalq koalisiyanın 1 ilə yaxındır mövcud olan fəaliyyəti heç bir nəticə verməyib". Politoloq Moskvanın son addımlarının boş yerə olmadığını bildirib: "Moskva ilə Dəməşq arasında 1072-ci ildən bəri hərbi-texniki əməkdaşlıq barədə ikitərəfli müqavilə imzalanıb. Yəni Rusiya Sovet dövlətinin varisliyini əldə etdikdən sonra da həmin müqavilə uzadılıb. 2005-ci ildə həmin anlaşmaya əlavələr edilib. Hətta Rusiya hökumətinin Suriyanın 10 milyard dollarlıq borcunu silməsi Moskvanın Aralıq dənizində maraqlarının bəyanı idi. Odur ki, Moskvanın son addımları boş yerdən ortaya çıxmayıb. Kreml bütün birliyə və digər fövqəlqüvvələrə bildirmək istəyir ki, dünya artıq birqütblü deyil. Deməli, qlobal siyasətdə tarazlıq amilinin bərpası ehtimaldan real amilə çevrilir. Lakin belə vəziyyətdə bütün fiqurantlar öz imkanlarından sui-istifadə etməməlidirlər. Çünki onlar tək özləri qarşısında deyil, həm də birlik qarşısında cavabdehdirlər".