ABŞ-da siyasətçilər ara seçkilər ərəfəsində siyasi zorakılığı pisləyirlər Dünya

ABŞ-da siyasətçilər ara seçkilər ərəfəsində siyasi zorakılığı pisləyirlər

ABŞ-da siyasi zorakılıq ara seçkilər səbəbilə caxnaşmaya səbəb olub. Belə ki, sandıq işçiləri seçki məntəqələrində insanların emosiyalarının yüksək olacağını gözləyirlər. Bundan əlavə bu yaxınlarda Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinə zorakı hücum olub. Prezident Co Bayden və digər yüksək səviyyəli siyasətçilər Pelosinin həyat yoldaşı Polun xəsarət alması ilə nəticələnən hücumu pisləyiblər və onlar 8 noyabrda keçiriləcək seçki yaxınlaşdığı bir vaxt siyasi zorakılığa son qoyulmasına çağırırlar.

BBC yazır ki, ötən həftə sonu ABŞ-ın ən nüfuzlu siyasətçilərindən birinin həyat yoldaşına edilən hücum qarşıdan gələn bölücü seçkidən öncə ölkənin nə dərəcədə bölünmüş və təhlükəli vəziyyətdə olduğunu vurğulayır.

Hücum edən şəxs Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əvəzinə onun 82 yaşlı əri Polu San-Fransiskodakı evində ciddi şəkildə yaralayıb.

“Bu qəsdən olmuşdu. Və səhvdir. Seçilən məmurlar şəhərlərinin, mahallarının, ştatlarının və bu ölkənin işini görmək üçün buradadırlar,” San Fransisko Polis Departamentinin rəisi Vilyam Skott deyir.

Prezident Co Bayden hücumu qınayıb.

“Bəsdir, kifayətdir, yetər. Siyasətinizdən asılı olmayaraq, hər bir vicdanlı insan siyasətimizdəki zorakılığa qarşı açıq və birmənalı şəkildə ayağa qalxmalıdır. Hamımız. Amerikalılar olaraq hamımız birlikdə,” ABŞ Prezidenti Co Bayden deyib.

Sabiq prezident Barak Obama da hücumu qınayıb və deyib ki, “vəzifədə olan və yaxud vəzifədə olmaq istəyən bəziləri bölgüyü qızışdırmağa çalışırlar.”

Tədqiqatçılar deyir ki, zorakılıq bir neçə istiqamətdən gəlir. Yayda Ali Məhkəmənin mühafizəkar hakimləri aborta çıxışı təmin edən məhkəmə qərarını ləğv etmək qərarları səbəbilə ölüm təhdidləri ilə üzləşmişdilər.

Respublikaçılar da narahatlıqlarını ifadə ediblər.

Senatın azlıq lideri Mitç Makkonnel Twitter-də Pelosi ailəsinə ən xoş arzularını çatdırıb.

Sabiq vitse-prezident Mayk Pens də Twỉtter-də yazıb ki, “dövlət məmurları və ya onların ailələrinə qarşı zorakılığa dözümlülük göstərmək olmaz.”

Sabiq prezident Donald Tramp isə ilk öncə səssiz qaldıqdan sonra hücumu “dəhşətli bir şey” adlandırıb.

Tramp 2021-ci ilin yanvarın 6-da Twitter-dən çıxarılıb. Belə ki, platforma onun mesajlarının tərəfdarlarını Trampın 2020-ci il seçkisinin saxtalaşdırıldığına dair yanlış iddialarına cavab olaraq Kapitoliyə zorakı hücum etməyə təhrik etdiyi qərarına gəlib.Bəzi tənqidçilər Trampı ara seçkilər ətrafındakı ab-havanı qızışdırmaqda günahlandırırlar.

Milyarder İlon Mask Twitter-i bir neçə gün öncə alıb. O, tvit ataraq Pelosinin ərinə hücumla bağlı əsassız şayiə yayan tanınmamış bir vebsayta keçid paylaşıb. Daha sonra tənqidçilərin onun hücumla bağlı dezinformasiya yaydığını söyləməsindən sonra tvit silinib.

Mask Trampın Twitter-ə geri dönməsinə imkan verəcəyinə işarə edib.

“Trampın Twitter-ə dönmək ehtimalı çox insanı ürküdür, çünki onlar bunun bizim üzləşdiyimiz hiperqütbləşmiş mühiti qabardacağından, daha çox ifrat ritorikanın olacağından, faktiki olaraq zorakılığa çağırışların olacağından və bunun da gələcəkdə əlavə zorakılıqlara təkan verəcəyindən narahatdırlar,” Brukinqs İnstitutundan Darrell Vest deyir.

Ədliyyə Nazirliyi hər kəsin “azad və ədalətli səs verməsini təmin edəcəyinə” və seçicilərin hədə-qorxuya məruz qalmalarına göz yummayacağına söz verib.

Arizonada rəsmilər insanların seçki qutularını izləməsi, seçiciləri qorxutması kimi insidentlərdən sonra təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Viskonsin ştatında isə seçki işçiləri gərgin olacağından narahat olduqları seçki gününə hazırlanmaq üçün dərslər alırlar.

Vest deyir ki, əgər amerikalılar kədərli, məyus və ya gücsüz hiss edirlərsə, onların hər birinin edə biləcəyi bir şey var.

“İnsanlar siyasətdə iştirak etməlidirlər. Nə qədər çox aktiv olsa, sistemimiz bir o qədər güclü olacaq və bu bizə ekstremistlərin səslərini boğmağa kömək edəcək. İnsanlar səs verməlidirlər. Onlar görüşlərini dinc yolla ifadə etməlidirlər. Və əgər insanlar bunu etsələr, ölkəmiz daha yaxşı vəziyyətdə olacaq,” Darrell Vest deyir.

Hazırda ölkə boyu erkən səsvermə keçirilir, seçki günü isə 8 noyabrda olacaq.

Cavid