IŞİD-in “bank”ı dağıdıldı Dünya

IŞİD-in  “bank”ı dağıdıldı

Peter Gersten: "İD qrupunun 500-800 milyon dollar pulu məhv olub"

Cavid

Özünü "İslam Dövləti" adlandıran qruplaşmanın 800 milyon dollaradək nəğd pulu hava zərbələri nəticəsində məhv edilib. Bunu ABŞ ordusunun rəsmisi bildirib. Bağdadda mənzillənən general-mayor Peter Gersten deyib ki, ABŞ mütəmadi olaraq, qrupun maliyyəsi saxlandığı yerlərə zərbə endirir. Qrupun maliyyəsinə vurulan ziyan nəticəsində İD-dən qaçanların sayı 90 faiz artıb, yeni qoşulanların sayı isə azalıb.
2014-cü ildə ABŞ Maliyyə Nazirliyi İD qrupunu indiyədək mövcud olan "ən yaxşı maliyyələşən terrorçu təşkilat" adlandırıb. Mətbuat üçün keçirilmiş birifinqdə general mayor Gersten İD qrupunun pul ambarlarına 20-ə yaxın hava zərbəsinin endirildiyini bildirib. Təxminlərə görə, həmin zərbələr nəticəsində İD qrupunun $500 milyon-$800 milyon arası pulu məhv olub.
Neft yataqlarını ələ keçirəndən və vergi yığmağa başlayandan sonra İD qrupunun büdcəsi $2 milyarda çatıb, ötən il $250 milyon məbləğin də əlavə olunacağı təxmin edilirdi. Lakin həmin müddətdən bəri qrup ərazi itkilərinə məruz qalıb, nəzarətində olan neft yataqlarına hava zərbələri endirilib.
General Gerstenin sözlərinə görə, "İD qrupu üzvləri arasında hazırda ruh düşgünlüyü hökm sürür, onlar hər vəchlə İD-ni tərk etməyə çalışırlar". Onun qeyd etdiyi kimi, İD sıralarına keçən il orta hesabla hər ay 1500-2000 nəfər qoşulurdusa, indi belələrinin sayı 200-ə yaxındır. Fevral ayında Ağ Ev İD qrupu sıralarında döyüşçülərin sayının 25000-ə yaxın olduğunu müəyyən etmişdi, ötən il isə həmin rəqəm 31,500 olub. ABŞ Türkiyəyə Suriya ilə səhədinin mühafizəsini gücləndirməsi və İD qrupunun nəzarətində olan ərazilərə keçənlərin qarşısına sədd çəkməsi üçün təzyiq göstərməkdədir. ABŞ İD qrupunun nəzarətində olan ərazilərə Türkiyə sərhədinin yaxın sahələrində raket qurğularının yerləşdirdiyini təsdiqləyib.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu "Haberturk" qəzetinə bildirib ki, raket sistemləri Suriyanın Manbij şəhəri yaxınlığında yerləşdiriləcək. Xəbərlərə görə, İD qrupuna təchizat və canlı qüvvə bu şəhərin üzərindən gəlib keçir. "Reuters" isə bildirib ki, İraq ordusunun Anbar vilayətinin mərkəzi Ramadi şəhərinin ətrafında İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyat zamanı evlərdən birində kompüter tapılıb. Agentlik xəbər verir ki, kompüterdə İŞİD-in tərəfdarları haqqında şəxsi məlumatlar və terror təşkilatının regionda törətdiyi cinayətlər barədə informasiyalar aşkarlanıb. İraq ordusunun zabitlərindən biri bildirib ki, tapılmış kompüterin yaddaşında İŞİD döyüşçülərinin, həmçinin xarici muzdluların adları və ləqəbləri var. Bundan başqa, kompüterin yaddaşında İŞİD tərəfindən çıxarılan ölüm hökmləri və onların bilavasitə icraçılarının adları da olub.
Xatırladaq ki, Britaniyanın "Sky News" telekanalı martın əvvəlində İŞİD-in on minlərlə döyüşçüsü və onların qohumları haqqında məlumatları, o cümlədən ünvanları və telefon nömrələri özündə saxlayan minlərlə faylı əldə edib. Fayllarda 22 min məlumat toplanıb. Məlumata görə, ən azı 51 ölkənin vətəndaşlarından söhbət gedir. Siyahıda olanlardan bir hissəsi öldürülüb, bir hissəsinin isə adı müəyyən edilib.
Britaniya kanalı faylların olduğu yaddaş kartını İŞİD-in "daxili təhlükəsizlik xidməti"ndə işləyən Abu Hamed adlı şəxs vasitəsilə əldə edib. Onun sözlərinə görə, o, məxfi məlumatların müdafiəsi sahəsində işləyib və müəyyən vaxtdan sonra İŞİD-də gördüklərindən məyus olaraq ondan ayrılmaq qərarına gəlib.