Türkiyədə internet məhdudiyyəti Dünya

Türkiyədə internet məhdudiyyəti

Hökumətə məhkəmə qərarı olmadan saytları bağlamaq səlahiyyəti verildi

Türkiyə Böyük Millət Məclisi Ərdoğan hökumətinin internet üzərində nəzarət sahəsində səlahiyyətlərini xeyli genişləndirən qanun layihəsini qəbul edib. Yeni qanun Türkiyə Telekommunikasiya Müdirliyinə (TİB) məhkəmənin icazəsi olmadan saytları bağlamağa imkan verəcək.
Belə ki, hakimiyyət bu və ya digər internet resursuna çıxışı orada təhqiredici kontent aşkarladıqda məhdudlaşdıra biləcək. İnternetdə belə kontent "problemli sözlər" əsasında müəyyənləşdirilməklə onların axtarışı ilə hüquq-mühafizə orqanları məşğul olacaq. Hazırda hansı sözlərin "problemli sözlər" kateqoriyasına aid ediləcəyi məlum deyil.
Bundan başqa, parlament üzvləri tərəfindən qəbul edilən qanun provayderləri istifadəçilərin sosial şəbəkələrdə fəallıqları barədə məlumatları saxlamağa məcbur edir. Belə məlumatlar ən azı iki il müddətinə saxlanılmalı və səlahiyyətli orqanların sorğusu əsasında üçüncü tərəfə verilə bilər.
Türkiyədə interneti məhdudlaşdıran ilk qanun 2007-ci ildə qəbul edilib. O zaman ölkə ərazisində "Wordpress" bloqhostiniq və bir neçə videohostinq, o cümlədən "DailyMotion" və "Vimeo" bağlanılıb. Bundan əlavə, 2010-cu ilədək Türkiyə hökuməti "YouTube" videohostinqindən istifadəni məhdudlaşdırıb. 2011-ci ildən Türkiyədə qadağan edilmiş saytlar reyestri fəaliyyət göstərir. Əvvəlcədən reyestr terrorizmlə mübarizə üçün yaradılsa da, sonradan saytların "qara siyahı"ya daxil edilə biləcəyi kontentin siyahısı xeyli genişləndirilib.
Müxalifət bu addımı ifadə azadlığına hücum adlandırıb.
Türkiyədə internetə çıxış hazırda da məhduddur. Xatırladaq ki, Gəzi Parkı olayları zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan interneti açıq tənqid etmişdi. O, Twitter şəbəkəsini "bəla", sosial medianı isə "cəmiyyətin baş bəlası" adlandırmışdı. "Gezi Parkı" nümayişlərində etirazçılar məlumat yaymaq üçün Twitter və Facebook şəbəkələrindən geniş istifadə edib.