Rusiya regiondan getməli olacaq Dünya

Rusiya regiondan getməli olacaq

Azərbaycanın xarici siyasət strategiyası yeni geosiyasi çağırışlara uyğun olaraq yenidən hazırlanmalıdır. Təkcə, xarici siyasət deyil, hərbi doktirinada dəyişikliklər labüddür. Qarabağ münaqişəsinin bitməsi, Ermənistanla gözlənilən sülh müqaviləsi, Qərblə Rusiya arasında geopolitik qarşıdurmada Moskvanın mövqelərinin zəifləməsi, Cənubi Qafqazda da öz təsirini göstərəcək. Azərbaycan üçün yeni fürsətlər yaranır və regionda baş verənlər Azərbaycanın geosiyasi imkanlarını gücləndirir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Azərbaycan bütün siyasi-hərbi çağırışlara uyğun olaraq Türkiyə ilə kordinasiyali çalışmalıdır. Türkiyədə R.T. Ərdoğanın yenidən seçkilərdə qalib gəlməsi, güclü və strateji cəhətdən dayanıqlı bir hökumət qurması, məhz Ankaranın yeni siyasi çağırışlara hazır olduğunu və yeni bir siyasi nizamda söz sahibi olacağının göstəricisidir. Azərbaycan da Türkiyə ilə hərbi siyasi əlaqələr fonunda ölkəmizdə Türkiyənin hərbi bazasının açılmasını təmin etməlidir:

"Azərbaycan Türk dövlətləri ilə sıx siyasi -iqtisadi və hərbi əlaqələri gücləndirməlidir. Müsəlman dünyası ilə xüsusilə, ərəb ölkələri ilə əməkdaşlıq yüksək səviyyəyə qaldırmalıdır. Qərblə siyasi-iqtisadi və enerji siyasətini həyata keçirməklə, Xəzər-Mərkəzi Asiya regionunda birgə fəaliyyətlə Rusiya, İran təsirini neytrallaşdıracaq.

Prezident İlham Əliyev xarici siyasət strategiyasını uğurla həyata keçirib. Yeni bir siyasi formulla Avropa İttifaqı, Böyük Britaniya və ABŞ -la münasibətləri yüksək səviyyəyə qaldırmalıdır.
Avropa İttifaqı və Böyük Britaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan xüsusi yer alır. Azərbaycanın təhlükəsizlik müstəvisində Türkiyə, İsrail və Böyük Britaniya ilə sıx əməkdaşlıq edir. Bunu ABŞ -la da həyata keçirilməsi gözlənilir".

M. Əsədullazadə onu da bildirib ki, Ermənistanla sülh müqaviləsinin bağlanmasından sonra Cənubi Qafqazda yeni bir təhlükəsizlik sferası formalaşa bilər. Rusiya da regiondan getməli olacaq.

Cavid