“TANAP layihəsi üzrə işləri sürətləndirmişik” Dünya

“TANAP layihəsi üzrə işləri sürətləndirmişik”

Ərdoğan: "Türkiyənin Azərbaycandan aldığı təbii qazın həcmi 20-30 milyard kubmetrə çatmalıdır"

Türkiyə Azərbaycanla həyata keçirdiyi layihələri uğurla davam etdirəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalının canlı efirində azərbaycanlı tələbinin sualına cavab verərkən deyib.
TANAP layihəsinə toxunan ölkə başçısı qeyd edib ki, bu kəmər vasitəsilə nəql olunacaq qaz Türkiyənin tələbatının böyük hissəsinin ödənilməsinə xidmət edəcək: "Hazırda biz 6-7 milyard kubmetr qaz alırıq. Təbii ki, bu, bizim üçün yetərli deyil və bizə daha böyük həcmdə qaz lazımdır. Biz bu həcmi 20-30 milyard kubmetrə çatdırmalıyıq. Digər tərəfdən Avropanın öz tələbləri var. Yəqin ki, bu məsələdən xəbəriniz var. Avropa İttifaqı bu məsələ ilə bağlı təklifini verdi, lakin lazım olan addımı atmadı. Biz TANAP layihəsi üzrə işləri sürətləndirmişik. İnşaat işləri sürətlə aparılır. Layihənin reallaşması ilə biz qaza olan ehtiyacımızı tam ödəyəcəyik. Bununla yanaşı, Avropaya da qaz nəql olunacaq".
Bakı-Tbilisi-Qars layihəsinin icrasına toxunan Ərdoğan qeyd edib ki, bu ilin sonunda dəmir yolu istismara veriləcək. "Bu layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı daha da genişləndirəcək".