Açıq toqquşma təhlükəsi Dünya

Açıq toqquşma təhlükəsi

NATO-nun təlimlərinə Rusiyanın reaksiyası qorxu saçır

Cavid

İstefada olan danimarkalı briqada generalı və tarixçi Mikael Klemmesen ehtiyat edir ki, NATO-nun təyyarələri və gəmiləri cümə günü – iyunun 10-da böyük hərbi təlimlərə başladığı zaman, heç bir tərəfin istəmədiyi, görünməmiş ciddi vəziyyətə gətirib çıxaracaq hadisələr başlaya bilər. Danimarka qəzeti "Berlingske Tidende" xatırladır ki, bəzən dünyadakı ciddi qarşıdurmalar gözlənilmədən baş verib. Buna nümunə kimi, general Birinci Dünya Müharibəsinin başlamasını və Karib böhranını göstərib.
"Aftenposten" (Norveç) yazır ki, generalın iddiasına görə, Rusiya prezidenti Vladimir Putin dağılan iqtisadiyyata və artan sosial problemlərə görə, öz ölkəsi daxilində çox güclü təzyiq altındadır və bu səbəb üzündən NATO-nun böyük təlimlərinə reaksiya göstərməlidir. Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, Qərb hərbçilərinin onların yaxınlığındakı beynəlxalq sularda iştirakına təhlükə kimi yanaşırlar. General yazır ki, amerikanlar Baltik dənizində güclərini artırdıqca, rusların da müvafiq tərzdə hərəkət etmələri gözlənilir.
Norveç Silahlı Qüvvələrinin Elmi Tədqiqat İnstitutunun əməkdaşı Tur Bukkvol qeyd edir ki, Rusiya NATO-nun bütün təlimlərinə və xüsusən də Rusiya yaxınlığında keçirilənlərə təxribat kimi baxır. Məsələ ilə əlaqədar Tur Bukkvol deyib: "Hazırda Baltikadakı vəziyyət heç vaxt olmadığı qədər gərgindir. Bu hər iki tərəfin böyük qarşılıqlı inamsızlığının nəticəsidir və belə bir vəziyyət maksimal neqativ hal kimi qəbul olunur. Tərəflərdən heç biri münaqişə istəmir, lakin ehtiyatsız addımlar gərginliyin yüksəlməsi ehtimalını daha da artıra bilər. Mən inanmıram ki, Rusiya Pribaltika respublikalarını geri qaytarmağa cəhd göstərir, amma ruslar bu ölkələrə böyük təsirə malikdirlər. Onlar Baltikadakı KİV-lər və partiyalar vasitəsilə buna nail olmaq istəyirlər".
Rusiya Ukraynanın Krım yarımadasını və Ukraynanın şərqini ilhaq etdikdən sonra, NATO-nun Pribaltika ölkələri Rusiyanın bu cür hərkətləri onlara – Estoniya, Latviya və Litvaya qarşı da həyata keçirə biləcəyindən ehtiyatlanaraq, əsəbləşməyə başlayıblar.
NATO müxtəlif ölkələrdən ibarət minimum dörd batalyon əsgəri Polşa və Baltik respublikalarına yollamağı planlaşdırır. İyul ayında Varşavada keçiriləcək sammitdə alyans yollayacağı əsgərin sayını və onların dislokasiya məkanlarını müəyyənləşdirəcək. NATO–nun şefi Yens Stoltenberq güman edir ki, belə bir addımın atılması sabitliyə gətirəcək. O, bildirib: "Batalyonların iştirakı aydın şəkildə göndərilmiş siqnaldır. Polşaya və ya digər üzv ölkələrə hücum zamanı, cavab bütün alyans tərəfindən gələcək".
NATO Rusiyanın hərbi gücünü artırmasını və onun davranışlarını əsas gətirərək, özünün şərq cinahını gücləndirir. Eyni zamanda da Moskva NATO-nu Rusiyanın qonşuluğundakı ölkələrə bir neçə min əsgər göndərməklə vəziyyəti gərginləşdirməkdə ittiham edir.