Ərdoğan İsraillə yaxınlaşır? Dünya

Ərdoğan İsraillə yaxınlaşır?

Reuters xəbər verir ki, 3 ay bundan əvvəl baş vermis 20-30 dəqiqəlik həmin görüşün bəzi təfərrüatları indi aşkar olur

Cavid

Reuters agentliyi xəbər verir ki, hələ mart ayında Vaşinqtonda keçirilən nüvə sammitinin kuluarlarında Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın İsrailin enerji naziri Yuval Steinitzlə görüşməsi iki ölkə arasında münasibətlərin normallaşmasından xəbər verirdi.
Reuters xəbər verir ki, 3 ay bundan əvvəl baş vermis 20-30 dəqiqəlik həmin görüşün bəzi təfərrüatları indi aşkar olur.
Ərdoğan və Steinitzin Suriyada müharibə, İranın ora müdaxiləsi, terror və təbii qaz məsələlərini müzakirə etdikləri bildirlir.
Reuters yazır ki, bu məsələlərin arasında ən mühümü İsrail və Kipr sahillərində milyardlarla dollar dəyəri olan qaz yataqlarıdır.
Bu ehtiyatların reallaşdırılması üçün İsrailin Türkiyə ilə əməkdaşlığa ehtiyacı var.
Reuters xəbər verir ki, Steinitz Yerusəlimdəki ofisində verdiyi müsahibədə Vaşinqton görüşünün yer aldığını təsdiq edib.
Steinitz deyib ki, görüş çox faydalı olub, onun şəxsən özü Türkiyə ilə diplomatik münasibətlərin bərpasına tərəfdardır, lakin indiki mərhələdə təfərrüatlara varmaq istəməzdi.

İxtilafın 80-90 faizi çözülüb

Reutersin məlumatına görə, Vaşinqton görüşündən bəri Türkiyə və İsrail diplomatları arasında yüksək səviyyəli təmaslar bir gün də fasilə verməyib.
Onların məxfi danışıqları London və Cenevrədə apardıqları xəbər verilir.
Qərb mediası yazır ki, iki tərəf arasındakı münasibətlərin tam bərpasına indi yalnız bir məsələ mane olur. İsrail Ankaranın Həməs təşkilatının Türkiyədəki təmsilçiləri ilə əlaqələri kəsməsini istəyir. Öz növbəsdində Türkiyə Qəzza zolağındakı fəlsətinlilərə yardımlar çatdırmaq imkanında olmaq arzusundadır.
İsraildən fərqli olaraq rəsmi Ankara məxfi danışıqların aparıldığını rəsmən təsdiq etmir.
Bir vəzifəli Türkiyə rəsmisi Reutersə bildirib ki, prezidentin hər hansı ölkənin naziri ilə görüşündə protokola görə heç bir qeyri-adilik yoxdur.
İsrail rəsmiləri isə mətbuata bildirirlər ki, iki ölkə arasında tam münasibətlər artıq qarşıdan gələn həftələrdə bərpa oluna bilər.
"Biz çətinliklərin 80-90 faizini dəf etmişik…və indi qarşılıqlı iradə ilə qalan məsələlərdə də razılığa gələ bilərik. Biz buna çox yaxınıq" – deyib Steinitz.
İyunun 7-də buna bənzər bəyanatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu də vermişdi.

Qazla qızan münasibətlər

Qaza gəldikdə isə aralarında sıx münasibətlər olan İsrail və Kiprə aid dəniz yataqlarında 254 milyard kubmetr qaz olduğu təxmin edilir. Pul hesabı ilə bu, 700 milyard dollar deməkdir.
Reuters yazır ki, bunlar hələ ilkin təxminlərdir və fransızların hesablamalarına görə təkcə İsrail yataqlarında indi təxmin ediləndən üç dəfə çox qaz ola bilər.
Reuters yazır ki, problem heç də təkcə bu yataqların inkişaf etdirilməsinin çətinliyində deyil, həm də qazın istehlakçılara çatrdırılmasındadır.
İsraillə sülh müqaviləsi olan İordaniya mümkün bazarlardan biridir, lakin onun istehlak gücü azdır.
İsrailin qatı düşməni olan qonşu Livan və Suriyadan söhbət belə gedə bilməz.
Əvəzində əhalisi müvafiq olaraq 80 və 93 milyon nəfər olan Türkiyə və Misir daha perspektivli bazar kimi görünür.