
Bakir Həsənbəyli: “PKK nə Öcalan, nə də, ayrı-ayrı terrorçular tərəfindən idarə olunan təşkilatdır”
Elxan Şahinoğlu: “PKK onsuz da Türkiyə içində fəaliyyət qabiliyyətini itirmişdi”
Fuad Əliyev: “Bu gecikmiş addım olsa da düzgün qərardır, təşkilatın başqa yolu yoxuydu”
Məhəmməd Əsədullazadə: “Ərdoğan PKK-ya dəstək verən daxili mərkəzləri neytrallaşdırdı”
Oktyabrın 26-da PKK terror təşkilatı Türkiyədəki fəaliyyətinə son qoyduğunu və silahlılarını geri çəkdiyini açıqlayıb. Bu barədə terror təşkilatının liderlərindən olan Sabri Okun açıqlamasında qeyd olunub.
PKK təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərarlar əsasında özünü buraxdığını və Türkiyədən tamamilə çəkildiyini bildirib.
PKK nümayəndələrinin İraqın şimalında yaydığı açıqlamada bildirilib ki, PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq.
Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir.
Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Türkiyənin rəsmiləri PKK-nin bu addımının vacibliyindən danışıblar. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik X hesabında yazıb: "PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərk-silahın davam etdirilməsi terrorsuz Türkiyə prosesinin əsas gündəmidir".
“PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, terrorsuz Türkiyə istiqamətindəki irəliləyişin konkret nəticələridir”, - Çelik bildirib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü Burhanəddin Duran isə "X"də yazıb ki, PKK-nın açıqlaması "Terrorsuz Türkiyə" prosesi istiqamətində yeni addımdır.
O bildirib ki, bu addım PKK-nin tərksilah olunması istiqamətində baş tutan müsbət hadisədir: "Terrorsuz Türkiyə" prosesi cənab Prezidentimizin və Dövlət Baxçalının qətiyyətli və cəsarətli liderliyi sayəsində davam etdirilir. Məqsədimiz ölkə daxilində sabitlik və təhlükəsizliyi təmin etmək, bölgəmizdə isə sülh və sabitliyi daimi etməkdir. Regionda baş verən hadisələr və beynəlxalq miqyasda artan qeyri-müəyyənliklər qarşıdakı dövrdə Türkiyə üçün yeni öhdəliklər yaradır".
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli deyib ki, bir neçə ay öncə PKK terror təşkilatının ləğv olunması ilə bağlı qərarı bu təşkilatın yaradıcısı, hazırda Türkiyədəki İmralı cəza evində məhkumluq həyatı yaşayan baş terrorist Abdulla Öcalan tərəfindən verilsə də, lakin vəziyyət göründüyünün tam əksinədir. PKK nə Öcalan, nə də, ayrı-ayrı terrorçular tərəfindən idarə olunan təşkilatdır. Yaradılışından bu günə qədər də, belə olub. PKK terror təşkilatının illərlə fəaliyyət göstərməsində, silah və maliyyə ilə təmin olunmasında rol alan dövlətlər onu idarə edir: "Məsələn ABŞ PKK-nın Suriya qolu PYD-ni özünün guya İŞİD-lə mübarizədə müttəfiqi adlandırır. Müxtəlif mənbələrin iddialarına nəzər salsaq PYD-nın istifadəsində 50 mindən çox döyüşçü və ABŞ-ın həddiyyə etdiyi 9 milyard dollar dəyərində silah-sursat var. Bundan başqa onlar nəzarət etdiyi ərazilərdəki neft və qaz resurslarından da, sərbəstcəsinə istifadə edirlər. Bu isə milyardlarla dollar əlavə vəsait deməkdir. Bura insan, orqan, silah, narkotik və s. qara ticarəti də əlavə etsək fantastik rəqmin şahidi olarıq. Belə olan təqdirdə bu qədər vəsaitdən və silahdan bir qərarla imtina da, inandırıcı deyil. Lakin yuxarıda qeyd etdiyim kimi PKK kənar təsirlərlə idarə olunduğu üçün Türkiyədən çıxma qərarı verilir. Əvvəla Türkiyə artıq regional deyil, qlobal oyunçudur. Yaxın Şərqin yenidən şəkillməsində PKK-nı idarə edənlərin Türkiyəyə ciddi ehtiyacları var. Türkiyə üçün təhlükə yaradıb, sonra ondan yardım istəmək absurd olduğu üçün PKK ilə bağlı mövcud addımlar atılır. Lakin PKK vahid formada fəaliyyət göstərmir. Onun İran,İraq, Suriya qolları var. Bu isə terror təşkilatının tamamilə ləğv olunmasını sual altına alır. Hal-hazırda sadəcə kənara çəkilmədən söhbət gedə bilər. Lakin müəyyən zaman kəsimində həmin qüvvələr bu terror təşkilatından yenidən istifadə etmək “hüquqlarını” özlərində saxlayırlar".
Politoloq Elxan Şahinoğlunun fikrincə, bu PKK-nın tərksilah olunmasında növbəti mərhələdir. Əslində PKK lideri Abdullah Öcalanın aylar öncə həbsxanadan səsləndirdiyi çağırış terror təşkilatının ləğvinin zəruriliyi ilə bağlı idi: "PKK-nın başqa alternativi yoxdur. Türkiyə ordusunun illərdir PKK ilə mübarizəsi nəticə vermək üzrədir. PKK onsuz da Türkiyə içində fəaliyyət qabiliyyətini itirmişdi. Buna baxmayaraq, Türkiyə ərazisində azsaylı terrorçuların geri çəkilməsinin əhəmiyyəti var. Bu o deməkdir ki, PKK keçmiş illərdə olduğu kimi Türkiyədə terror fəaliyyətini davam etdirə bilməyəcək. Bölgədə formalaşan durum da PKK-nın ləğvini labüd edir. PKK-nın fəaliyyət göstərdiyi iki dövlətin – İraq və Suriyanın ərazisində formalaşan yeni durum terrorçuların tərksilah olunmasını diqtə edir. İraq hökuməti və İraqın şimalındakı kürd muxtariyyətinin liderləri Türkiyə ilə əməkdaşlığı genişləndirmək naminə PKK terrorçularının tərksilah olunmasını vacib hesab edirlər. Suriyada hakimiyyət dəyişikliyindən sonra PKK-nın bu ölkədə fəaliyyət imkanları da daralmaq üzrədir".
Siyasi ekspert Fuad Əliyev isə deyib ki, Türkiyənin regionda, dünyada artan gücü, nüfuzu nəticəsində PKK ölü bir terror təşkilatına çevrildi. Artıq bu təşkilata silah və maddi yardım göstərən xarici ölkələr də yoruldular, istəklərinə nail ola bilməyəcəklərini gec də olsa dərk etdilər. Bir yandan Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən İsrail-Fələstin münaqişəsi PKK-ya yardım göstərən ölkələrə böyük iqtisadi zərbə vurdu: "Bundan başqa PKK özü də Türkiyə kimi güclü dövlətə qarşı duruş gətirə bilməyəcəyini qəbul etmək məcburiyyətində qaldığından silahı yerə qoydu. Bu gecikmiş addım olsa da düzgün qərardır, təşkilatın başqa yolu yoxuydu. Türkiyədə bütün xalqların hüquqları qorunur, onlara azadlıq verilib, amma bu o demək deyil ki, bu azadlıqdan sui-istifadə edib ərazi iddiasında olub, dövlətə qarşı silah işlədəsən. PKK-nın silahı yerə qoyub Türkiyə ərazisindən geri çəkilməsi daxildəki antiTürkiyə qüvvələrinə də ağır zərbə oldu. Sual oluna bilər ki, PKK-nın Türkiyə kənarında aktiv olan qolları rəsmi Ankaraya təhlükə yaradacaqmı? Ola bilər, amma bu müvəqqəti olacaq, onlar da reallığı dərk etmək məcburiyyətində qalıb, silahı yerə qoyacaqlar".
"PKK terror təşkilatının liderləri bundan sonra, heç bir perspektivin olmadığını, geosiyasi reallıqların Türkiyənin leyhinə dəyişdiyinin fərqində oldular. Həmçinin terror təşkilatına dəstək verən xarici mərkəzlərin regionda apardığı siyasət PKK vasitəsilə nəticəsiz oldu".
Bu fikir isə olitoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.
O, vurğulayıb ki, PKK-nın ayaqda qalmasında Türkiyədə bəzi siyasətçilər də maraqlı olub. Türkiyə prezidenti Ərdoğan PKK-ya dəstək verən daxili mərkəzləri neytrallaşdırdı.
Suriyanın Şimal -Şərqində kürd silahlıları mövcudluğunu qoruyub saxlayır. Onların da PKK ilə bağları istisna deyil. Bu qruplarında sıradan çıxarılması gözlənilir. Türkiyədə PKK probleminin həlli AKP növbəti seçkilərdə uğur qazandıra bilər.
Cavid