“Cəsus şəbəkəsinin bölgədə qalması sülhə maneədir” Siyasət

“Cəsus şəbəkəsinin bölgədə qalması sülhə maneədir”

Niyaməddin Orduxanlı: “Bölgədə sabitliyin formalaşması üçün zəmin yaranır”

“Avropa İttifaqının Ermənistanda şərti sərhəddə yerləşdirdiyi şəxslərin hamısı keçmiş və indiki hərbiçilərdir. Bunlara birbaşa agentura şəbəkəsi də demək olar”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya ƏHD Partiyasının Baş katibi Niyaməddin Orduxanlı deyib.

Niyaməddin Orduxanlı diqqətə çatdırıb ki, Azərbaycan-Ermənistan münasibətləri müsbətə doğru irəliləməkdədir: “Belə olan halda bu casuslar nəyi müşahidə edir?

Bilirsiniz ki, Prezidenti İlham Əliyev Ermənistana Azərbaycan üzərindən yüklərin daşınmasına icazə verilməsi ilə bağlı qərar verib. Bu da sülh prosesinin inkişafına təkan verir.

Bəllidir ki, revanşistlər heç bir halda sülhü dəstəkləmir və prosesi pozmağa çalışırlar.

Amma, dövlət başçısının bu qərarı sülhə töhfə verməklə yanaşı, revanşistlərə də ciddi zərbə oldu. Paşinyanın seçkiöncəsi ictimai dəstəyinin artması və revanşistləri neytrallaşdırması vacib amildir. Azərbaycan liderinin bu addımı həm də bunu şərtləndirdi.

Bu da Azərbaycanın milli maraqlarını özündə ehtiva edən müstəqil xarici siyasətin nümunəsidir. Təbii ki, Azərbaycan bununla öz iqtisadi imkanlarını da genişləndirəcək, yükdaşımalardan əlavə vəsait əldə edəcək.

Fikir verirsinizsə, Azərbaycan artıq bir sıra dövlətlərlə, eyni zamanda Qərb dövlətləri ilə münasibətlərini tənzimləyir. Buna nümunə olaraq, Azərbaycan-Fransa münasibətlərindəki müsbət meyilləri nümunə göstərmək olar. Bütün bunlar isə bölgədə sabitliyin və iqtisadi inkişafın formalaşması üçün zəmin yaradır.

Belə bir vəziyyətdə casus şəbəkəsinin qalması və ya xidmət müddətinin 2027-ci ilə qədər davam etməsi birbaşa sülhə maneədir. Azərbaycan buna etiraz edir”.