

Ukrayna F-16 qırıcıları almaq istiqamətində intensiv iş aparır. Avqustun 20-də Danimarkaya səfər edən Zelenski danışıqların gündəliyinə Ukrayna və Danimarka arasında əməkdaşlıq və Ukraynaya “F-16” qırıcı təyyarələrinin tədarükünün daxil olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Vladimir Zelenski Niderlandda səfərdə olub və 42 ədəd “F-16” təyyarəsinin Ukraynaya tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında bildirib ki, Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd F-16 qırıcısı alacaq.
"Mark Rutte və mən Ukraynaya veriləcək F-16-ların sayı barədə razılığa gəldik. Pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 ədəd təyyarə veriləcək. Bu, hələ başlanğıcdır", - Zelenski bildirib
Danimarka Müdafiə Nazirliyi hökumətin 19 ədəd F-16 qırıcıcısının Ukraynaya təhvil verilməsi ilə bağlı məlumatı təsdiqləyib.
“Qırıcılar Ukrayna tərəfindən çoxdan tələb olunur və digər məsələlərlə yanaşı, bu, Ukraynaya öz hava məkanını Rusiyanın qeyri-qanuni təcavüzündən qorumaqda kömək etməlidir”, - nazirlik bildirib.
Bildirilib ki, Danimarka digər ölkələrin də koalisiyaya qoşulması üçün çalışacaq və Ukraynanın azadlıq mübarizəsinə töhfə verəcək.
Qeyd edək ki, Niderland Ukraynaya 42 ədəd F-16 verəcək.
“Röyters”in yazdığına görə, ABŞ Danimarka və Niderlandın F-16 qırıcılarının Ukraynaya tədarükünə razılıq verib. Məlumata görə, ukraynalı pilotların F-16-nı idarə etmək üçün təlimi başa çatdıqdan sonra ölkələr qırıcıları Kiyevə göndərəcək.
ABŞ dövlət katibi Entoni Blinken artıq Danimarka və Niderlanddakı həmkarlarına məktublar göndərərək Vaşinqtonun bu addımı dəstəklədiyinə zəmanət verib.
Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın fikrincə, F-16 qırıcıları 2024-cü ilin yazından tez Ukraynanı müdafiə edə bilməyəcək.
“Artıq aydındır ki, biz bu payız-qış aylarında Ukraynanı F-16 təyyarələri ilə qoruya bilməyəcəyik”, - deyə o bildirib.
“Nyu York Tayms” da yazıb ki, artıq gecdir, F-16 Ukraynaya kömək edə bilməyəcək
Vaşinqton Ukrayna ordusu üçün F-16 qırıcılarının tədarükünə gecikib.
“Bayden administrasiyası bir ildən çox NATO ölkələrinin Ukraynaya F-16 təyyarələri verməsinə icazə vermədi. İndi də pilotlar bu təyyarələrin təlimlərini bitirdikdən sonra belə əks-hücum prosesində orduya kömək etmək çox gec olacaq”, - nəşr bildirib.
Qəzet həmçinin bildirib ki, aviasiya resurslarının olmaması səbəbindən Ukrayna tanklar və digər texnikalarını asanlıqla məhv edən Rusiya döyüş helikopterlərinin öhdəsindən gələ bilmir.
Bundan başqa, bəzi helikopterlər olduqca sürətli və aşağıdan uça bilən raketlərlə təchiz olunub ki, bu da Ukrayna HHM sistemlərinin onları vurmasının qarşısını alır.
Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat verib ki, F-16 qırıcısı əvvəllər Ukrayna hava limanına enmişdi, indi rəsmilər uçuş-enmə zolaqlarını hazırlayır.
“F-16 təyyarələri Ukraynada olmuşdu. Biz onların pilotları ilə birgə təlimlər keçirmişik. Bizim F-16-nın idarə olunması ilə bağlı təcrübəmiz var”, - Oleşuk bildirib. Onun sözlərinə görə, Ukraynada uçuş-enmə zolağının hazırlanması işləri aparılır.
İsveçin Baş naziri Ulf Krissterson isə deyib: "İsveçin özünün də “Gripen” qırıcılarına ehtiyacı var, ona görə də bu təyyarələri Ukraynaya göndərmək planımız yoxdur".
“İsveç coğrafi cəhətdən böyük ölkədir. Biz özümüzü qorumalıyıq, üstəlik NATO üzvü də deyilik”, - Baş nazir bildirib.
Rusiyalı politoloq Andrey Piontkovskinin fikrincə, əgər Ukrayna bir neçə yüz F-16 qırıcısı və bir neçə yüz uzaqmənzilli ATACMS raketi alarsa, müharibə həftə ərzində başa çata bilər.
“F-16 fantastik şeydir. Bunlar uçan hava hücumundan müdafiə platformalarıdır. Bu təyyarələr Qara dəniz ərazisi üzərində görünəndə cənub limanlarına edilən bütün bu hücumlar dərhal dayandırılacaq. Bundan əlavə, bu, hücum silahıdır. F-16-lar Engelsə (Rusiyanın Saratov vilayətindəki aviabazası) çata və Rusiyanın bütün strateji aviasiyasını məhv edə bilərlər”, - politoloq bildirib.
Onun sözlərinə görə, müharibə Ukrayna bu silahları istifadə etmədən də başa çata bilər, əsas odur ki, bunlar ölkəyə verilsin:
“Mən əminliklə deyirəm ki, bu silahlardan istifadə olunmasa da müharibə bitəcək. Ruslar onun Ukrayna ərazisində olduğuna əmin olduqda, 24 iyun hadisələri (Priqojin qiyamı) ilə Rusiyanın hərbi-siyasi rəhbərliyində baş verən dağıdıcı proseslər məntiqi nəticəyə gətirib çıxaracaq. Bu raketlər və təyyarələr Ukrayna ərazisində və hava məkanında peyda olanda Kreml başa düşəcək ki, heç bir ümid yoxdur, Putin müqavimət göstərsə, sadəcə olaraq onu uzaqlaşdıracaqlar”.
Rusiyalı politoloq Sergey Markov deyib ki, Ukrayna ordusuna F-16 qırıcıları veriləcək. Hazırda Niderland 42, Danimarka 19 təyyarə tədarük etməyə qərar verib. Amma orada digər ölkələr də var, ümumilikdə 200 belə təyyarə veriləcək.
Onun sözlərinə görə, bu, ABŞ-ın qərarıdır, əvəzində bu ölkələr Vaşinqtondan müasir F-35-lər alacaqlar.
“F-16-nın hərbi əhəmiyyəti ondan ibarətdir ki, o, çoxlu sayda yeni müasir Qərb raketləri və idarə olunan bombalardan istifadə üçün platforma rolunu oynayır. Ukrayna Silahlı Qüvvələrindəki sovet təyyarələrində bu raketlərdən istifadə edilmir”, - politoloq bildirib.
Markov qeyd edib ki, bu təyyarələrə dəstək üçün böyük infrastrukturun yaradılması vacibdir:
“Ən böyük problemlər aerodromlardır. Uçuş zolağı nöqteyi-nəzərindən F-16 şıltaq təyyarədir. Ona MiQ və ”Su”nun uçuş zolağından daha yaxşısı lazımdır. Ukraynada isə aerodromlar dağılıb. Bu da ona gətirib çıxara bilər ki, ola bilsin F-16-lar Polşa və ya Rumıniyadan qalxsınlar”.
Ekspert, Böyük Britaniyanın Müdafiə Nazirliyinin keçmiş baş məsləhətçisi Maksimilian Terhalle isə bildirib ki,
F-16 qırıcıları ukraynalıları həvəsləndirmək üçün vacibdir.
O qeyd edib ki, F-16 təyyarələrinin Ukrayna Silahlı Qüvvələrinə verilməsi təkcə strateji deyil, həm də mühüm simvolik əhəmiyyətə malikdir.
“Prezident Zelenskiyə döyüş meydanında uğur lazımdır. Qırıcılar ona əhalinin və qoşunların motivasiyasını qoruyub saxlamağa kömək edən mühüm elementdir”, - deyə ekspert vurğulayıb.
Eyni zamanda, Terhallenin fikrincə, qırıcıların təhvil verilməsi Rusiya və Ukrayna arasında müharibədə dönüş nöqtəsi olmayacaq.
Keçmiş amerikalı kəşfiyyatçı və BMT-nin müfəttişi Skott Ritter Twitter səhifəsində yazıb: "Kiyevə təhvil verilən bütün F-16 qırıcıları bir ay ərzində vurulacaq. Bu, sizi regional əhəmiyyət kəsb edən uğursuz NATO oyununda 400 mindən çox ukraynalını qurban verməyə məcbur edən eyni insanların sizə tətbiq etdiyi təhlükəsizlik illüziyasıdır”.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, Hollandiya və Danimarkanın Ukraynaya təhvil verəcəyi F-16-lar ABŞ və NATO standartlarına görə köhnə və təhlükəli avadanlıqlardır. Ritter qeyd edib ki, 42 təyyarədən yalnız 24-ü uçuşa yararlıdır.
Xarici KİV-in yazdığına görə, Ukraynanın 8 pilotu F-16 qırıcı təyyarələri ilə təlim keçmək üçün Danimarkaya gedib.
Bildirilib ki, onlar Skrudstrupdakı aviabazada təlim keçəcəklər.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.
Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib ki, Ukraynaya “F-16” təyyarələrinin ilk partiyası ən tez 6-7 ay ərzində təhvil verilə bilər.
“F-16” təyyarələrinin texniki xidmət, təmir və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən O.Reznikov, pilotlarla yanaşı, mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu qeyd edib.
Reznikov, Ukrayna səmasında ilk “F-16”ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk “F-16”ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.
Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.
Cavid