
“Vaşinqton Zirvəsi son deyil”
9 Avqust 15:13
Avqustun 7-də Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri ikitərəfli münasibətlərin müasir gündəliyinin müəyyən edilməsi, regional məsələlərin müzakirəsi və həlli baxımından tarixi hadisə olaraq yaddaşlarda qalacaq.
Səfər, eyni zamanda, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin yeni müstəviyə ‒ strateji tərəfdaşlıq səviyyəsinə qalxması, dayanıqlı inkişaf perspektivlərinin dərin əsaslarının yaradılması, habelə Cənubi Qafqaz bölgəsində sülh gündəliyinin müəyyənləşməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Bu səfərin ən vacib siyasi-tarixi əhəmiyyəti isə öz ərazi bütövlüyünü və dövlət suverenliyini, konstitusiya quruluşunu təkbaşına bərpa edən Azərbaycan Prezidentinin qalib dövlətin lideri kimi Ağ Evdə böyük hörmət və diqqətlə qəbul edilməsi idi.
Prezident Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə isə əsrin sülh manifesti kimi dünya siyasi tarixinə yazıldı. Sənəd Cənubi Qafqazda yeni rifah və dayanıqlı sülh arxitekturasını qurmaq üçün möhkəm etimad təməli, etibar strategiyası kimi qəbul oluna bilər.
Sülh sazişinin imzalanması üçün uzun müddətdir ki, öz dəmir iradəsindən, siyasi qətiyyətindən geri çəkilməyən İlham Əliyev dünya siyasiləri, ələlxüsus da, Avropa İttifaqı və digər təsisatların inanmadığı və inanılmaz gördüklərini gerçəyə, möcüzəni həqiqətə çevirdi.
Qlobal gücün təmsilçisi Prezident Donald Trampın Azərbaycan Prezidentinə xitabən “Siz böyük lidersiniz” fikrini açıq formada səsləndirməsi də məhz dövlət başçımızın ali məqsədlərə çatmaqda möhtəşəm əzmkarlığına işarə idi. Bu, Prezident İlham Əliyevin siyasi dühasının dünyanın ən güclü və nəhəng məkanında, Ağ Evdə etirafı idi.
Bu, təkcə Cənubi Qafqaz regionunun Lideri və Xilaskarının deyil, həm də böyük bir coğrafiyanın sabitlik və rifah qurucusunun qlobal siyasi nüfuzuna və planetar zəkasına verilən ən ali dəyərdir.
Beləliklə, İlham Əliyev Cənubi Qafqazın siyasi taleyini dəyişdirir, regionu tamamilə yeni çağırışlar fonunda konfiqurasiya edir, bölgənin yeni rifah arxitekturasını qurur və bu quruculuq alyansında Ermənistan üçün açılan tükənməz qapılar 200 illik nifrət və qisas təfəkkürünü də dəfn edir.
Sülh sazişi Ermənistanın Azərbaycanla yanaşı, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsini, bütün region dövlətlərinin suverenliyinə, yurisdiksiyasına hörmət etməsini təmin etməklə, çoxəsrlik dövlətçilik vərdişinə çevrilmiş torpaq iddialarını buxovlayır.
İki dövlət arasında etimad mühiti, ikitərəfli və çoxtərəfli əlaqələrin yaranması fonunda formalaşacaq sağlam zəmin üzərində beynəlxalq rifah kommunikasiyaları da legitimliyini bərqərar edəcək.
Bu maneəsiz bağlantılar Azərbaycan Respublikası ilə Naxçıvan və Türkiyə arasında tarixi kommunikasiyanı təmin etməklə bərabər, Ermənistan üçün də yeni imkanlar yaradır, regional dəhliz və tranzitlərə qoşulmasına və inteqrasiya klublarında yer almasına səbəb olur. İrəvan Şimal-Cənub və Şərq-Qərb multibağlantılara, Orta Dəhlizə daxil olmaqla Azərbaycanın irəlilətdiyi qlobal nəqliyyat logistika potensiallardan faydalanmaq fürsəti qazanır.
İlham Əliyevin sarsılmaz iradəsinin daha bir təzahürü isə post-münaqişə və sülh quruculuğu dövründə lüzumsuz və siyasi strukturizasiyası sıradan çıxmış ATƏT-in Minsk Prosesinin və onunla bağlı təsisatların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) ləğvinə təkidlə nail olması idi ki, bununla bağlı da Azərbaycan və Ermənistan XİN rəhbərlərin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalandı.
Cənab Prezident bu möhtəşəm əzmi və dühası ilə beynəlxalq münasibətlər sistemində siyasi təşkilatlanmanı nizama və sahmana salır, yeri olmayan quruluşlara lazım olduğu yerini göstərir.
Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üçtərəfli və çoxtərəfli kommunikasiya olmaqla, Qafqaz-Asiya-Avropa nəqliyyat-logistika bloklarını əlaqələndirəcək.
Prezident İlham Əliyevin Vaşinqton Zirvəsində tarixi nailiyyətlərdən ən mühümü həmçinin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanması idi. Bu Memorandum ABŞ-Azərbaycan münasibətlərinin strateji hədəf prinsiplərinə qalxması üçün möhkəm zəmin hesab edilə bilər.
Beləliklə, İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrinin ruhuna xələlə gətirən bütün meylləri sıradan çıxarmaqla ikitərəfli münasibətlərdə tamamilə yeni şərəfli səhifə yazır. Azərbaycan və ABŞ arasında indiyə qədər iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşdıran bu “Azadlığa Dəstək Aktı”na 907-cidüzəlişin aradan qalxması dövlətlərarası iqtisadi-ticari əlaqələrin də möhkəmlənməsində yeni imkanlar açacaqdır.
Azərbaycan və ABŞ Prezidentlərinin bir-birinə yüksək hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa söykənən, Azərbaycan və Amerika xalqlarının rifahına hesablanan münasibətləri isə, eyni zamanda, dünya erməniliyinə bir mesaj, erməni lobbisinə isə maddi və mənəvi zərbə kimi qəbul edildi.
Ramid Namazov
Milli Məclisin deputatı