Qərb Türkiyəni Rusiya ilə yaxınlaşdırır Dünya

Qərb Türkiyəni Rusiya ilə yaxınlaşdırır

Küsülü qalan iki prezidentin növbəti görüşünü dünya gözləyir

Cavid

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda avqustun 9-da görüşəcəkləri bu günün aktual mövzularından biridir. Dünyanın diqqəti Türkiyə-Rusiya münasibətlərinin dəyişəcəyinə yönəlib. Bunu istəyən və istəməyən qüvvələr prosesləri nəzarətdə saxlayırlar. Prezidentlərin görüşəcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
"Türkiyə və Rusiya prezidentlərinin görüşündə Putin ilk növbədə Ərdoğandan Əsədi devirməyə dəstək verməməyi istəyəcək".
Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert Moskva və Ankaranın Suriya ilə bağlı siyasətində mühüm gedişlərə imza atılacağını və tərəflərin bundan sonra ortaq şərtlər qarşılığında hərəkət edəcəyini bildirib:"Son gedişatlar və Türkiyənin Rusiya ilə barışması fonunda Moskvanın Ankaraya yeni şərtləri olacaq. Türkiyə və Rusiya prezidentlərinin görüşündə çox ciddi hadisələr baş verəcək. Rusiya Türkiyəni ilk növbədə Suriyadakı mövcud rejimə qarşı konkret addımlar atmamağa və Əsədin devrilməsi ilə bağlı planlara dəstək verməməyə dəvət edəcək. Əlbəttə ki, Türkiyənin də Suriyada öz maraqları var. Əgər 2-3 il öncə Əsədi devirmək əsas tələb idisə, indi vəziyyət bir qədər dəyişib. Ankara da öz növbəsində Suriyadakı kürd birləşmələrini neytrallaşdırmaq üçün Moskvanın PYD-yə dəstəyi dayandırmasını əsas şərt kimi qoyacaq. Hər iki ölkənin Suriyada siyasəti bundan sonra qarşılıqlı şərtlər əsasında reallaşacaq".
"Bir sıra hadisələr hazırda Rusiya və Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafına təkan verir".
Bunu isə açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə liderləri avqust görüşündə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini təyin edəcəklər:"Liderlərin görüşündə birmənalı şəkildə iki ölkə arasında strateji tərəfdaşlığın formatı əsas müzakirə predmeti olacaq. Hazırda baş verən bir sıra siyasi proseslər Rusiya və Türkiyəni daha sıx əlaqələrə vadar edir. Qərbin Türkiyəyə qarşı sərgilədiyi mənfi baxışlar, eyni zamanda, Avropa paytaxtlarından Türkiyənin ünvanına səsləndirilən tənqidi bəyanatlar fonunda Moskva və Ankara daha da yaxınlaşacaq. Bu isə regionda müəyyən mənada stabilliyin güclənməsinə səbəb ola bilər".
Politoloq sözügedən siyasi amilin və yaranmış zəminin Qarabağ məsələsinə təsirlərindən də söz açıb:"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırda birmənalı fikir söyləmək çətin olsa da, hər halda, Rusiya son zamanlar Azərbaycana qarşı müəyyən mülayim mövqe nümayiş etdirir. Türkiyə isə müttəfiqimizdir. Bu iki gücün daha da sıx əlaqələri Qarabağ məsələsində müsbət bir amilə çevrilə bilər".